azia.az
azia.az

"MTN işi": Seçkilər ərəfəsində keçirilən kəşfiyyat əməliyyatları üzrə sənədlər məhv edilib

13-05-2017, 11:59

"MTN işi": Seçkilər ərəfəsində keçirilən kəşfiyyat əməliyyatları üzrə sənədlər məhv edilib


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzində “Qütb gecəsi” və “Şimal küləyi” Əks- Kəşfıyyat Əməliyyatları işi üzrə sənədlərin məhv edildiyi məlum olub.

APA-nın məlumatına görə, bu barədə nazirliyin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işinin materiallarında qeyd olunub.

Belə ki, nazirliyin Maliyyə İdarəsinin hesablamalarında adları keçən bir çox etibarlı şəxslər barəsində “Qütb gecəsi” Əks- Kəşfıyyat Əməliyyatları işi üzrə məlumat almaq mümkün olmayıb. Məlum olub ki, 2013-cü ilin prezident seçkiləri ərəfəsində “destruktiv qüvvələr mövqeyindən Azərbaycana qarşı aparılan mümkün təxribat-pozuculuq əməllərinin aşkarlanması, qarşısının alınması, sənədləşdirilməsi, düşmənə dezinformasiyasının ötürülməsi və əməliyyat oyunlarının aparılması məqsədilə” 2011-ci ildə 25 saylı “Şimal küləyi” Əks- Kəşfiyyat Əməliyyatları işi açılıb. Lakin 2013-cü ilin dekabr aynda sabiq nazir Eldar Mahmudovun sanksiyası ilə iş bağlanıb və bütün materiallar məhv edilib. Antiterror Mərkəzinin 1-ci İdarəsinin rəis müavini, polkovnik- leytenant A. Məcidov bu iş üzrə də ayrılmış vəsaiti mərkəzin rəis müavini İlqar Əliyevə təqdim etdiyini bildirib, mahiyyəti üzrə nazirliyin rəhbərliyinin adına raportla müraciət edib.

Raportun təhlili göstərir ki, “Şimal küləyi” Əks- Kəşfıyyat Əməliyyatları işi çərçivəsində 3.791.235 manat, 253.500 ABŞ dolları məbləğində vəsait xərclənib.

Bundan əlavə, ittiham aktında qeyd edilib ki, Elçin Quliyevin xüsusi xərclər smetasına ayrılmış külli miqdarda pul vəsaitlərini mənimsəməsi ona məxsus avtomobildən tapılan məxfi sənədlərlə sübuta yetirilib. Belə ki, ona məxsus “Mercedes Benz GL” markalı 90-TT-757 dövlət qeydiyyat nişanlı avtomobilə 25 dekabr 2015-ci il tarixdə keçirilmiş baxış zamanı +47 səhifədən ibarət tam məxfi sənədlər qovluğu aşkar edilib.

İstintaq orqanı belə qənaətə gəlib ki, Elçin Quliyevin 25 noyabr 2015-ci il tarixli əmrlə Antiterror Mərkəzinin rəisi vəzifəsindən azad olunaraq başqa vəzifəyə təyin olunmasına baxmayaraq, Antiterror Mərkəzinin icraatında olmuş qeyd edilən materialı müvafiq qaydada təhvil verməyərək özündə saxlaması, həmçinin yuxarıda qeyd olunan ifadələrdə göstərildiyi kimi, bu tipli sənədləri gizlətməyə cəhd etməsi onun bu və ya digər məxfi materiallar üzrə sənədləşmənin şəxsi maraqlarına uyğun şəkildə sərəncam vermə iqtidarında olmasına dəlalət edir: “Bununla yanaşı, istintaq zamanı həmin materialın məxfi qrifli olmasını nəzərə alaraq Elçin Quliyevin qeyd edilən əməlinə hüquqi qiymət verilməsi məqsədilə aşkar edilərək götürülmüş materiallar Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib. Hazıradək bu istiqamətdə müvafiq tədbirlər davam etdirilir. Göstərilən səbəbdən Elçin Quliyevin qanunsuz olaraq məxfi materialı özündə saxlaması ilə bağlı əməlləri üzrə istintaq davam etdirilməlidir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi