azia.az
azia.az

Valideynlər öz övladları ilə, övladlar da valideynləri ilə fəxr etməlidir

26-09-2018, 14:07

Valideynlər öz övladları ilə, övladlar da valideynləri ilə fəxr etməlidir

Azad mətbuat olaraq, cəmiyyətimizdə yaşından, peşəsindən asılı olmayaraq hər bir sahədə uğur qazanan Azərbaycan vətəndaşını, Azərbaycan övladını millətimizə tanıtmaq, təqdim etmək bizim vəzifə borcumuzdur.
Həyatımızda, cəmiyyətimizdə baş verən hadisələr müxtəlif olduğu kimi, yaşından, peşəsindən asılı olaraq verilən suallara cavablar da müxtəlifdir.
Bu vaxta qədər təqdim etdiyimiz qonaqlar içərisində alimlər, həkimlər, müəllimlər və müxtəlif peşə sahibləri olmuşdur.
Ancaq bugünkü qonağımız başqalarından fərqli olaraq nə həkimdir, nə də müəllim. Tam əminliklə inanırıq ki, gələcəkdə hər hansısa peşənin sahibi olaraq vətəninə xeyir verən, vətənini sevən 14 yaşlı yeniyetmədir.
Qonağımızı və ondan aldığımız müsahibəni olduğu kimi Sizə təqdim edirik.
İsmayıl Eldəniz oğlu Qurbanov 2004-cü ildə Ağsu rayonunda anadan olub. Xırdalan şəhərində yaşayır. Xırdalan şəhər 5 saylı məktəbin IX sinfində oxuyur. Məktəbdə fəal şagirdlərdən biridir. İdmanla da ciddi məşğul olur. Üç dəfə karate üzrə Azərbaycan çempionu, Türkiyədə Dünya kubokunun qalibi, İranda Asiya çempionu olmuşdur. Bu yaşında idmanda göstərdiyi yaxşı nəticələrə görə Azərbaycan Respublikası İdman və Gənclər İdarəsi tərəfindən “İdman ustalığına namizəd” dərəcəsinə layiq görülmüşdür.
Qonağımızın idmançı olduğu üçün idmanla bağlı suallar verəcəyimi müəyyən etmişdim. Ancaq qonağımız bildirdi ki, bir neçə ay öncə başqa bir qəzetdə idmanla əlaqədar geniş müsahibə verib, təkrarçılıq olmasın deyə başqa suallar verməyinizi xahiş etdi. Biz də bu xahişi nəzərə aldıq.
İlk növbədə biz də səni bu yaşında idmanda göstərdiyin nəticələrə görə “İdman ustalığına namizəd” dərəcəsi almağın münasibəti ilə təbrik edirik. Gələcək yarışlarda, şəxsi həyatında uğurlar arzu edirik.
Sual: - Yeniyetmə yaşında, bir çox turnirlərdə, beynəlxalq yarışlarda çempion olmusan. “İdman ustalığına namizəd” dərəcəsi almısan. Allah qoysa yəqin ki, yaxın illərdə “İdman ustası” fəxri adı almağın münasibətilə səni təbrik edə biləcəyik?
Cavab: - Mən də sizə səmimi sözləriniz və təbrikləriniz üçün təşəkkür edirəm, minnətdarlığımı bildirirəm. Sualınıza cavab olaraq bildirmək istəyirəm ki, idmanda yüksək nəticələr qazanmaq çox çətinliklə əldə olunur. “İdman ustası” olmaq üçün illərlə məşq etmək, 18 yaşından yuxarı idmançılar arasında beynəlxalq yarışlarda yüksək nəticələr qazanmaq lazımdır. İndidən bu haqda danışmaq tezdir. Zamanında hər bir məsələ öz həllini tapacaqdır.
Sual: - Sənin yaşında olan digər yeniyetmələrdən fərqli olaraq, vaxtını səmərəli keçirirsən. İdmanla məşğul olursan, hazırlıq kurslarına gedirsən. Dərslərini oxumaq, məktəbə getmək, vaxt baxımından bu işlərin hamısına necə vaxt tapırsan? Sənin üçün çətin deyil ki?
Cavab: - Mən 9-cu sinifdə oxuyuram. 3 ildən sonra orta məktəbi bitirib ali məktəbə qəbul imtahanı verəcəyəm. Bu illər ərzində yaxşı oxuyub öyrənməliyəm ki, sonra peşimançılıq çəkməyim. Bu illər mənim həyatımın ən qayğılı, səmərəli illəridir.
İdmanda da bu yeniyetmə yaşımda gərgin məşqlər etməsəm, sonrakı illərdə beynəlxalq yarışlarda yaxşı nəticə göstərə bilmərəm. Gələcəyə indidən hazırlaşmaq lazımdır.
İdmançı üçün əsas yüksəliş illəri 18 yaşından sonra başlayır. Mən də fikirləşirəm ki, bu illər ərzində nə qədər əziyyət çəkib oxusam, məşq etsəm, gələcək günlərimdə bu əziyyətimin bəhrəsini görərəm.
Sual: - Bizim üçün asan olması üçün sənə necə müraciət edək? İsmayıl Qurbanov kimdir? Şagird, idmançı, yoxsa adi bir yeniyetmə oğlan?
Cavab: - İsmayıl Qurbanov: məktəbdə müəllimlər qarşısında şagird, idman zalında, yarışlarda idmançı, evdə, ailədə valideynləri üçün övlad.
Sual: - Valideynlərin barədə danışdın. Fikrimdə bir sual yarandı: Valideynlərin səninlə bir övlad kimi fəxr edirlərmi?
Cavab: - Valideynlərimin nə düşündüyünü deyə bilmərəm. Bəlkə də, gələcəkdə məndən daha yaxşı nəticələr gözləyirlər. Bu barədə onlardan soruşmaq lazımdır.
Ancaq onu deyə bilərəm ki, övlad valideynləri ilə, valideynlər də öz yaxşı, vətənə layiqli övladları ilə fəxr etməlidir.
Əlavə olaraq bildirim ki, mən öz valideynlərimlə fəxr edirəm. Mənim atam Qarabağ müharibəsi veteranıdır, Vətənini, torpağını hər zaman sevən bir insandır. Bu mövzu ətrafında çox danışmaq olar, ancaq mənim bu barədə danışmağa hələ yaşım çatmaz. Allah qoysa gələcəkdə bu barədə qismət olsa danışarıq.
Yadıma böyüklərimdən eşitdiyim bir məsləhət düşdü: Hər bir övlad valideynin qüruru, şərəfidir. Yaxşı övlad valideynlərin başını uca, fərsiz övlad isə valideynlərin başını hər zaman aşağı edər. Mən də çalışıram ki, hər zaman valideynlərinin başını uca edən övladlardan olum.
Sual: - Gələcək həyatında istəyinə çatmaq üçün insan nə etməlidir? Özünə, öz gücünə inanmalı, yoxsa kimlərinsə köməyindən istifadə etməlidir?
Cavab: - İnsan həyatda ilk addımlarını atanda kimlərinsə köməyindən istifadə etməlidir. Heç kəs deyə bilməz ki, həyatda bütün uğurlara öz gücü hesabına nail olub, bu bir qədər düzgün olmaz. Ancaq böyüyüb inkişaf etdikdən, həyatda öz yerini tapdıqdan sonra çalışıb öz gücünə inanaraq, mübarizəni aparmalısan.
Sual: - İnanmaq deyəndə yenə fikrimdə yeni sual yarandı. Bəlkə də sənin yaşına uyğun deyil, ancaq maraq üçün sənin fikrini bilmək istərdim. Bu həyatda kimlərə inanırsan, etibar edirsən və kimlərin məsləhətinə qulaq asırsan?
Cavab: - Mənim ən inandığım, etibar etdiyim insanlar atam və anamdır. Yaşım az olduğu üçün hələ ki, başqa insanların etibarını, inamını yoxlamamışam. Gələcəkdə bu barədə bir söz deyərəm. Ancaq maraqlı olması üçün atamdan eşitdiyim bir fikri demək istəyirəm.
Bu həyatda üç etibarlı varlıq vardır. Bu üç varlıq hər bir insan üçün eynidir.
Birinci Allahdır - insanı yaradan.
İkinci kitabdır - insanı yaşadan (nə qədər çox kitab oxusan elmin, savadın artar, elmli, savadlı insan hər zaman yaşayar).
Üçüncü torpaqdır - insanı qoruyan (bu torpaqda yaşayırsan, yaradırsan, dünyanı dəyişəndə də, səni öz qoynuna alaraq əbədi qoruyur).
Bu fikirlərə əlavə olaraq mən öz fikrimi bildirmək istəyirəm. Doğrudan da çox maraqlı, məntiqli fikirlərdir. Ancaq etibarlı varlıq olaraq mən “Ana”nı da qeyd edərdim. “Ana” da çox müqəddəs varlıqdır. Məsləhət almaq barədə onu da demək istəyirəm ki, həyatda təcrübəm az olduğu üçün, çətin anlarımda, məktəbdə müəllimlərimdən, evdə valideynlərimdən hər zaman məsləhət alıram. Ümumiyyətlə, çalışıram ki, hər zaman özümdən böyüklərin ağıllı məsləhətlərini eşidim.
Sual: - Məktəbli, şagird, idmançı olaraq öz yaşıdlarına nə demək istərdin?
Cavab: - Demək istədiklərimi sualların cavablarında demişəm. Hamısından xahiş edirəm ki, vaxtları, imkanları olarsa, bu müsahibəni oxusunlar.

P.S. Mən də jurnalist olaraq bugünkü qonağımızla söhbətimiz çox maraqlı keçdiyini düşünürəm. Düşünürəm ki, suallar və suallara verilən cavablar hər bir oxucu üçün maraqlı olacaqdır. Biz də çalışdıq ki, seçdiyimiz suallar əsasında idman, vətən, torpaq, elm, təhsil və başqa mövzular ətrafında öz fikirlərimizi, qonağımızın fikirlərini sizinlə bölüşək.
Müsahibimizə suallarımız hələ çox idi, ancaq bugünkü müsahibə üçün bu qədər yetərli olduğunu bildirdi. Allah qoysa, ardını növbəti görüşümüzə saxladıq.
Müsahibəmizin sonunda biz də hər bir Azərbaycan övladına tutduğu düzgün yolda uğurlar arzulayırıq. İsmayıl övladımızın dediyi kimi - hər bir valideynin öz övladı ilə hər zaman fəxr etməsini arzulayırıq.
Aybəniz Dəniz


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi