Kəşfiyyat xidməti Türkiyəni 7 yanvardan XƏBƏRDAR EDİBMİŞ
Türkiyə Milli Kəşfiyyat Xidməti 17 fevralda Ankarada baş vermiş terror faciəsindən xəbərdar imiş.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Ankaradakı terror faciəsinin ardından Türkiyədə Milli Kəşfiyyat xidmətinin zəif olduğu ilə bağlı mübahisələr yaranıb. Halbuki, Türkiyə Milli Kəşfiyyat Təşkilatı hələ 7 yanvardan Prezident, Baş Nazir, Türkiyə Silahlı Qüvvələrindən tutmuş Təhlükəsizlik müdirliyinə qədər bütün qurumları hadisənin olma ehtimalı ilə bağlı xəbərdar edib.
Milli Kəşfiyyat Təşkilatı 7 yanvar tarixli xəbərdarlığında həm də terrorun törədilə biləcək yerləri haqqında da məlumat verib.
Xəbərdarlıqda PKK və digər terror qüvvələrinin İstanbul, Ankara və İzmir kimi metropol şəhərlərdə partlayış planlaşdırdığı da yer alıb. Hətta Türkiyə Silahlı Qüvvələrinin, Təhlükəsizlik, polis nümayəndələrinin istifadə etdikləri marşrutlar və xidmət toplanma yerlərinin hədəf ola biləcəyi haqqında da xəbərdarlıq edilibmiş. Riskli bölgələr sırasında Ankara Kızılay Meydanın da adı yer alıb.