azia.az
azia.az

ELMAN MİRZƏYEV - 70

7-10-2018, 08:16


YUBİLEY YAŞINIZ MÜBARƏK!

Çox dəyərli ziyalımız, təəssübkeş eloğlumuz, 26 ildir ki, Laçın həsrətilə yaşayan, uşaqlığının, gəncliyinin ən gözəl çağlarını keçirdiyi o dogma dağlara qayıdacağına ümidini heç vaxt itirməyən Elman Mirzəyevin (Elman Elsevər) doğum günüdür. Düşünürük ki, Elman müəllimi şair kimi, jurnalist kimi təqdim etməyə ehtiyac yoxdur. Onun bənzərsiz şeirlərini, sanki canlı həyatın rəsmini çəkən publisistik yazılarını sözə dəyər verməyi bacaran oxucularımız yaxşı xatırlayırlar.

Əlbəttə, Elman müəllim təkcə istedadlı şair-publisist, peşəkar jurnalist deyil. Ən əsası nümunəvi ailə başçısı, qayğıkeş ata, sevimli babadır.
Ən böyük niskili Qarabağsız, Laçınsız yaşamağa məhkum edilməsi, ən böyük arzusu isə bu niskilə son qoyulmasıdır. Allah qismət eləsin inşallah!
Elman müəllim, doğum gününüz mübarək! Ad günlərnizi dogma Laçınımızda qeyd eləmək qismətiniz olsun!

Elman İsaq oğlu Mirzəyev 1948-ci il oktyabrın 3-də Laçın şəhərində ziyalı ailəsində anadan olub. İlk şeiri 1965-ci ilin noyabr ayında “Kənd həyatı” qəzetində çap olunub.

1966-cı ildə Laçın şəhər 1 saylı orta məktəbini bitirmiş, Laçın internat məktəbində kitabxanaçı işləmişdir. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinə daxil olmuşdur.

Tələbəlik illərində, eləcə də universiteti bitirdikdən sonra "Kommunist", “Sovet kəndi”, “Bakı”, “Azərbaycan gəncləri”, ”Bakinskiy raboçi”, Kənd həyatı, ”Vışka”, ”Molodyoj Azerbaydjana” qəzetlərində və “Kirpi”, “Azərbaycan”, “Ulduz” jurnallarında işıq üzü görən bədii, publisistik yazıları həmişə bənzərsizliyi ilə diqqət çəkib. Oçerk və hekayələri dəfələrlə Azərbaycan Dövlət Radiosunda keçirilən müsabiqələrdə qalib gəlib.

1980-ci ildə SSRİ Jurnalistlər İttifaqına qəbul edilib və həmin ildən 1991-ci ilədək Azərbaycan Jurnalistlər İttifaqının Laçın rayon təşkilatının katibi olub. İki dəfə Azərbaycan Jurnalistlərinin qurultayında rəyasət heyətinə üzv seçilib.

Bir müddət Maarif nazirliyinin nəşriyyatında korrektor, Laçın Rayon Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri işləmişdir. Hərbi xidmətdən sonra Şuşa şəhərindəki Şuşa qəzetində kənd təsərrüfatı şöbəsinin 3 il müdiri olmuşdur. Elman müəllim sonrakı illərdə Azərbaycan Dövlət Teleradio şirkətində jurnalist və ssenarist kimi fəaliyyət göstərmişdir.

Müxtəlif illərdə Laçın qəzetində şöbə müdiri, məsul katib, redaktor müavini vəzifələrində çalışmışdır. Sonralar Laçın rayon Audit şöbəsinin rəisi və digər işlərdə çalışıb.

Arif Məmmədli


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi