“Milli Məclis işi”nə görə həbs edilənlər azadlıqda - Yeni ilə verilən mesaj
Əliməmməd Nuriyev: “Amnistiya da, əfv sərəncamı da olacaq.”
Dekabrın 7-də Səbayel Rayon Məhkəməsində bu il Tovuz döyüşləri zamanı Bakıda orduya dəstək məqsədi ilə iyulun 14-dən 15-nə keçən gecə “Qarabağa azadlıq!” şüarı ilə keçirilən aksiya zamanı Milli Məclisin binasına qanunsuz daxil olmaqda təqsirləndirilən şəxslərin bəziləri barəsində seçilən həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı prokurorluğun vəsatətinə baxılıb. Bu barədə vəkil Aqil Layic məlumat yayıb.
Onun sözlərinə görə, 15 təqsirləndirilən şəxs - Nağıyev Ramid Zəkrulla oğlu, Mirzəyev Gündüz Vaqif oğlu, Əliyev İlkin Pirəli oğlu, Məmmədov Elçin Əlisəfa oğlu, Mövlayev Dəyanət Kərəm oğlu, Mustafayev Səyavuş Firudin oğlu, Məmişov Taleh Seyidxan oğlu, Məmmədov İsmayıl İltifat oğlu, Cabbarov Elnur Yusif oğlu, Abadov Fərid Mətləb oğlu, Vahabov Müşviq Fazil oğlu, Mustafayev Səbuhi Yusif oğlu, Məmmədov Azər Vaqif oğlu, Babayev Ramiz Həmzə oğlu və Çobanov Pərvin Nadir oğlunun həbs-qətimkan tədbiri ev dustaqlığına dəyişdirilib.
Məlumat üçün bildirək ki, ötən ay da “Milli Məclis məhbusları”ndan 21 nəfəri barədə də ev dustaqlığı qərarı verilmişdi. Azadlığa buraxılanlar sırasında AXCP funksionerləri Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim və digərləri də var idi.
Son qərarla bu iş üzrə tutulanların hamısı azadlığa buraxılıb. Qərar ölkə ictimaiyyəti tərəfindən alqışlanmaqla yanaşı, bu ayın sonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il müansibətilə əfv sərəncamının verilə biləcəyinə olan ümidləri daha da artırıb. Çoxları bu qərarları əfv anonsu kimi qəbul edir. Eyni zamanda bu qərarlar ölkədə barış mühitinin dərinləşdirilməsi yönündə irəliyə doğru atılmış daha bir mühüm addım kimi dəyərləndirilir. Əslində bununla Azərbaycan iqtidarının, Ali Baş Komandan İlham Əliyevin fərqli fikirliliyin tərəfdarı olduğunu bir daha göstərdiyi vurğulanır. Həmçinin dövlət başçısının siyasi proseslər zəminində aparılan danışıq, müzakirələrin, eləcə də sərt və kəskin yanaşmalardan məsafəcə uzaqda dayanan səmimi dialoqlar və dəyirmi masalar vasitəsilə ön sıraya keçməsində maraqlı olduğunu aşkar şəkildə ortaya qoyduğu qeyd olunur.
Əliməmməd Nuriyev.
Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev “YAzia.Az”a açıqlamasında çox vacib məqamlara toxundu: “44 günlük müharibə dövründə nümayiş etdirilən həmrəylik bütün ölkəni əhatə etdi. Ali Baş Komandanın rəhbərliyi altında xalq bir yumruq tək birləşdi. II Qarabağ savaşında ölkə olaraq qələbə qazanıb, ərazilərimizi azad etdik. Burada Azərbaycanda aparılan islahatların da böyük rolu oldu. Müstəqillik əldə ediləndən indiyə qədər belə bir birlik nümayiş etdirilməmişdi. Eyni zamanda ölkə başçısı tərəfindən cəza siyasətinin humanistləşdirilməsi istiqamətində də indiyə qədər çox mühüm addımlar atılıb. Prezident hər zaman mərhəmət, humanizm prinsipini əsas götürərək, demək olar ki, hər il əfv sərəncamları imzalayıb. Təsadüfi deyil ki, 2003-cü ildən bu günə qədər ölkə prezidenti tərəfindən 34 əfv sərəncamı imzalanıb ki, bunun nəticəsində 4 mindən artıq şəxs cəzanın qalan hissəsindən azad edilib. Bununla yanaşı, Cinayət Məcəlləsinə də əhəmiyyətli dəyişikliklər olunub. Burada da minlərlə şəxsin cəzası ya azaldılıb, ya da onlar azadlığa çıxıblar. Bu gün də bu proseslər geniş miqyasda davam edir. Tovuz döyüşləri zamanı Bakıda orduya dəstək yürüşü zamanı parlamentə qanunsuz daxil olan bir qrup şəxs barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsi də bu humanist yanaşmanın növbəti bir nümunəsidir. Yaradılan birlik mühiti tarixi zəfərimizin əsaslarından birini təşkil etdi. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz böyük rəşadət nümayiş etdirdi. Bu, misilsiz bir qələbədir”.
Hüquqşünas çox ümidlidir: “Vətən müharibəsindəki möhtəşəm qələbəmizlə əlaqədar ölkə başçısı tərəfindən əfv sərəncamının verilməsini istisna etmirəm. Eyni zamanda Amnistiya Aktının da parlament tərəfindən verilməsini istisna etməzdim. Çünki belə bir parlaq qələbələr münasibətilə hər zaman böyük tədbirlər həyata keçirilib, qərarlar verilib, əfv sərəncamları imzalanıb, Amnistiya Aktları qəbul olunub. Bilirsiniz ki, Cümhuriyyətimizin yüz illiyi ilə bağlı cənab prezident böyük əfv sərəncamı imzalamışdı. Bəzi hallarda buna kiçik amnistiya da deyilirdi. Onu da bilirsiniz ki, I vitse-prezidentimiz parlamentin üzvü olarkən dörd dəfə Amnistiya Aktının qəbulu təşəbbüsü ilə çıxış edib. Bu gün Azərbaycan dövlətinin siyasətinin mərkəzində ölkə vətəndaşı dayanır. Bu siyasət bütün ölkə vətəndaşlarının rifahını təmin etməyə, həmçinin bütün vətəndaşlara münasibətdə qucaq açmağa, qayğıkeşlik nümayiş etdirməyə əsaslanıb. Əminəm ki, yaxın vaxtlarda ölkə başçısı tərəfindən böyük əfv sərəncamının şahidi olacağıq.
Əfv Komissiyasının üzvü kimi belə bir təşəbbüsü dəstəkləyirəm. Hesab edirəm ki, Milli Məclis tərəfindən böyük qələbəmiz, işğal altındakı torpaqlarımızın azad edilib, o yerlərdə bayrağımızın dalğalanması münasibətilə geniş Amnistiya Aktı qəbul olunsa, çox yaxşı olardı. Cəmiyyətdən gələn təşəbbüslər, cənab prezidentin atdığı addımlardakı ardıcıllıq bizə bu qənaətə gəlməyə əsas verir. Dekabrın 10-da erməni faşizmi üzərindəki möhtəşəm qələbəmizlə bağlı Bakıda Qələbə Paradı keçiriləcək. Bütün bunlar bizləri ümidləndirir ki, böyük Amnistiya Aktı da, əfv sərəncamı da olacaqdır. Dövlət başçısı andiçmə mərasimindəki çıxışı zamanı demişdi ki, hər bir Azərbaycan vətəndaşının prezidenti olacam. Hər zaman da bu mesajına sadiqlik nümayiş etdirib. Hər bir ölkə vətəndaşının prezidenti olub. Əlbəttə, istənilən cəmiyyətdə fərqli fikirlər var. Amma bu fikirlər konstitusion çərçivədə olmalıdır.
Bu, düşmənçilik səviyyəsinə gəlib çatmamalıdır. Fərqli fikirlər, tənqidlər istənilən cəmiyyətin inkişafının lokomotivləri olur. Əsas olan odur ki, burada obyektivlik olsun. Burada məsələlərə düzgün yanaşma sərgilənməli, inkişafa yönələn çağırışlar olmalıdır. Təəssüflər olsun ki, Azərbaycanda heç də hər zaman belə olmayıb. Bizdə siyasi münasibətlər sistemində bəzi hallarda müəyyən qruplar tərəfindən bu münasibətlərin düşmənçilik səviyyəsinə gəlib çıxmasına cəhdlər olub. Amma əsas məsələ ondan ibarətdir ki, bu günləri Azərbaycanda tamam fərqli siyasi konfiqurasiya yaranmaqda, formalaşmaqda və dərinləşməkdədir. Bu yeni siyasi konfiqurasiyaya Azərbaycan prezidenti 2018-ci ildə parlamentdə üçüncü prezidentliyi zamanı toxunmuş və qeyd etmişdi ki, ölkəmizdə belə bir siyasi mühit yaranır. Bunun üçün dərhal ölkə başçısı tərəfindən çox mühüm qərarlar qəbul olundu. Prezident Administrasiyasında ciddi dəyişikliklər baş verdi. Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yarandı. Bu şöbə də bütün siyasi partiyalarda fəaliyyətini bərabər səviyyədə qurmağa çalışdı və hesab edirəm ki, indiki şəraitdə buna nail də oldu. Ölkədə bir siyasi dialoq gedir. Məhz bunun nəticəsidir ki, 27 sentyabrda Azərbaycan Ordusu əks-hücuma keçərkən cəmiyyətimizdə böyük bir həmrəyliyin şahidi olduq”.