Deputat: “Prezidentin Kəlbəcərə və Laçına səfəri düşmənə cavab kimi qiymətləndirilməlidir”
“Cənab Prezident İlham Əliyevin 26 iyun Silahlı Qüvvələr Günü Laçına və Kəlbəcərə səfərlərinin çox mühüm əhəmiyyəti var”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib. Deputat qeyd edib ki, bu səfərlər əsasən dörd istiqamətdə yadda qaldı:“Birinci istiqamət təbii ki, infrastruktur layihələrin həyata keçirilməsi, ikincisi bu ərazilərdə dağılmış iqtisadiyyatın bərpa olunması və bu məqsədlə təməl qoyma mərasimləri, üçüncüsü bu ərazilərdə hərbi hissələrin və sairənin açılışı gələcəkdə təhlükəsizlik məsələlərinin həll olunması nöqteyi-nəzərdən, dördüncüsü isə Möhtərəm Cənab Prezidentin yenə bu platformadan istifadə edərək Ermənistan tərəfinə verdiyi ciddi bəyanatlar. Cənab İlham Əliyevin xüsusilə Silahlı Qüvvələr Günündə Laçına və Kəlbəcərə səfərləri, bu ərazilərdə hərbi birləşmələrin açılışında iştirak etməsi təbii ki, Azərbaycan dövlətinin, xüsusilə də dövlət başçısının işğaldan azad olunmuş ərazilərdə sülhün və təhlükəsizliyin bərpa olunması və qurulması nöqteyi-nəzərdən, eyni zamanda Azərbaycan-Ermənistan sərhəddində təhlükəsizlik məsələsinin həll olunmasına nə dərəcədə önəm verdiyini bir daha ortaya qoyur”.
Millət vəkili vurğulayıb ki, İkinci Qarabağ müharibəsində Böyük Zəfəri əldə etdikdən sonra Kəlbəcər, Laçın, Qubadlı və Zəngilandan təxminən 200 km ərazini əhatə edən Ermənistan sərhədlərindəki ərazilərimizdən düşmənləri tamamilə təmizləyə bilmişik:
“Düşməndən təmizlənmiş ərazilərdə də sərhəd postlarının yaranması, təhlükəsizlik məsələləri, Azərbaycan silahlı qüvvələrinin bu ərazilərdə xidmət keçməsi üçün yaradılmış şəraitlər və s. bütün bunlar Möhtərəm Cənab Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Ona görə də, məhz Silahlı Qüvvələr günü Laçına və Kəlbəcərə möhtərəm cənab Prezidentin səfəri və burada hərbi hissələrin açılışı xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, həm də onu nəzərinizə çatdırmaq istəyirəm ki, xatırlayırsınızsa, məhz 1993-cü ilin aprel ayında Kəlbəcər rayonu ermənilər tərəfindən işğal edilmişdi və bu ərazilər həmin zamanları Ermənistan ordusu tərəfindən tamamilə ağır bir vəziyyətə salınmışdır. Məhz bu illərdə Azərbaycan Silahlı Qüvvələrinin yarandığı günü prezidentin bu əraziyə səfəri xüsusi əhəmiyyət daşıyr və bu, düşmənə cavab kimi qiymətləndirilməlidir. Çünki biz düşmənə bir daha Kəlbəcərin dağlarından göstərir ki, bu ərazilər Azərbaycanın əraziləridir, bu ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır və Möhtərəm Cənab Prezidentin qeyd etdiyi kimi biz bu ərazilərə qayıtmışıq və əbədi qayıtmışıq”.
Aynurə Pənahqızı