“Pulu olanın uşağı məsafəli təhsil alacaq, pulu olmayan savadsız qalacaq” – Azər Qəribov
Azia.az xəbər verir ki, Azərbaycansayağı karantin gələcəyimizi məhv edir.
Mən iqtisadiyyatı demirəm, bu cəhətdən ola biləcək fəsadları tam həcmdə dərk etmək iqtidarında deyilik hələ ki. Təhsilimizi nəzərdə tuturam.
Mən tez-tez rayonlara gedirəm işlərimlə bağlı, dünən də qayıtmışam Qəbələdən.
Kəndlərdə uşağlarla söhbət edirəm, "hansınızda komputer, ya planşet var?" sualını verirəm.
Cavablar üzücüdür, 5 nəfərdən birində olar-olmaz. Bəs bunlar məsafəli necə oxuyacaqlar, necə təhsil alacaqlar, necə savada yiyələnəcəklər, karantinsevərlərin varmı buna cavabı?
Karantinə ciblərinin doldurulması imkanı kimi baxanlar düşünürlərmi bu barədə?
Ümumiyyətlə, karantin şərtlərini tədbiq edənlərin bu istiqamətdə hər hansı bir planı varmı? Bir büdcə ayrılıbmı ucqar kəndlərdə yaşayan uşağlara, aztəminatlı ailələrə müasir texnoloqiyaların alınmasına?
Küçə adları ilə manipulasiya edib iki generalın xatirəsini təhqir edənlərin bir planı varmı bu haqda?
İllərlə çaylı-bulaqlı dağların ətəyində yerləşən kənd camaatının su problemini həll edə bilməyənlərin varmı bu istiqamətlə bağlı bir ideyaları, təklifləri, tədbirlər planı?
Yoxsa işlərini yalnız mərkəzi küçələrin bəzənməsi və təmtəraqlı raportlar verməkdə görürlər?
Bu, həddindən artıq vacib bir məsələdir. Həm təhsil sarıdan, həm də ədalət və bərabərlik prinsipləri nöqteyi nəzərdən.
Əgər bu məsələyə lazımı diqqət yetirilməsə, sosial bərabərlik standartlarını unutmaq olar. Onsuzda indi pulu olanın yaxşı təhsil almaq imkanları daha çoxdur, karantin isə bu kontrastları daha da kəskin edəcək və edir.
Pulu olanın uşağı məsafəli təhsil alacaq, pulu olmayan həm savadsız qalacaq, həm də imkanlılara nifrəti və qəzəbi daha da artacaq, bir sıra komplekslərin qurbanı olacaq.
Mən Operativ Qərargahı bu problemə ən ciddi diqqət yetirməyə çağırıram.
Eyni zamanda, təklif edirəm ki, ərzaq yardımları ilə yanaşı, xeyriyəçiliklə məşqul olan təşkilatlar bu məsələyə də nəzər salsınlar, imkansız ailələrin uşaqlarına planşet alınmasında dəstək olsunlar.
Özəl biznes strukturları da yardımçı ola bilərlər, mən belə addımların işıqlandırmasında, bununla bağlı tədbirlərdə, çağırışlarda iştirak etməyə hazıram.
Amma bu yardım ünvanlı olmalıdır, yerli orqanlara paylanmaq üçün verilsə, rayonun ən imkanlı məmurların evlərinə gedəcək planşetlər…
Azər Qəribov
Tanınmış jurnalist