azia.az
azia.az

Vergi və seçki (Düşünmək üçün)

31-08-2020, 15:54

Vergi və seçki (Düşünmək üçün)

Bu mövzuda bir neçə dəfə yazmışam, amma görünən odur ki, Azərbaycan hökuməti hələ də vergi və rüsumların alqoritmini, fəlsəfəsini anlaya bilmir.
İnsanlıq tarixində vergi və seçim imkanı həmişə bərabər addımlayıb. İlk səsvermə hüququ vergi ödəyicilərinə tanınıb – məntiqi də sadə və əsaslıdır: Vergi ödəyirsənsə, o vəsaitin necə xərclənməsini də bilməlisən – vəsaitin xərclənməsinə nəzarəti seçdiyin, güvəndiyin insanlar həyata keçirməlidir. Əslində tarixdə parlamentlərin yaranması məhz vergilərin yığılmasına və xərclənməsinə nəzarət ehtiyacı səbəb olub. Vergi, rüsum vətəndaşın borcudursa, seçki də o zaman vətəndaşın haqqı olmalıdır. Seçki yoxdursa, vergi də yoxdur – ta qədimdən 20-ci əsrə qədər mexanizm belə çalışıb, vergi və rüsum ödəyən qərarların qəbulunda birbaşa, və ya təmsilçisi ilə iştirak hüququ qazanıb. Xanimların səsvermə hüququndan uzun zaman məhrum olmaları tək “kişi dominantlığı” və diskriminasiyası ilə izah edilmir (bu da olub və təəssüf ki, dünyada davam edir), həm də ona görə məhrum idilər ki, onlardan vergi alınmırdı. Mülkiyyəti olmayanlar uzun zaman səsvermə hüququndan məhrum olublar, çünki vergi mülkiyyətə, mülkiyyət hüququ isə idarəetmədə iştirakçılığa bağlıdır.
Azia.Az yazır ki, bunu politoloq Natiq Cəfərli yazır. Daha sonra Natiq Cəfərli yazır:
Bizim hökumət pis-yaxşı vətəndaşlara mülkiyyət hüququ tanıyıb (bu hüquq da zaman-zaman pozulur), vergi və rüsum yığır, amma səsvermə hüququnu formallaşdırıb, demək olar ki, vətəndaşın əlindən alıb. Ona görə də, bizim vətəndaş ödədiyi vergi və rüsumu dövlətin idarəedilməsində pay kimi deyil də, itirilmiş vəsait kimi görür. Sosial Müdafiə Fonduna, yəni təqaüd fonduna ödənişlərə də elə baxır – düşünür ki, ora ödədiyi vəsait itirilmiş puldur, çünki gələcəkdə həmin vəsaitin geri dönəcəyinə inanmır.
Rüsum və vergilərin vətəndaşlar tərəfindən rahat ödənilməsi üçün onların səsvermə hüququ bərpa edilməlidir. Vətəndaşlarda vergi ödəmək mədəniyyəti səsverməsiz yarana bilməz, bu mümkün deyil.

Yaxşı, indiki şəraitdə vergi və rüsum ödəmə mədəniyyətinin formalaşması üçün seçki hüququnun tam bərpasından başqa nə etmək olar?! Sovetdən çıxmış və uzun zaman vergi-rüsum ödəmək mədəniyyətinin olmadığı toplumlarda ilk addım kimi sadələşdirilmiş vergi-rüsum sistemi olmalıdır. Neft-qazla zəngin ölkələrdə isə bunu etmək daha asandır. Məmləkətin builki büdcəsinin 58%-i birbaşa Neft Fondundan daxil olur, 42%-i isə vergi, rüsum və digər daxilolmalardır. Ona görə də bizdə vergi-rüsum ödənişləri məntiqə və rassional sadələşdirilmiş sistemə əsaslanmalı, ancaq dövriyyə nəzərə alınmalıdır.
Məsələn, Gömrükdə 0-dan 15%-ə qədər nəzərdə tutulan, insan faktoruna əsaslanan, korrupsiyaya rəvac verən sistem ləğv edilməlidir. Cəmi 2 növ rüsum olmalıdır: İxrac edirsəndsə dəyərin 1%-i, idxal edirsənsə dəyərin 10%-i – vəssalam. Nə istəyirsən ixrac elə, nə istəyirsən idxal elə, ancaq bu rəqəmlər olmalıdır. Təbii ki, hökumət fərdi yanaşma ilə bu faizləri artıra bilməz, amma azalda bilər: Məsələn, ölkədə hər hansı bir məhsul çatışmayanda 10% idxal rüsumunu sıfıra, və ya, hər hansı bir malın-məhsulun ixaracını stimullaşdırmaq üçün 1% ixrac rüsumunu da sırıra sala bilər. Yəni, ancaq azalda bilər, artırmağa qadağa qoyulmalıdır.

Gələk vergilərə, məmləkətdə Vergi Məcəlləsinin başına min oyun açılıb, 2016-cı ildən bu günə Məcəlləyə 400-ə yaxın əlavə və dəyişikliklər edilib, qəliz və mənasız Məcəllə tədbiq edilir. Bu da sadələşdirilməli, cəmi 4 istiqamət müəyyən edilməlidir: 1) Xidmət, 2) İstehsal, 3) Təmir-tikinti, 4) Ticarət. Bütün iqtisadi fəaliyyəti bu 4 istiqamət üzrə təsnifatlaşdırmaq olar və tək bir vergi növü – dövriyyədən vergi tədbiq edilməlidir. 1) Ən yüksək vergi Xidmət sahəsində ola bilər (turizm, kafe-restoran və s.) – dövriyədən 10%, yəni, vətəndaş kafe-restorana gedəndə 30 manat hesab gəlirsə, elə hesabdaca 10% də vegisi yazılır və vətəndaş 33 manat ödəyir, 3 manatı birbaşa büdcəyə gedir. Qısası, kafe-restoran sosial məsələ deyil, 10% hesaba artıq verməyi gözə alan gedir, pulunu ödəyir, 2) Ticarətdə isə (ərzaq-qeyri ərzaq, fərq etməz) 8% dövriyyədən vergi tutulmalıdır, yəni, sən 10 manatlıq nəsə alırsansa 80 qəpiyini də çekdə vergi kimi ödənilməsi göstərilir, 1000 manatlıq paltar alsan, 80 manatını büdcəyə vergi verməyi gözə almalısan, 3) Təmir-tikintidə ancaq 5% dövriyyədən vergi olur, yəni, tikinti şirkəti 50 min mantlıq ev satırsa, 2500 manatlıq da vergi çeki yazır, və ya, usta 100 manatlıq təmir işi görürsə, 5 manat da vergisini alıb büdcəyə köçürür, 4) İstehsal sahəsi isə cəmi 1% vergiyə cəlb olunur, istehsal etdiyi malın dəyərinin cəmi 1%-i büdcəyə köçürür – bu həm istehsalı stimullaşdırır, həm də hesabatlılığı şəffaflaşdırır.
Bu vergi-rüsum növlərindən başqa bütün növ vergilər və rüsumlar ləğv edilir və hökumət azı 5 il bu qaydalarla işləyəcəyinə zəmanət verir. Bu təklif reallaşsa, həm kölgə iqtisadiyyatı ləğv ediləcək, həm də büdcəyə bir müddət sonra indikindən daha artıq vəsait toplanacaq. 5 ilə vergi mədəniyyəti formalaşdıqdan sonra növbəti 5 il üçün vergi-rüsum dərəcələrini hər sahədə 2% artırmaq olar – sabitlik və inkişaf belə olur, zopa ilə təmin edilmir.

(Ardı var, gələn bazar da təqaüd sistemi haqqında yazacam, bu sahədə ödənişlətrin alqoritmini göstərməyə çalışacağam və bir də dövlət mülkiyyətində olan sahələrin vergi-gömrük siyasətinin kodlarının necə doğru olması, əmək haqqından necə vergi tutulması haqqında fikirlərimi bölüşəcəm).


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi