Lələtəpədə keşik çəkənlərin ən yaxın arxa cəbhəsi – Cocuq Mərcanlı
Bir kəndin sakinlərinin uzun sürən didərginlik həyatı sona yetdi
Əslində Cocuq Mərcanlı kəndi çoxdan, hələ 22 il öncə yenidən məskunlaşdırıla bilərdi.
Ordumuzun rəşadətli əks-hücumu nəticəsində bu kənd 1994-cü ilin bu vaxtlarında işğaldan azad olunub.
Fəqət Cəbrayıl rayonunun bu böyük kəndinin sakinlərinin öz doğma yurd-yuvalarına qayıtmaları yeganə bir səbəbdən mümkün deyildi. Kənd çarpaz atəş altında idi.
Bu ilin aprelinə qədər Cocuq Mərcanlı silsilə adsız təpələrin Lələtəpə adlanan zirvəsindən ovuc içindəymiş kimi görünürdü. Düzdür, kənd həmin zirvədən indi də ovuc içindəymiş kimi görünür, amma indi Lələtəpə öz ovcumuzun içindədir, düşmənin əlində deyil.
Ötən ilin aprelinə qədər erməni hərbi birləşmələrinin əsgərləri Lələtəpədəki istehkamlarında duraraq bu kəndi nəinki ağır silahlardan TOP, “Qrad”, tank) vura bilərdilər, hətta pulemyot və snayper atəşi ilə kənd camaatına zərər yetirə bilərdilər.
Bu üzdən Cocuq Mərcanlıda cəmi bir neçə ailə yaşayırdı, onlar da qorxa-qorxa, həm də kəndin güllə, mərmi tutmayan yerlərində.
Ancaq ötən ilin aprel ayında Lələtəpənin düşmən işğalından azad edilməsi avtomatik olaraq Cocuq Mərcanlının da düşmən əlindən xilas edilməsi demək oldu. İndi bu kənd neytral zonada deyil.
Lələtəpə bizdədir deyə, indi düşmənin dislokasiya olunduğu yerlər, qurduğu istehkam, qazdığı səngər ordumuzun əsgərlərinin əlinin altındadır. İndi də onların olduğu yerlər ovuc içi kimi görünür.
Budur, artıq 1993-cü ilin isti avqust günlərində Cocuq Mərcanlını tərk etməyə məcbur olmuş, ölkənin müxtəlif şəhər və kəndlərinə dağılmış, uzun sürən köçkünlük, didərginlik həyatı yaşamış sakinlər öz dədə-baba yurdlarına qayıdırlar.
Bu barədə prezident sərəncamı imzalanıb, Nazirlər Kabineti qısa müddət ərzində onun həyata keçirilməsinə çalışacaq. Kənd camaatı da doğma yerlərə qayıtmağa həvəslidir. Çünki ora Vətəndir.
Bu, o deməkdir ki, Lələtəpə etibarlı əllərdədir və etibarlı şəkildə də qorunacaq ki, Cocuq Mərcanlıya köçən əhalinin təhlükəsizliyinə təhdid olmasın.
Bu, həm də Ermənistana mesajdır. Ötən ilin aprelində sərt zərbə alan və başını itirərək böyük panika içərisində Rusiyanın üstünə qaçan, bu günə qədər də həmin zərbəni sinirə bilməyərək, Moskvanı xəyanətdə suçlayan Ermənistan nəyin bahasına olursa-olsun, Lələtəpəni yenidən işğal etmək fikrindədir.
Əhalinin Cocuq Mərcanlıya köçürülməsi isə o deməkdir ki, bu kənd də, onu qoruyan təpələr də Azərbaycan üçün olduqca strateji əhəmiyyət daşıyır və onun bir daha düşmən əlinə keçməsinə imkan verilməyəcək.
Demək, Cocuq Mərcanlı əhalisi illərdən bəri həsrətində olduğu doğma torpağa qaydaraq öz təsərrüfatıyla, əkin-biçiniylə məşğul olacaq, Lələtəpədə keşik çəkən əsgərlər üçün ən yaxın arxa cəbhə rolunu oynayacaq.
Gün o gün olsun ki, düşmən tapdağı altında olan digər kəndlərimiz də bir-bir, beş-bir qaytarılsın və camaat öz doğma yer-yurdunda məskunlaşaraq uzun illərin didərginliyindən qurtulsun. (musavat.com)