“Prezidentin bu sərəncamı aprel qələbəsinin davamıdır”
"Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevin verdiyi qərar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlardan biridir"
Bunu Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi ekspert Arzu Nağıyev deyib.
A.Nağıyev bildirib ki, bu, aprel qələbəsinin davamı kimi qeyd edilməlidir və qələbəmiz sona qədər davam edəcək.
Ekspert vurğulayıb ki, aprel döyüşlərində 2 min hektardan artıq ərazimiz erməni işğalından azad edildi:
"Azərbaycanın əsas məqsədlərindən biri işğal edilmiş ərazilər azad edildikdən sonra soydaşlarımızın öz doğma torpaqlarına qaytarılmasıdır. Məhz buna görə də, bu gün Azərbaycanın bir neçə ərazilərində, eyni zamanda Cocuq Mərcanlı kəndində tikinti işlərinə start verilib. İlk növbədə Cocuq Mərcanlı kəndində 50 ev, eyni zamanda məktəb binası tikiləcək. Bundan başqa, Tərtər rayonunda da aprel döyüşlərində azad edilmiş ərazilərdə binalar inşa olunur, tikinti işləri aparılır. Düşünürəm ki, tikinti işləri yaxın zamanlarda başa çatdırılacaq və həmvətənlərimiz doğma torpaqlarına qayıda biləcəklər".
Ekspert əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Azərbaycan üçün prioritet olaraq qalır:
"Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün bütün mümkün imkanlardan istifadə etməyə, eyni zamanda hərbi əməliyyatlar keçirməyə hazırdır. Sonuncu terrorçunun da Azərbaycan ərazilərindən çıxarılmasına nail olacağıq və soydaşlarımızın doğma torpaqlarına qaytarılması prosesi davam edəcək".