azia.az
azia.az

Çayxanalar işləmədi, lənkəranlı Novruzəlinin biznesi batdı

16-03-2021, 19:30

Azərbaycan Türkiyəyə güzəştli şərtlərlə - gömrük rüsumu ödəmədən bir sıra kənd təsərrüfatı məhsulları, o cümlədən 300 ton qara çay ixrac edəcək. Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında Preferensial Ticarət Sazişi martın 1-dən qüvvəyə minib. Beləliklə, Azərbaycanın çay istehsalçıları üçün yeni bazara çıxış imkanı yaradılır.
 Çayxanalar işləmədi, lənkəranlı Novruzəlinin biznesi batdı
Qeyd edək ki, bu anlaşma Türkiyənin çay istehsalçılarını heç də məmnun etməyib. Axı onlar da istehsal etdikləri çaya bazar axtarırlar və sata bilmirlər. Bu baxımdan Azərbaycan çayının gömrük rüsumu olmadan bazara daxil olması onların “bazarını öldürə” bilər.

Bəs Azərbaycanda çayçılığın hazırkı vəziyyəti necədir? Türkiyə bazarına güzəştli ixrac imkanının yaranması azərbaycanlı çay becərənlər üçün nə vəd edir?

Uzun illərdir çayçılıqla məşğul olan fermerlər virtualaz.org-a danışıblar ki, pandemiya səbəbindən turizm sektorunun zəifləməsi, kafe, restoran, çayxanaların bağlanması, toy və yas mərasimlərinin qadağan edilməsi nəticəsində ötən il alıcıların bir hissəsini itiriblər. Amma bu ilin fevralından karantin rejiminin yumşaldılması ilə yerli məhsullara təlabat yenidən artıb. Hazırda anbarlarda məhsul var, imkan yaranarsa onu Türkiyə bazarlarına da çıxara bilərlər.





Fermer: “Koronavirus səbəbindən zərərə düşdüm”

Lənkəranlı fermer, “Yaşılçay” fermer təsərrüfatının sahibi Araz Yaqubov deyir ki, 45 hektar sahədə çay plantasiyaları var. Pandemiya səbəbindən ötən il zərərə düşüb, üstəlik, məhsul becərilməsi üçün tələb olunan xərclər də artıb. Buna baxmayaraq qiymətləri sabit saxlamağa çalışırlar ki, alver olsun.

“Doğrudur, çay iş adamları üçün gəlirli sahədir, çünki 100 illik bitkidir. Bir dəfə əkilib, 100 il məhsul götürürsən. Amma uzun müddət investisiya tələb edən məhsuldur. Belə ki, ilk 7 il investisiya yatırırsan, 7 ildən sonra seçmə üsulu ilə çay dərilir. Ən güclü bar vermə fazasına 12 ilində daxil olur. Yəni 12 ildən sonra qoyulan investisiyanı çıxarmaq mümkündür”-, fermer bildirir.

A.Yaqubovun sözlərinə görə, dövlət çay istehsalçılarına dəstək göstərir, subsidiya verilir, gübrələr 70 faiz güzəştlə satılır. Məhz verilən subsidiyalara görə ötən il kiçik və orta sahibkarlar bazarda tab gətirə biliblər: “Çayı emal edəndən sonra satmaq sərf edir, xammal kimi satmaq çox da gəlirli hesab olunmur. Buna görə də hamı çalışır ki, kiçik də olsa emal müəssisəsi açsın və dövlət bu məsələdə fermerə köməklik göstərir. Kiçik və orta sahibkarlar iqtisadiyyatın sütunudurlar, bazarlarda qiymətlərin sabit saxlanılmasının səbəbkarıdırlar”.





Bazarda yerli çayın qiyməti 8-50 manat arasında dəyişir

Fermer əlavə edib ki, hazırda yerli bazarda çayın kiloqramı keyfiyyəti və sortuna görə 8- 50 manat arasında təklif edilir.

“Son bir ayda alıcıların sayı artıb, təlabat var. Artıq bilirlər ki, yerli istehsal keyfiyyətlidir, təmizdir. Doğrusu, kilosunu 8 manatdan satdığımız çayda qazancımız olmur, yəni emal müəssisəsinin xərcini ödəmir. Əvəzində 30-50 manata satdığımız çaylarda qazanırıq, beləliklə, orta hesabla qazancımız olur. İndiki halda belə davam edərsə, problemimiz olmayacaq, anbarda məhsul qalmayacaq. Çay mövsümə qədər anbardakı məhsullarımızı satıb qurtara biləcəyik. Tək arzumuz odur ki, çayxanalar, kafelər işləsin, yerli bazara çıxış imkanımız məhdudlaşmasın”,- Yaqubov belə deyib.

Fermer deyib ki, son illər hava şəraiti də çay istehsalı üçün əlverişli olmur. Hava şəraiti əlverişli olarsa, 1 hektardan 5 tona yaxın məhsul götürmək olar.



“Hazırda bütün dünyada, o cümlədən Azərbaycanda iqlim dəyişikliyi gedir. Subtropik zonalarda yayda çaya lazım olan nisbi rütubət 60-80 dərəcə arasında olmalıdır. Ancaq 2 ildir ki, yayda havanın rütubəti 30 dərəcədən yüksək olmur. Bu isə məhsuldarlığın aşağı düşməsinə səbəb olur, məhsuldarlıq hər hektarda 1,5-2,5 ton olur. Bu da xammal satan fermerə sərf etmir”,-A.Yaqubov bildirir.

Fermer Novruzəli: “Satış zəifləyib”

Lənkəranın Şağlaküçə kəndindən olan fermer Novruzəli Hüseynov isə deyir ki, pandemiya səbəbindən alver zəifləyib: “Çayçılıq kənd təsərrüfatının əmək tutumlu sahəsidir. Burda əsasən qadınlar çalışırlar, çünki çayın yığımı zəriflik tələb edir. Ötən il çayxanalar, restoranlar, otetllər, istirahət mərkəzləri bağlandı. Çay becərildi, amma məhsul sata bilmədik. Nəticdə zərərə düşdük. Nəzərə alın ki, işçilərin də maaşları ödənilməlidir”.

Fermer qeyd edir ki, hava şəraitindən asılı olaraq bir hektar əraziyə ildə 10-15 min manat arası vəsait xərclənir.



“Keçən il küləkli, qarlı, şaxtalı keçdi, bu da məhsuldarlığa təsir etdi. Hazırda çayın kiloqramını 15 manatdan yuxarı sata bilsək sərfəli olar. İndi anbarda üç ton yarım çayımız qalıb, alan var, amma alver zəifdir. Əgər istəyən olsa, Türkiyəyə də məhsul çıxara bilərik”,-N.Hüseynov əlavə edib.

Fermerin sözlərinə görə, kiçik fermerlər xammalı iri şirkətlərə 1 manat 50 qəpikdən satırlar. Emal olunmuş çayın kiloqramı isə 9-10 manatdan aşağı deyil, hərçənd ki, bu da fermerə sərf etmir.

Azərbaycanda min hektar çay plantasiyaları salınıb

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə isə bildirib ki, Azərbaycanda təxminən min hektar çay plantasiyaları mövcuddur: “Çayçılıq ağır sahədir, təxminən 20 il zaman lazımdır ki, çayçılığa qoyulan investisiya geri qayıtsın. Bu baxımından, həm də risqli sahə hesab edilir. Dünyada çay istehsalçısı kimi tanınan ölkələr var, onlarda 100 illik çay plantasiyaları mövcuddur, həm də ucuz işçi qüvvələri çalışdırırlar. Buna görə də bu ölkələr dünya bazarına ucuz çay təklif edirlər. Ancaq Azərbaycanın üstünlüyü ondadır ki, həm çay yetişdirmək, həm də emal sahəsində tarixi təcrübəsi, bacarıqları var. Üstəlik, emal sənayesi hesabına həm daxili, həm xarici bazara müxtəlif çeşidlərdə çay çıxara bilirik”.





Fikrətzadə əlavə edib ki, Azərbaycan məhsulları az həcmdə olsa da, Türkiyə bazarında satışa çıxsarılıb və keyfiyyətinə görə yüksək rəğbət doğurub. “Azərbaycan çayı Türkiyədə sevilir, bunu təcrübəmizə, müşahidələrimizə əsasən söyləyirəm. Buna görə də Türkiyə bazarına çıxış emal müəssisələri üçün daha bir şans yaradır”,- mərkəz rəhbəri belə deyib.

Azərbaycanda çaya təlabatın ödənilməsinə gəldikdə, çay xammal kimi özümüzü təxminən 5-10 faiz, emal olunmuş, qablaşdırılmış halda isə 80-90 faiz təmin edir. Ölkəyə Hindistan, Şri-Lanka kimi ölkələrdən çay gətirilir.

“Azərbaycan çayı premium keyfiyyətində olan məhsul hesab edilir”

F.Fikrətzadə deyb ki, Azərbaycan çayı premium keyfiyyətində olan məhsul hesab edilir. Yəni Hindistan, Şri-Lanka kimi ölkələr dünya bazarına həm aşağı, həm də yüksək keyfiyyətli məhsul təqdim edə bilirlər. Azərbaycanın isə azhəcimli çayı daha təbii, keyfiyyətli olduğuna görə nisbətən bahalı məhsul sayılır: “Buna görə də pandemiya dövründə premium məhsullar istehsal edənlər zərər çəkdilər. Ancaq Türkiyə bazarına çıxış bu baxımdan sərfəlidir. Hər kəs marketinq qura, məhsulunu sata biləcək. İri şirkətlər də məhsul çıxarsa, yerli fermerlərdən xammal alacaq, yəni fermerlər üçün də xeyirli olacaq, yəni çayçılar üçün yeni bazar yaranacaq”.

Mərkəz rəhbəri onu da əlavə edib ki, çayçılıqla məşğul olan fermerlərə yeni salınan sahələrə görə hər hektara 700 manat, köhnə plantasiyalara hər hektara 240 manat subsidiya verilir.

Nəzərə alaq ki, çayçılıq həm də iş yeri deməkdir. 1 hektar çay bağında orta hesabla 160-200 nəfər il ərzində işləyə bilir. Buna görə də dövlət bu sahənin inkişafında maraqlıdır.

Ü.Xudiyeva


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi