azia.az
azia.az

Vüqar Rəhimzadə: "Brüsseldə təsbit olunmuş uğurlu sülh gündəliyinin davam etdirilməsi Azərbaycanın növbəti diplomatik uğurudur"

6-02-2022, 08:58

Vüqar Rəhimzadə: "Brüsseldə təsbit olunmuş uğurlu sülh gündəliyinin davam etdirilməsi Azərbaycanın növbəti diplomatik uğurudur"
“44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə yeni reallıqlar yaradan və son bir ildən artıq dövrdə bu reallıqların təsdiqi, dünya tərəfindən qəbulu istiqamətində uğurlu nəticələr əldə edərək region və dünya siyasətində dəyişikliklərə yol açan Azərbaycanın hazırda beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da möhkəmlənməsi, rolunun artması təqdir olunur, qarşıdakı dövr üçün müəyyənləşdirdiyi hədəflər böyük dəstək qazanır. Fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüş bu reallıqlara bir daha işıq saldı. Görüşdə Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə ötən il dekabrın 14-də Brüsseldə keçirilmiş görüşün əhəmiyyəti vurğulanmışdır. Qeyd edək ki, həmin görüş Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Proqramının VI Sammiti çərçivəsində həyata keçirilmişdir. Dövlət başçısı İlham Əliyevin Sammit çərçivəsində keçirdiyi digər iki və üçtərəfli görüşlərdə, o cümlədən NATO-nun Baş katibi Yens Stoltenberqlə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə danışıqlarında ölkəmizin dünyada möhkəmlənən mövqeyinin yüksək dəyərləndirilməsi, qlobal təşəbbüslərinin dəstəklənməsi Azərbaycanın haqq-ədalət işinə beynəlxalq səviyyədə göstərilən etimad kimi dəyərləndirildi. Şarl Mişelin, Prezident İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın arasında keçirilən üçtərəfli görüşün nəticələrinə dair Bəyanatda Cənubi Qafqazda sülhün bərqərar olması, regionda kommunikasiya infrastrukturunun yaradılması, sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində Azərbaycanın təşəbbüslərinin və təkliflərinin dəstəklənməsi, dəmir yolu xəttinin çəkilməsinə xüsusi diqqət göstərilməsi Prezident İlham Əliyevin siyasi iradəsinə, qətiyyətinə verilən dəyər kimi önə çəkildi. Görüşlərdə Ermənistanın Azərbaycana qarşı 30 il davam edən işğalçılıq siyasətinin yaratdığı acı nəticələrdən bəhs edən Prezident İlham Əliyevin söylədiyi faktların qarşısında Ermənistanın baş naziri Nikol Paşinyanın acizliyi dünya güclərinin diqqətindən kənarda qalmadı və bir daha sübut olundu ki, Azərbaycan nəinki döyüş meydanında, eyni zamanda, informasiya cəbhəsində, diplomatik müstəvidə də qalibdir.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə bu xatırlatmanı da edib ki, Şərq Tərəfdaşlığının Sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın qeyri-formal görüşü keçirilmişdir: “Həmin görüşdən sonra Fransa Prezienti “Facebook” hesabında Azərbaycan dilində etdiyi paylaşımında bildirmişdir ki, biz davamlı sülh üçün həll yolları tapmalıyıq. Fransa Prezidentinin fevralın 4-də keçirilən videoformatda görüşə ATƏT-in Minsk qrupunun həmsədri kimi deyil, Avropa İttifaqına sədrliyi qəbul etmiş ölkə kimi qatılması da artıq postmünaqişə dövrününün reallıqlarını qəbul etdiyinin təsdiqidir. Sirr deyil ki, Fransa daim ermənipərəst mövqeyi, işğalçı Ermənistana dəstəyi ilə diqqətdə olan ölkə olub. İstər 30 illik işğal dövründə, istərsə də Vətən müharibəsinin davam etdiyi günlərdə Fransanın yürütdüyü siyasətə, səsləndirdiyi bəyanatlara diqqət yetirsək daim özünə qarşı etimadsızlıq mühitini yaratdığını görərik. Artıq bugünədək keçirilən Moskva, Soşi, Brüssel görüşlərinin, həmçinin fevralın 4-də keçirilən videoformatda görüşün birgə Bəyanatına diqqət yetirsək Minsk Qrupuna istinadın olmadığını görərik. Sənədlərdə həmçinin Dağlıq Qarabağ münaqişəsi və hətta Qarabağ kimi ifadə də yoxdur. Bu, bir daha Qarabağ mövzusunun tamamilə gündəlikdən çıxmasının təsdiqidir. Son görüşün Bəyanatı da bu reallığın növbəti nüminəsidir. Fransa ATƏT-in Minsk qrupunun həmsədri olaraq bu reallığı qəbul edir. 30 illik işğal dövründə vasitəşilik missiyasının mahiyyətini dərk etməyən, ikili standartlara əsaslanan siyasəti ilə münaqişənin həllinin uzanmasına yardımçı olan ATƏT-in Mİnsk qrupunun fəaliyyəti artıq başa çatıb. Azərbaycan özü ədaləti bərpa etdi, BMT qətnamələrini təkbaşına icra etdi, işğalçıya yerini göstərdi. 28 illik fəaliyyəti dövründə işğalçını adı ilə çağırmaq istəməyən, amma münaqişənin həllinə vasitəçilikdən danışan quruma hazırkı dövrdə-işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin geniş vüsət aldığı mərhələdə ehtiyac yoxdur. Keçirilən görüşlərin Bəyanatları da bu reallığın nümayişidir.”

Brüsseldə təsbit olunmuş uğurlu sülh gündəliyinin davam etdiyini önə çəkən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, bu gündəliyin əsasını Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Zəngəzur dəhlizinin açılması, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, minaların təmizlənməsində Azərbaycana yardım və etimad quruculuğu kimi məsələlər təşkil edir. Qeyd edilən məsələlər ətrafında müzakirələr postmünaqişə dövrünün reallıqlarının həm Ermənistan, həm də dünya gücləri tərəfindən qəbul olunduğunu və davamlı sülhün təmin edilməsi prosesinə dəstək göstərməyə hazır olduqlarını təsdiqləyir.

Vüqar Rəhimzadə bildirib ki, dövlət başçısı İlham Əliyev müzakirə olunan məsələlərlə bağlı Azərbaycanın mövqeyini bir daha vurğulayaraq Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması kimi məsələləri xüsusi diqqətdə saxladı: “Ölkə Prezidenti Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsini növbəti dəfə xüsusi diqqətə çatdırdı. Bu fakt da diqqətə çatdırıldı ki, Vətən müharibəsinin başa çatmasından bəri mina partlayışı nəticəsində 36 nəfər Azərbaycan vətəndaşı həlak olub, 165 nəfər isə yaralanıb.”

“Postmünaqişə dövrünün reallıqları fonunda keçirilən hər bir görüşün sonunda qəbul olunan sənəd siyasətində ədalətə və beynəlxalq hüququn norma və prinsiplərinə üstünlük verən, ən əsası 44 günlük İkinci Qarabağ münaqişəsi dövründə dünyaya bu məfhumların mövcudluğunu sübut edən Azərbaycanın sözünün nə qədər dəyərli olduğunu, irəli sürdüyü təşəbbüslərin böyük dəstək qazandığını özündə ehtiva edir. Azərbaycan Ermənistana təklif etdiyi sülh müqaviləsinin tezliklə imzalanmasında maraqlıdır. Bölgədə daimi sülhün, təhlükəsizliyin təmin olunması ilə yeni əməkdaşlıq formatlarının reallığa çevrilməsi imkanları da genişlənəcək. Kommunikasiyaların açılması əlaqələrin inkişafına, iqtisadi tərəqqiyə böyük dəstək olacaq. Dövlət başçısı İlham Əliyevin çıxışlarında səsləndirdiyi “Biz sülh istəyirik, müharibə istəmirik. Biz müharibəni udduq, biz qalibik və bu reallıq nəzərə alınmalıdır. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Dağlıq Qarabağın qondarma statusu ilə bağlı və ya buna bənzər hər hansı müzakirələrə qayıdış yoxdur” bəyanatında da bu çağırışlar özünü aydın şəkildə göstərir ki, Ermənistan reallıqları qəbul etməli, bölgə dövlətləri arasında münasibətlər bu reallıqlar əsasında qurulmalıdır”,- deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi