azia.az
azia.az

Kılıçdaroğludan Azərbaycanın siyasi elitasına mesaj: “Bay Kamal” nələri "gözə soxmağa" çalışıb?

8-05-2023, 18:18

Türkiyə prezidentliyinə namizəd Kamal Kılıçdaroğlunun “Türk yolu” planında Azərbaycanı kənarda saxlaması ciddi müzakirələrə səbəb olub. Demək olar ki, bütün siyasi ekspertlər regionun ən nüfuzlu dövləti və iri layihələrin təşkilatçısı olan Azərbaycanı görməzdən gəlməyin mümkünsüzlüyü haqda fikir səsləndiriblər. Bəs görəsən, Kılıçdaroğlu bu planında Azərbaycanı çıxdaş etmək niyyəti ilə hansı mesajları vermək istəyib?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Turan Rzayev bildirib ki, Kamal Kılıçdaroğlunun “türk yolu” planı reallıqları əks etdirmir: “Ümumiyyətlə “Türk yolu”nda Azərbaycanı nəzərə almamaq siyasi savadsızlıqdır. Məsələ ondan ibarətdir ki, Çinin “Bir kəmər bir yol” layihəsinin ən önəmli hissəsi məhz Cənubi Qafqazdan keçir. Cənubi Qafqazdan keçən bu yolda isə Azərbaycan mühüm rola malikdir. Yəni Azərbaycan həm Mərkəzi Asiyanın Türk dövlətlərini, həm də İran və Rusiyanı birləşdirən əsas xəttin üzərində yerləşir. Bundan əlavə Azərbaycan 30 illik münaqişə dövründə iki meqalayihə reallaşdırıb. Söhbət TAP və TANAP layihələrindən gedir. Bu gün Azərbaycan Türkiyə üzərindən Avropaya neft və qaz nəql edir. Hətta Prezidentin də açıqladığı kimi gələcəkdə Azərbaycan Türkiyə və Qara dənizin altı ilə elektrik enerjisinin satışı ilə məşğul olacaq. Rəsmi Bakı bütün bu proseslərə  hazırlıq görür”.


Türkiyə seçim qarşısında... - AKP və CHP arasında ağır rəqabət başladı...

Politoloqun sözlərinə görə, Azərbaycan bu gün iqtisadi, hərbi və siyasi sahədə Türkiyənin ən böyük partnyorudur: “Odur ki, “Türk yolu” planında türk dövləti olan Azərbaycanı nəzərə almamaq Kılıçdaroğlunun ciddi səhvi kimi xarakterizə edilməlidir. Amma digər tərəfdən qeyd etmək lazımdır ki, bu açıqlama Kılıçdaroğlunun Azərbaycana qarşı reaksiyasını göstərir. Azərbaycan ictimaiyyəti, ziyalıları və siyasi elitası böyük ölçüdə Ərdoğanı dəstəkləyir və bu, haqlı yanaşmadır. Çünki Ərdoğanın hakimiyyəti dövründə Azərbaycan və Türkiyə münasibətləri hazırkı strateji müttəfiqlik səviyyəsinə gəlib çatıb. Azərbaycan və Türkiyə Prezidentləri bu istiqamətdə kifayət qədər ciddi işlər görüblər. Türk Birliyinin yaranması istiqamətində önəmli addımlar atıblar. Bu gün Türk Dövlətləri Təşkilatının nüfuzu bu iki liderin timsalında özünü büruzə verir. Əslində Kılıçdaroğlu da bütün bunlardan xəbərdardır. Amma o indiki açıqlamaları ilə rəsmi Bakıya reaksiya sərgiləyir və Türkiyənin təkcə AKP-dən ibarət olmadığını, digər partiyaların da mövcudluğunu göstərməyə çalışır. Yəni CHP faktorunu gözə soxmaq istəyir. Bu baxımdan hesab edirəm ki. Kılıçdaroğlunun açıqlaması Azərbaycan ictimaiyyətinə və siyasi elitasına bir mesajdır”.

Turan Rzayev əlavə edib ki, Azərbaycansız regionda bu tip layihəni reallaşdırmaq mümkün deyil: “Nəzərə almaq lazımdır ki, hazırda Rusiya və İrana qarşı kifayət qədər ciddi sanksiyalar var. Əslində bu ölkələr də Azərbaycanı özləri üçün bir qapı hesab edir. Tehranla münasibətlərimiz hər nə qədər gərgin olsa da, Azərbaycan-İran iqtisadi əlaqələrində heç bir dəyişiklik yoxdur. Bu baxımdan Kılıçdaroğlunun açıqlaması heç bir məntiqə sığmır. Amma o bu fikirləri ilə özünü Azərbaycana xatırlatmağa və seçilə bilmək ehtimalını qabartmağa çalışır. Bütün hallarda Ərdoğanın qalib olacağını düşünürəm. Doğrudur, əvvəlki illərlə müqayisədə çox cüzi səs çoxluğu ilə qələbə qazana bilər. Söhbət 52-58 faizlik səs qazanmaqdan gedir. Böyük ehtimalla Ərdoğan birinci turdan prezident seçiləcək”.

Müşviq Tofiqoğlu,

KONKRET.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi