İlham Əliyev Azərbaycanı siyasi dar ağacından xilas etdi... – Cümşüd Nuriyev
Siyasi elmlər doktoru, poitoloq Cümşüd Nuriyevlə hafta.az-a müsahibəsini təqdim edir:
-Cümşüd bəy, artıq Rusiyanın Ukraynaya hərbi təcavüzünün başlanmasından 40 gün dən çox vaxt ötdü. Bu iki ölkə arasında savaş meydanındakı durumu necə dəyərləndirirsiz?
-Müharibənin ilk 30 günündə Ukrayna, demək olar ki, siyasi qələbə çalmışdı, amma hərbi və iqtisadi cəhətdən qələbəsi yox idi. Rusiya da yarımhərbi qələbə çalsa da, siyasi və iqtisadi qələbəsi yox idi. Lakin son 10 günlükdə balans dəyişməkdədir. Ukrayna əldə etdiyi siyasi qələbəni yavaş-yavaş itirir. Belə ki, ukrayınlar əvvəlcə informasiya savaşını düzgün apardılar. Təəssüf ki, sonra daha çox sosial şəbəkədə feyk-xəbərlər yerləşdirməklə məşğul olmağa başladılar və tədricən buna aludə oldular. Və bu aludəçilik bir növ Ukraynanı əsas məqsəddən yayındırdı. Hal-hazırda Ukrayna umduqlarını əldə edə bilməyib. Nəticədə bu ölkə həm ABŞ, həm də Avropanın siyasi qurbanına çevrilib. Çünki bunlar tərəfindən Ukrayna rəhbərliyinə verilmiş heç bir söz tutulmadı. Zelenski gərək Rusiya rəhbəri Putinlə danışıqlara öncədən rəsmən cəhd edə idi. O, yalnız aprelin 5-də həmin danışıqlara hazırlaşmaq haqda göstəriş verib. Halbuki, bunu savaşın ilk həftəsində etmək lazım idi ki, Rusiyanın aqressivliyini ortaya qoysunlar. Amma görünən odur ki, ABŞ və Britaniyanın maraqlarına uyğun gəlmədiyinə görə bir növ Ukraynanı arxayın saldılar. Ukrayna da elə düşündü ki, Avropa, NATO hər vasitə ilə onun yanında olacaq. İndi də tamam başqa istiqamətdə gedirlər. Bu yandan Zelenski rəsmən danışıqlara getmək üçün qərar imzalayır, digər yandan isə xarici işlər naziri Kuleba NATO ölkələrinə ünvanlanan bəyanat verir ki, bizə çoxlu tank, top, raket, təyyarə verin ki, Rusiya ilə savaş aparaq... Axı Rusiyanın Kiyev ətrafından çəkilməsi, sadəcə, taktiki gediş idi. Çünki Rusiya hərbi məğlubiyyətə uğrayıb. Bu saat Putinə Kiyevi ələ keçirmək o qədər də ehtiyac deyil. Hələlik Xarkova da dəyməyəcəklər. Rusiyanın əsas məqsədi Donetsk və Luqansk vilayətlərini inzibati sərhədlərinədək tam ələ keçirmək və Mariopolu tam işğal etməklə Krıma gedən quru yolu nəzarətə götürməkdir. Bundan sonra eyni zamanda Ukraynanın Azov dənizinə çıxışı da tamamilə qapanır. Və bu sürünən müharibədə Putinin növbəti hədəfi Odessa və Nikolayev şəhərləri olacaq. Həmin şəhərləri ələ keçirməklə Rusiya Ukraynanın Qara dənizə də çıxışını bağlayacaq. Və nəticədə Ukrayna dəniz ölkəsi olmaqdan məhrum ediləcək və bu baxımdan Moldova və Belarusla eyni səviyyəyə düşəcək. Düşünürəm ki, Putin daha sonra Xarkovu da ələ keçirməyi planlaşdırır. Çünki Xarkov Ukraynanın sənaye şəhəri, həm də “ürəyi”dir. Ondan sonra Dnepr çayına çıxacaqlar. Həmin çayın o üzü isə Moskva üçün o qədər də əhəmiyyətli deyil. Çünki Ukraynanın sənaye və kənd təsərrüfatı xəzinələri əsasən Şərqi Ukraynadadır...
-Dediklərinizdən belə çıxır ki, siz hazırkı Ukrayna rəhbərliyinin Rusiya təcavüzünə qarşı siyasətini qəbul etmirsiz?
-Bəli, açığını deyim ki, belədir. Ola bilər ki, mən yanlış olum. Amma məsələ ondadır ki, yalnız ruhla, emosional çıxışlarla dövləti idarə etmək olmaz. Zelenskinin komandası dövləti “tik-tok” uşaqları kimi idarə edirlər. Dövlətin maraqları o yanda qalıb; Zelenski bunu dedi, onu dedi, filan müsahibəni verdi. Nə olsun? Azərbaycan bunu 1992-ci ildə yaşayıb. Bu, bizim başımıza gəlib. Biz də Çindən Təbrizədək hər yeri alırdıq, əvəzində Qarabağı itirdik və 30 il bunun zülmünü çəkdik... Bəzəkli-düzəkli, populist çıxışlar dövlətin idarəçiliyi üçün düzgün metod deyil. Makiavelli deyir ki, bütün hallarda dövlətin hakimiyyətin əlində saxlanılması ən gözəl variantdır. Yəni güclə, hiylə ilə olsun, səni qoy lap axmaq saysınlar, amma sən dövlətin maraqlarına xidmət edərək onu qorumalısan. Lakin Ukraynada dövlət maraqları bir yanda qalıb, Zelenski serialdakı kimi hərəkət edir. Dövlət idarəçiliyi şou deyil axı...
Bir sözlə, bizim 1992-ci ildə yaşadığımızı bu gün Ukrayna yaşayır. Özü də çox ağır vəziyyətdə... Hazırda müharibə hər gün Ukraynaya, azı, 5-6 milyard dollar ziyan dəyir. Belə getsə, bu dövlət bir neçə aydan sonra iqtisadi cəhətdən çökəcək. Axı Ukrayna taxıl və bitki yağı ixracına görə dünyada birinci üçlükdə idi... Rusiya bu il də olmasa, gələn il Ukraynada ələ keçirdiyi ərazilərdən istifadə etməyə başlayacaq. Necə ki, Ermənistan 30 ilə yaxın müddətdə öz büdcə gəlirlərinin 30-35 faizini işğal etdiyi Azərbaycan torpaqlarından əldə edirdi. İndi də Ukraynanın işğal edilmiş torpaqlarının bütün yeraltı və yerüstü sərvətləri Rusiyaya qalacaq...
Bütün bunları təhlil etdikdə görürük ki, vəziyyət get-gedə Moskvanın maraqlarına uyğun formalaşır. Hələ deməzdim ki, Rusiya artıq qələbə çalır, amma tədricən hər şey onun maraqlarına uyğunlaşır... Hal-hazırda Rusiya-Ukrayna savaşında pat vəziyyətidir; qalib yoxdur, hər iki ölkə məğlub vəziyyətdədir...
- Rusiyanın iqtisadiyyatı da Qərbin kəskin sanksiyaları altında çökür. O, bu durumdan necə çıxacaq?
-Düzdür, Putin beynəlxalq səviyyədə siyasi cəhətdən ölü sayılır. Hazırda Rusiyanı xilas edən yeganə amil bu dövlətin BMT Təhlükəsizllik Şurasının üzvü olmasıdır. Çünki Moskva bundan həmin qurumun Rusiya əleyhinə qərarlarına veto qoymaq üçün istifadə edir. Bununla belə, Rusiya Ukraynaya hücumdan sonra baş verəcək bütün hallara hazırlaşıb. Çoxlarına elə gəlir ki, Rusiya tezliklə çökəcək. Mən Rusiyanın tərəfdarı deyiləm. Amma hesab edirəm ki, yaxın ən azı 2-3 il ərzində bu ölkə çökməyəcək... Çünki BRİKS təşkilatı var. Çin və Hindistan da həmin təşkilatın üzvüdür. Bunlar Rusiya ilə birlikdə dünya iqtisadiyyatında yeni favorit dövlətlərdir. Rusiya öz neft və qazını BRİKS dövlətlərinə satmağa başlayıb. Artıq Hindistan Rusiya neftini 55 dollara alır. Çin isə daha çevik oyun qurub: Rusiya neftini cəmi 45 dollara istəyir. Moskvanın da bununla razılaşmamağa imkanı yoxdur. Çünki o boyda nefti yığıb saxlamayacaq ki... Kreml Avropaya qazın hər min kubmetrini 4 min dollara satır. Amma Çin eyni qazı Rusiyadan 1200 dollara istəyir. Və Moskva qazını da belə ucuz qiymətə satmağa məcburdur. Bu müddət ərzində ən çox qazanan dövlətlər arasında Çin və Hindistan da olacaq. Onlar ABŞ-ı da, Avropa İttifaqını da dövriyyədən çıxaracaqlar...
Və belə görürəm ki, Baydenin Putinə qarşı sərt danışıqları boş şeylərdir. O, Ukrayna ilə bağlı Putinlə gizli şəkildə razılaşıb. Putinə ilk növbədə hakimiyyətini qorumaq lazım idi. Bunun üçün xalqı hansısa vasitə ilə öz ətrafında birləşməyə məcbur etməli və daxili problemləri gündəmdən çıxarmalı idi...
Qərbin sanksiyaları altında isə Rusiya öz iqtisadiyyatını inkişaf etdirməyə məcbur olacaq. İran da 43 ildir ABŞ və Avropanın sanksiyaları altındadır. Amma, nə olsun, müəyyən yollar tapıb dövlətçiliyini qoruya bilir.... Bir sözlə, Yeni Dünya Düzənini hal-hazırda ABŞ-la Rusiyanın, yəni Putinlə Baydenin gizli sövdələşməsi formalaşdırır. ABŞ özünün istədiyini əldə edir. Öz qazını almağa Avropanı razı saldı. Eyni zamanda Rusiyanın Ukraynaya hücum etməsi vasitəsilə Avropanı öz silah və texnikasını almağa vadar etdi. Necə ki, quzuya canavar göstərirlər. Avropaya da Rusiyanı göstərdilər... Odur ki, Avropa ölkələrini müdafiə xərclərini ümumi daxili məhsulun 2 faizinə qaldırdı. Bundan sonra ABŞ Avropaya hər il orta hesabla 350 milyardlıq silah satacaq...
ABŞ-da da hərbi sənaye kompleksi və silah tacirləri güclü nüfuza malikdir. Və əsasən demokratları himayə edirlər. Baydeni də hakimiyyətə onlar gətirib. Hər dəfə demokratlar hakimiyyətə gələn kimi ABŞ silah ticarətinin coğrafiyasını genişləndirməkdən ötrü haradasa bir müharibə törətməyə çalışır. Bu dəfə də Putin onların bu oyunu ilə razılaşdı və Ukraynaya hücum etdi....
-Deməli, belə hesab edirsiz ki, sonda bu sürünən müharibədə Ukraynanın Rusiyaya uduzması qaçılmazdır?
- Hər halda olayların gedişini təhlil edəndə belə görsənir... Bilirsiz, Ukrayna tərəfi hər gün fəxrlə Rusiya ordusunun itkilərini açıqlayır. Məsələn, bu günlər Putin ordusunun itkiləri 19 minə yaxınlaşıb. Hə, nə olsun? Bu, 146 milyonluq əhalisi, ümumilikdə 1 milyon 200 minə yaxın silahlı qüvvəsi olan Rusiya üçün kiçik rəqəmdir. İstənilən savaşda əsgər heyətinin 12-17 faizi sıradan çıxırsa, bu, normal sayılır. Hal-hazırda isə Rusiyanın Ukraynadakı əsgər ölümü onun ümumi ordu sayı ilə müqayisədə heç 5 faiz də eləmir. Lap bundan sonra 30 min ölsə də, 5 faizə çatmır...
Əvəzində Ukraynanın, demək olar ki, hərbi infrastrukturu qalmayıb. Aerodromları, hərbi zavodlarının çoxu məhv olub. Və artıq əlavə resursları da yoxdur. Yəni Ukrayna 5-6 şoumenin idarəçiliyində çox pis duruma düşüb. Onların səviyyəsiz idarəçiliyi, əksinə, Rusiyaya yeni blanş-kart verdi, onun iştahasını artırdı... Və bundan sonra Kremlin iştahası daha da böyüyəcək... Artıq Cənubi Osetiya Rusiyaya birləşməkdən danışır. Aprelin 10-da belə bir qərar verəcəkləri gözlənilir... Heç kəsin zəmanəti yoxdur ki, sabah Abxaziya, eləcə də Moldovanın Dnestryanısı da Moskvanın himayəsinə keçməyəcək... Bundan sonra Latviyanı da bitirəcəklər ki, Rusiyanın Kalininqrada quru yolu olsun...
-Söylədiklərinizdən belə nəticə hasil olur ki, bu gedişlə Putin özünün sərsəm “SSRİ-2” layihəsini, müvəqqəti və yarımçıq olsa da, həyata keçirə biləcək. Bəs, sizcə, belə bir durumda Azərbaycan nə etməlidir? Rusiyadan gələn növbəti işğal təhlükəsinə qarşı hansı önləyici tədbirləri görməlidir?
-Əvvəla, Türkiyənin Ukrayna savaşına münasibətdə nə ABŞ-ın, nə Rusiyanın oyunlarına getməyərək həm Kiyev, həm Moskva ilə münasibətləri qoruyub saxlamaq mövqeyi Azərbaycana da bir növ növbəti bir dayaq, blanş-kart verdi. Yəni Azərbaycan da təxminən eyni siyasəti yürüdür. İkincisi də, fevralın 22-də İlham Əliyevin Moskvada imzaladığı 43 bəndlik Rusiya ilə ikitərəfli qarşılıqlı əməkdaşlıq haqda müttəfiqlik bəyannaməsi Azərbaycan üçün Rusiya tərəfdən gələn təhlükələrin qarantıdır. Bununla İlham Əliyev Azərbaycanı siyasi dar ağacından xilas etdi... Bu, faktdır. Moskva bəyannaməsinin 9-19-cu bəndlərində sırf hərbi əməkdaşlıqdan söhbət gedir. Belə bir əməkdaşlıq olan bir şəraitdə Rusiyanın Azərbaycan ərazisində hər hansı bir bəhanə ilə əməliyyat aparmaq niyyəti də neytrallaşır... Və məhz həmin Moskva bəyannaməsinin gücüdür ki, Azərbaycan ordusu bu günlərdə Rusiya sülhməramlı kontingentinin nəzarəti altında olan strateji Fərrux dağını götürdü... Başqa vaxtı Azərbaycan hərbçiləri həmin mövqeni ələ keçirsəydi, Rusiya hərbçiləri sakitcə baxardımı?..
-Cümşüd bəy, axı tarixdən də gözəl bilirik ki, son bir neçə əsr boyu Rusiya imperiyası Azərbayacanla, ayrı-ayrı xanlıqlarımızla bağladığı sazişləri dəfələrlə tapdayaraq öz imperialist iddialarını həyata keçirib... Bu baxımdan, yəqin ki, heç Moskva bəyannaməsinə də etibar yoxdur. Odur ki, bəlkə Azərbaycan üçün Moskva tərəfdən real təhlükə yaranarsa, biz Şuşa bəyannaməsindən yararlanaraq Türkiyə ordusunu ölkəmizə dəvət edək?
-Doğrudur, istənilən vaxt Rusiyanın yeni müstəmləkə əldə etmək iştahası güclənir və dediyiniz kimi, məqamı gələndə Kreml rəhbərliyi heç bir sazişə-filana baxmır. Artıq gələn il 300 il olacaq ki, Rusiya Azərbaycanın torpaqlarına göz dikib və dəfələrlə xalqımızı işğallara, qırğınlara məruz qoyub. Həmin müddət ərzində bu imperiya Azərbaycana hansı xeyri gətirib ki? Yalnız ağıllı siyasi-diplomatik addımlar atmaqla Moskvadan gələn təhlükələrdən qurtula bilərik...
Və bilirsiz ki, Azərbaycanda qəbul olunmuş qanunlara görə bizim ərazimizə hər hansı bir dövlətin hərbi bazası, obyekti yerləşdirilə bilməz. Eləcə də Azərbaycan ərazisindən hansısa digər dövlətə qarşı plasdarm kimi istifadə olunmamalıdır. Bu mənada həmin qanun dəyişmədiyindən biz açıq şəkildə Türkiyə ordusunu çağırıb burada yerləşdirə bilmərik. Amma hökm deyil ki, Türkiyənin burada bazası olsun. İndi elə bir dövrdür ki, quru qoşunlarının harasa yeridilməsi üçün həftələrlə gözləməyə ehtiyac yoxdur. Ötən il Türkiyədə dəhşətli genişmiqyaslı yanğınlar olanda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin birləşmələri qısa müddətdən sonra türk qardaşlarımızın yardımına yetişdi. Bu baxımdan hesab edirəm ki, müstəqiliyimizə, ərazi bütövlüyümüzə qarşı hər hansı bir real təhlükə baş verərsə, anındaca Türkiyə öz ordusuyla yanımızda olar... Bizə də hücum etsə, ancaq nə vaxtsa özünə gələcəyi halda Ermənistan edə bilər. Rusiya o ağlın yiyəsi deyil ki, belə bir axmaq addım atsın...
Mənbə:My Webpage