azia.az
azia.az

Putinin dedikləri RUSİYADA YAŞAYAN AZƏRBAYCANLILARI qorxuya saldı

23-11-2024, 09:25

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putinin dünən xalqa müraciətindən sonra Rusiyada aviabiletlər kəskin bahalaşıb. 2022-ci ildə məcburi səfərbərlikdən sonra da eyni hal yaşanmışdı.

İnsanlar müharibədə ölməmək üçün daha təhlükəsiz və əlçatmayan yerlərə qaçır. Ruslar Ukraynaya hücum etdiyinə görə Putini dəstəkləsələr də gedib bu savaşda ölmək istəmirlər. Ona görə də bu cür vəziyyətlərdə aradan çıxmağa üstünlük verirlər.

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Rusiyanın son günlər Ukraynanı kütləvi raket zərbələri ilə atəşə tutması, Dnepr şəhərini ballistik raketlərlə hədəfə alması müharibədə eskalasiyanı ciddi formada artırdı:

“Artıq savaş özünün ən yeni və qanlı mərhələsinə keçdi. Bu, Ukrayna, Rusiya və dünyada ciddi narahatlıqlar, təşviş, qorxu hissi yaratmaqdadır. Vladimir Putinin dünənki açıqlamaları da göstərdi ki, rəsmi Moskva hər hansı güzəştə getmək niyyətində deyil. Qərblə qarşıdurmaya hazır olduğunu göstərməyə çalışır. Putinin çıxışından aydın olur ki, Kreml NATO ilə açıq münaqişəyə girməyə hazırdır. Rusiya vətəndaşları arasında bu proses ciddi qorxu yaradır. Ona görə də savaşın başladığı ilk anlarda olduğu kimi əhali savaşın yeni mərhələsində qırğınların daha kütləvi olacağını, mülki obyektlərin də hədəfə alınacağını anlayır. Bu səbəbdən mümkün qədər təhlükəsiz yerlərə gedərək canlarını qurtarmağa çalışırlar. Rusiya daxilində Ukraynaya hədəf məsafəsində olan ərazilərdən insanların bu və ya digər formada köçü, yerdəyişməsi olacağı istisna deyil. Hazırda Rusiya sözügedən hadisələrə hazırlıqlıdır. Ona görə ölkədən çıxışlarla bağlı müəyyən məhdudiyyətlərdə gətirilə bilər”.

Politoloq bir müddət öncə Rusiyada yaşayan azərbaycanlı əmək miqrantlarının müharibənin qlobal hal alması fonunda məcburən Ukrayna ilə müharibəyə aparılacağı haqqında yayılan xəbərlərin hazırda real olub-olmayacağına da aydınlıq gətirib:



 
Oqtay Qasımov

“Rusiya-Ukrayna müharibəsi başlayandan bir müddət sonra Rusiya Moskva, Peterburq daxil olmaqla iri şəhərlərdə yaşayan əhalini, əsgərlik yaşına çatmış gəncləri savaşa cəlb etməmək variantına üstünlük verirdi. Cəbhəyə aparılanlar daha çox Şimali Qafqaz ərazisindən müsəlman xalqları və ucqar ərazilərdən olan muzdlular idi. Lakin savaşda canlı qüvvə itkilərinin çox olmasından məcburən digər variantlara da əl atıldı.

Ukrayna müharibəsinin ilk vaxtlarında Rusiyanın o zamankı müdafiə naziri Sergey Şoyqu Putinə raport verərək bildirdi ki, Suriya, eləcə də Yaxın və Orta Şərqdən 16 min könüllü savaşa qatılmaq üçün müraciət edib. Onların müharibədə iştirakları təmin olunacaq. Bundan başqa Rusiya daxilindəki müxtəlif Federasiya subyektlərindən müdafiə batalyonları adı ilə toplanan pullu şəxslərin cəlb edilməsi ilə bərabər, orada yaşayan miqrantları maaşla savaşa aparırdılar. Sonradan prosesdə nisbətən ləngimələr baş verdiyindən və canlı qüvvə çatışmazlığından Şimali Koreyadan təxminən 12 minə yaxın hərbçi münaqişəyə qoşuldu. Kursk döyüşlərində də onlardan istifadə olunur”.

Oqtay Qasımov qeyd edib ki, son Krokus Holl təxribatından sonra Rusiyada miqrantlara olan mənfi münasibət daha da kəskinləşib:

“Onların sırasında xüsusilə də soydaşlarımıza qarşı aparılan müəyyən təzyiq kampaniyaları da diqqətdən qaçmır. Rusiyada yaşayan azərbaycanlıların savaşa cəlb olunması hallarının şahidi olmuşuq. Bundan sonra da gərginliyin artması, canlı itkilərin çoxalması fonunda Rusiya müxtəlif variantlara əl ata, o cümlədən miqrantların zorla savaşa göndərilməsi prosesini həyata keçirə bilər. Rusiyada yaşayan təxminən 3 milyona yaxın soydaşımızın əksəriyyəti özünü təhlükəsiz vəziyyətdə hiss etmir. Onların bir qisminin ölkəyə qayıdacağı ehtimalı da yüksəkdir. Birdən-birə yüz minlərlə insanın Azərbaycana qayıtması ciddi sosial, iqtisadi və psixoloji gərginliyə səbəb ola bilər. Bu arzuolunmazdır”.  


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi