azia.az
azia.az

Eldar Mahmudovu ən yaxın adamı satdı

4-11-2016, 10:17

Eldar Mahmudovu ən yaxın adamı satdı
“MTN şefi”nin müavininin şok ifadəsi yayıldı; Hilal Əsədovun dediklərindən aydın olur ki, Akif Çovdarovun dəstəsini birbaşa nazir himayə edib; “Eldar Mahmudov şifahi tapşırıq verirdi”...

“MTN işi” üzrə ilk günlərdən adı Akif Çovdarovla (ləğv edilmiş Milli Təhlükəsizlik nazirliyinin idarə rəisi olub, hazırda həbsdədir) qoşa çəkilən, lakin bugünədək azadlıqda qalmağı bacaran Hilal Əsədovun (sabiq nazir Eldar Mahmudovun müavini olub) istintaqa verdiyi sensasion ifadəsi üzə çıxıb.

Yayılmış ifadədən belə aydın olur ki, general Hilal Əsədov keçmiş şefi Eldar Mahmudovun cinayətləri haqda istintaqçıların dili ilə desək, “səmimi ifadə” verib. Elə onun azadlıqda qalmasının sirrinin də bu olduğu şübhəsizdir. Lent.az generalın istintaqa verdiyi ifadənin tam mətnini əldə edib.

H.Əsədov ifadəsində “sandığı açıb, pambığı töküb”


General istintaqçıların qarşısına qoyduqları kağızlara yazıb ki, 2004-cü ildə MTN-də işə başlayıb. Nazirlikdə ilk vəzifəsi mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsində müşavir olub. 3 ay sonra nazirliyin Antiterror Mərkəzinə rəis təyin edilib. 2005-ci ildən sonra Eldar Mahmudov Hilal Əsədovu özünə müavin təyin edib. Hilal Əsədov ifadəsində bildirir ki, birbaşa nazir Eldar Mahmudovun şifahi tapşırığı ilə 2005-2009-cu illərdə nazirliyin Antiterror Mərkəzinə, 2011-ci ildən sonra həm də Əks-kəşfiyyat Baş İdarəsinin işlərinə nəzarət edib. O, nəzarətində olan idarə və mərkəzin fəaliyyəti çərçivəsində tədbirləri, məlumatları Eldar Mahmudova məruzə edib.


“Eldar Mahmudov dedi ki, halallıqla bazarı alın”

Sabiq nazir müavininin əhali arasında “Vosmoy bazarı” kimi tanınan meyvə-tərəvəz bazarının MTN əməkdaşları tərəfindən ələ keçirilməsi epizodu üzrə çox ilginc detalları ortaya qoyub. Onun ifadəsini ittiham aktına köçürüb, Eldar Mahmudovu özgəsinin əmlakını zorla ələ keçirilməsinə tapşırıq verdiyinə görə həbs etmək olar.

H.Əsədov ifadəsində cinayət işində bu iş üzrə zərərçəkmiş kimi tanınan əslən Cəlilabad rayonundan olan Salman, Cəfər, Səfər və Qəhrəman Səfərov qardaşlarının heç birini tanımadığını, onları görmədiyini deyib: “Onların sabiq iqtisadi inkişaf naziri olmuş Fərhad Əliyevin yaxın adamları olduğunu bilirdim. 2005-ci il idi. Akif Çovdarov yanıma gəldi. Dedi, Çingiz Əsədov adlı şəxs Səfərov qardaşlarından şikayət edir. Ç.Əsədov bildirmişdi ki, Səfərov qardaşları 2002-ci ildə zorla Naxçıvanski küçəsi 50-də yerləşən meyvə-tərəvəz bazarını onun əlindən alıblar. Ona hədə-qorxu gəliblər, qardaşını oğurlayıblar. Həmin zaman Səfərov qardaşlarının sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin yaxın adamları və kəndçiləri olduğunu öyrəndim. Fərhad Əliyev onda yenicə həbs edilmişdi, barəsində cinayət işi istintaq olunurdu”.

Hilal Əsədov ifadəsində bildirib ki, Səfərov qardaşları əməllərini səmimi şəkildə Akif Çovdarova etiraf ediblər: “Çovdarov o zaman Antiterror Mərkəzinin 1-ci idarəsinin 1-ci şöbəsinin rəisi idi. O, gördüyü işlərlə bağlı mənə məruzə edirdi. Çovdarov Səfərov qardaşlarını dindirmişdi, onlar elədikləri əməlləri səmimi şəkildə etiraf etmişdilər. Çingiz Əsədovun isə Səfərov qardaşları barəsində rəsmi şikayət edib, onları həbs etdirmək niyyəti yox idi. O, yalnız bazarın geri qaytarılmasını istəyirdi. Mən bunların hamısını Eldar Mahmudova məruzə elədim. Nazir məsələnin ciddi araşdırılmasını istəmişdi”.


Sabiq nazir müavini bir müddət sonra Səfərov qardaşları ilə Çingiz Əsədov arasında razılıq yarandığını deyib: “Akif Çovdarovun otağında Səfərov qardaşlarından biri Çingiz Əsədovla bazarın geri qaytarılması barədə razılaşıb. Mən nə Çingizi, nə də Səfərov qardaşlarını tanıyırdım. Bu məsələ ilə bağlı Çovdarov mənə gündəlik məruzə edirdi. Məruzələrdən sonra mənə məlum oldu ki, müəyyən məbləğ ödənildikdən sonra Səfərov qardaşları bazarı yenidən Çingiz Əsədova satıblar. Bu məsələlərdən sonra bazar Çingizə qaytarılıb”.

H.Əsədov qeyd edib ki, bu söhbətlərdən iki-üç həftə sonra Çingiz Əsədov bazarı satmaq istəyib: “Akif zəng edib bu barədə mənə məlumat verdi. Çovdarova dedim ki, bu məsələni mütləq Eldar Mahmudova məruzə edəcəyəm. Nazirin yanına getdim, bu barədə məlumat verdim. Eldar Mahmudov bir neçə günə cavab verəcəyini dedi. İki gün sonra nazir razılıq verdi. Eldar Mahmudov dedi ki, halallıqla bazarı alın. Bütün işlər Çovdarova tapşırıldı”.
Hilal Əsədovun yoldaşına yağmalanan bazardan hər ay 15-20 min dollar verilib!
Müavininin təkcə Eldar Mahmudovun deyil, özünün qayınatasının da həbsinə yol açmaq gücündə olan ifadəsi var. H.Əsədov istintaqçılara deyib ki, Səfərovlardan alınan bazarın yarısı qayınatasına çatıb: “Payım olsun deyə qayınatam Ənvər Məmmədova bazarın yarısını almağı təklif etdim. Digər yarısını isə Çovdarovun özü həll edəcəkdi. 70 min dollar qayınatama verdim, qalan pulu özü düzəltdi. Bazarın alınmasında rolum ancaq Ənvər Məmmədova pul verməyim olub. Bütün sənədləşdirmə işləri Akif Çovdarov və qayınatam tərəfindən aparılıb. Bazar qayınatam və Akif Çovdarovun yaxın adamı Elşən Hüseynova satıldı. Onların hər biri bazarda 50 faiz paya sahib oldular. Bazarı hazırda elə Elşən Hüseynov işlədir. 2012-ci ildə qayınatam özünə düşən payı yoldaşım Nüşabəyə verib. Bazarın alqı-satqısı, ada keçirilməsi 2005-ci ilin sonu, 2006-cı ilin əvvəllərində oldu. Bunların heç birində mən iştirak etməmişəm. Hər ay Ənvər Məmmədov Nüşabəyə 15-20 min dollar pul verirdi”.

Image result for Çovdarov

Müstəntiqlərin suallarını cavablandıran Hilal Əsədov bazarın Akif Çovdarov tərəfindən zorla alınmasından xəbərsiz olduğunu deyib. H.Əsədov əlavə edib ki, hazırda bazarın 50 faizi arvadı Nüşabə Əsədovaya məxsusdur, qalan 50 faizi isə Akif Çovdarovun qızı Aida Qasımovanın adınadır.

Qeyd edək ki, vaxtilə bazarın sahibi olmuş sahibkar Salman Qürbət oğlu Səfərov əmlakının əlindən necə qəsb edilməsi haqda bir müddət əvvəl “Yeni Müsavat” qəzetinə danışıb. (http://musavat.com/mobile/olke/mtn-generallarinin-vosmoy-bazari-emeliyyatinin-yeni-shok-detallari-qarshi-terefden-ilginc-achiqlamalar_384679.html)

S.Səfərovun söylədikləri general Hilal Əsədovun bazarın guya halallıqla alınması haqda ifadələrini təkzib edir. Qeyd etdiyimiz kimi, Hilal Əsədovun adı həmişə Akif Çovdarovla qoşa çəkilib. Təkcə “8-ci kilometr” bazarının bir hissəsinin deyil, “Karvansaray” ticarət mərkəzinin bütövlükdə sahiblərinin əlindən alınması əməliyyatı da bu cütlüyün birbaşa iştirakı ilə həyata keçirilib. Zərərçəkən tərəflərin danışdıqları hekayələrdə Hilal Əsədovun adı qırmızı xətlə keçir. Məsələn, “Yeni Müsavat”ın 11 noyabr 2015-ci il tarixli sayında “MTN generalları 20 milyonluq ”Karvansaray"ı necə ələ keçiriblər..." sərlövhəli yazı dərc olunub.
(http://musavat.com/news/gundem/mtn-generallari-20-milyonluq-karvansarayi-nece-ele-kechiribler_304414.html)

Həmin yazıda 2012-ci ilə kimi “Karvansaray” ticarət mərkəzində payı olmuş Elşən Kərəm oğlu bildirir ki, “Karvansaray”ı onlardan MTN generalları Akif Çovdarov və Hilal Əsədov alıb. Həmin yazıdan sitat: “Bizim MMC-nin rəhbərini Akif Çovdarov yanına çağırıb təhqir edir, söyürdü. Növbəti gün də Hilal Əsədov bunu təkrar edirdi...”

***

MTN-də ötən ilin oktyabrında baş tutan qəfil əməliyyatdan sonra hər kəs A.Çovdarovla yanaşı Hilal Əsədovun da qandallanacağını gözləyirdi. Belə görünür ki, H.Əsədov vaxtında vəziyyəti “düzgün” qiymətləndirə bilib və general lompaslı ağ kostyumunun yaxalığındakı qara ləkələri ifadələri ilə yumağa qərar verib.

Bu ifadədən sonra ortaya çıxan nəticə budur: Müavini, ən yaxın adamı Eldar Mahmudovu ilk fürsətdə satıb və cinayətləri onun tapşırığı və nəzarəti ilə həyata keçirdiklərini etiraf edib. Bundan sonra Eldar Mahmudov ya özünü vurmalı, ya da qandallanmalıdır... (musavat.com)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi