azia.az
azia.az

Məmurlar Prezidentimizin tapşırıqlarını necə yerinə yetirir?

17-08-2020, 12:46

Məmurlar Prezidentimizin tapşırıqlarını necə yerinə yetirir?

Məmurlar Prezidentimizin tapşırıqlarını necə yerinə yetirir?

İtirəcək heç bir şeyim olmamağından olsa gərək hər zaman bir çoxlarının yazmağa cəsarət etmədiklərini mən yazmışam. Buna rəğmən siyasi baxışlarımdan dolayı bəzi oxucularımız məni “saray tarixçisi” adlandırırlar. Qorxu normal bir fizioloji prosesdir və insanlar bir çox şeydən qorxarlar. Lakin, bir fövqəladə hal vardır ki, istisnadır. O da Vətən amilidir. Vətənə görə oğullarımız qorxmadıqları üçün vuruşurlar və bəzən ölümün üzünə dik baxsalar da şəhid olurlar. Əsgərlərimizin işi Vətən sərhədlərini qorumaqdırsa tarixçilərimizin də işi Vətənin tarixini qorumaqdır. Çünki, ermənilər bizimlə sadəcə fiziki müharibə aparmır, eləcə də informasiya müharibəsi şəraitindəyik. Belə bir durumda əgər Vətən tarixinə, onun müxtəlif dövrlərinə çeşidli saldırılar olursa, qorxmaq onun fiziki formada işğal olunması kimi mənən işğal olunmasına gətirib çıxaracaq.

Azia.az xəbər verir ki, Təhsil Nazirliyinin Ekspert şurasının yeni “qərarı”...

Dünən rəsmən aldığım bu məlumat məni mənən çökdürülmüş hiss etdirilməyə zorladı. Açığı haradan və necə başlayacağımı və necə qısa və aydın şəkildə göstərməyim gərəkdiyini bilmirəm. Demək Təhsil nazirliyi yanında Ekspert Şurası təşkil olunur, həmin Ekspert Şurası “dünya təcrübəsindən” bəhrələnib Azərbaycan Tarixi və Dili üzərində ekspert təcrübələri keçirmək qərarına gəliblər. Qəribəsi budur ki, təxminən 50 milyonluq Azərbaycan əhalisinin (tarixi Azərbaycanda bu qədər azərbaycanlı yaşayır və bu tarixə kimliyindən asılı olmayaraq hər kəsin haqqı çatır, çünki bu tarixi onların ata-babaları yazdı) adından müzakirə aparılmadan, tarix üzrə ixtisaslaşmış alimlərin fikrini almadan, universitetlərdə dərs deyən müəllimlərlə razılaşdırmadan özlərindən “Amerika” kəşf etməyə cəhd ediblər. Yəni Azərbaycan Universitetlərində qeyri-tarix (fizika, kimya, biologiya, hüquq, filologiya, şərqşünaslıq və s.) fakültələri üçün “Azərbaycan Tarixi” fənni 75 akademik saatdan 60 akademik saata endirildi və əsas istiqamət kimi müasir Azərbaycan dövlətçiliyinin ənənələri olaraq göstərildi. Yeni “təhlil və kəşflərə” əsasən universitetlərdə tədris saatları onsuzda qədim dövlətçilik tariximizin sığışdırılmasında çətinlik çəkdiyimiz dərs saatları azaldılır, bu bəs deyilmiş kimi Azərbaycan tarixi 1918-Cİ İLDƏN SONRA tədris olunur. Nəticədə 10 min illik dövlətçilik tariximizin üzərindən xətt çəkirik, müasir dövlətçilik tariximizi cılız, kökü olmayan dövlətçilik kimi göstərib onu yenicə yaranan və mövcud ərazilərə iddia etməyəcək bir duruma gətiririk. Beləliklə Cənubi Azərbaycanı İrana, Qərbi Azərbaycanı Ermənistana, Borçalını Gürcüstana, Dağıstanı Rusiyaya hədiyyə edirik. Yəni ermənilərin “Siz Qafqaza gəlməsiniz və ilk dövlətiniz 1918-ci ildə yaradılmışdır” nəzəriyyəsini bu islahatlarla birbaşa təsdiq edirik. Hansısa xarici qüvvələrin marağına birbaşa xidmət edən bu “islahatların” məqsədi Azərbaycanın deyil tarixi torpaqlarına, həmçinin Qərbi Azərbaycana və Dağlıq Qarabağa olan iddialarının üzərindən xətt çəkməkdir. Yəni öz qədim dövlətçilik tarixini öyrənməyən Azərbaycan gənci sabah Dağlıq Qarabağı da unudacaq. Bundan başqa, layihədə yer alan son 100 illik dövlətçilik tariximizin 70 ili SSRİ tarixi ilə bağlıdır. Belə qənaətə gəlmək mümkündür ki, bizim gənclərə dövlətçilik pərdəsi altında SSRİ tarixi daha geniş formada çatdırılmalıdır, nəinki, Səfəvilər və ya Əfşarlar tarixi. Bu o deməkdir ki, 70 illik boyunduruq altında olan tarixi tələbələrə yeritməklə onlara qul psixologiyasını aşılamq fikrindədirlər. Eyni zamanda Sovet tarixini geniş tədris etdirməyi planlamaqla dövlətçiliyimizə zərbə vuran hansısa bir siyasi qüvvələrin təbliğatını aparırlar.

Elədirsə, son zamanlar əldə etdiyimiz və qürurla sərgilədiyimiz xarici siyasətimizin nə önəmi qalacaq? Biz deyil torpaqlarımızı işğal edən, övladlarımızı süngüyə taxıb, qız-gəlinimizə təcavüz edən ermənilərin etdiklərinə göz yummuş olacağıq. Bütün bu fikirləri ümumi təhlil edib belə bir qənaətə gəlmək mümkündür ki, bu islahatlar birbaşa Azərbaycan Respublikasının dövlətinə edilmiş bir xəyanətdir, dövlətçiliyimizi köksüz göstərərək guya “ənənələr” adı altında onu cılızlaşdırır və bu da Prezidentimiz İlham Əliyev cənabının uğurlu daxili və xarici siyasəti ilə tərs mütənasibdir, ona kölgə salır.

Prezidentimiz İlham Əliyevin tariximizə verdiyi önəm

Bütün bunları gördüyüm zaman Prezidentimizin (mən onun uğurlu siyasət aparmağından əminəm və hər şey göz qabağındadır, sadəcə bəzi məmurlar bu xalqa düşmən kəsilib və dövlətimizin gerçəkləşdirdiyi uğurlu siyasətə ya kölgə salmaq istəyir, ya da onu ləkələməyə can atır) Vətənimizin tarixinə, övladlarımızın milli ruhda təhsil almasına verdiyi önəmi xatırlamaya bilmirəm. Cənab Prezident yeni Təhsil Naziri ilə görüşündə deyirdi: “Əlbəttə ki, gənclərin tərbiyə edilməsi ilə əlaqədar Təhsil Nazirliyinin çox böyük funksiyaları vardır. Gənclərin tərbiyə olunması, əlbəttə, ilk növbədə, ailələrdə baş verir.

Mən çox şadam ki, Azərbaycan cəmiyyəti əsrlər boyu ailə dəyərlərini qoruyub saxlaya bilib. Ailədə verilən tərbiyə xalqımızın gələcəyini də təmin edəcəkdir. Ancaq bununla paralel olaraq, bizim həm orta, həm də ali məktəblərdə tərbiyə işinə yüksək, böyük diqqət verilməlidir. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalı, Vətənə bağlı olmalıdırlar, Vətəni sevməlidirlər. Xüsusilə, bu gün hər bir vətənpərvər Azərbaycan vətəndaşı öz Vətəni ilə fəxr edə bilər. Azərbaycan bu gün istənilən sahədə böyük uğurlar əldə edib.”..Kaş məmurlar onun dedikləri hərifiyən yerinə yetirsə. İ. Əliyev həmin görüşdə həmçinin deyirdi ki, “Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki sirr deyil ki, bu gün bəzi hallarda bəzi xarici dairələr gənclərimizin beyinlərini zəhərləmək, onlara xalqımıza yad olan dəyərləri aşılamaq istəyirlər. Buna qətiyyən yol vermək olmaz. Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır, Vətənə bağlı olmalıdır, Azərbaycan dəyərlərini hər şeydən üstün tutmalıdır, öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir, fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Ona görə bu məsələyə çox böyük diqqət verilməlidir. Mən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri müsbət qiymətləndirirəm. Mən görürəm ki, yeni, müasir nəsil yetişir. Müstəqillik dövründə doğulmuş və ya formalaşmış nəsil yetişir. Müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək. Ölkəmizin müstəqilliyi, firavanlığı onlardan asılı olacaq. Onlar milli maraqları bizim qədər, heç nəyə baxmadan müdafiə etməlidir. Heç bir təzyiqə, hədə-qorxuya, əsassız ittihamlara baxmayaraq, Vətən məhəbbəti və milli dəyərlər onlar üçün hər şeydən üstün olmalıdır. Amma buna nail olmaq üçün onlar milli ruhda tərbiyə almalıdırlar. Əgər qloballaşma adı ilə bizə yad olan və faktiki olaraq manqurtlaşma, eyniləşmə siyasəti idxal ediləcəksə, onda bizim gənclərimiz gələcəkdə ölkəmizin maraqlarını qoruya bilməyəcəklər. Bu, təkcə Təhsil Nazirliyinin vəzifəsi deyil, bu prinsiplər, ilk növbədə, ailələrdə, məktəbdə, uşaq bağçasında, ali məktəbdə, orduda və cəmiyyətdə üstünlük təşkil etməlidir.”. Eyni zamanda Prezidentimiz tövsiyə etmişdir ki, tarixçilər İrəvanın tarixi Azərbaycan torpağı olmasının sübut etməlidirlər. Tarixini 1918-ci ildən başladığını tədris edən tələbə özünü erməni qarşısında necə savunacaq? Və ən qədim tarixindən xəbərsiz olan ali məktəb tələbəsi öz vətəninə və onun dərin kökləri olan dövlətçiliyinə necə güvənəcək? Ermənilərlə informasiya müharibəsi aparan Azərbaycan gənci nəyə istinadən “Böyük Ermənistan” iddialarına cavab verəcək? Necə qədim tarixi olduğu gerçəyini dünyaya çatdıra biləcək? Bu ermənilərin artıq Qafqazda gəldiyinə haqq qazandırmaq deyilmidir? Cənab İlham Əliyevdən yuxarıdakı gətirdiyimiz sitatlar bu sualların cavabıdır. Amma təxmini bir-iki həftə söylənilmiş sözlərlə həmin Ekspert Şurasının verdiyi qərar üst-üstə düşmür axı?

Digər bir məqam, əgər tariximizi 1918-ci ildə öyrənməyə başlayırıqsa onda ermənilər artıq Qafqaza

köçürülüb və hətta Bakıya qədər gəlib çıxıb, burda soyqırım belə törədib. 1918-ci ilə qədər tariximizdən vaz keçiriksə biz Türkmənçayı öyrətməmişik, ermənilərin məhz bu anlaşmanın 15-ci maddəsi ilə kütləvi surətdə Qərbi Azərbaycan və Qarabağa köçürülməsindən xəbərimiz yoxdur. Bu addımla biz dövlətçilik tariximizin əsas dövrlərindən birini əhatə edən Səfəvilər tarixini öyrətməyib İrana peşkəş vermişik. Bu “islahat” Azərbaycan Tarixinə ağır bir zərbə və ya soyqırımıdır və burada iştirak edənlər birbaşa qədim dövlətçilik tariximizin olması fikrini səsləndirən Cənab Prezidentimizin siyasətinə əks siyasət yürüdərək erməni dəyirmanına su tökmüş olur və bizim Qarabağa olan iddiamızın önündən sədd çəkmiş olur. Dövlət Təhlükəsizlik Xidmətinə və Azərbaycan Respublikası Prokurorluğuna səslənirəm, tezliklə Prezidentimizin siyasətinə əks formada yönəldilən və dövlətimiz üçün zərərli olan atılmış bu addımın önü alınmalıdır.

Məntiqsiz əsaslandırmalar və ya xəyallar aləmində yaşamaq

Ekspert Şurası əsaslandırıb ki, guya orta məktəblərdə Azərbaycan tarixi tədris olunduğuna görə ali məktəblərdə buna ehtiyac yoxdur. Bu Azərbaycan xalqını və dövlətini ələ salmaqdan başqa bir şey deyil. Birincisi 5-ci sinif şagirdinin vətəni dərk etməsi ilə ali məktəbin birinci kurs tələbəsinin dərrakəsi eynidirmi? Biz ali məktəblərdə Azərbaycan xalqının etnogenezi mövzusunu keçərək ona öz kimliyini izah edirik və onların istəyi insanlar kim olduğunu bilməyib manqurdlaşsınlar. Bu dövlət siyasətimizə ziddir.

İkincisi gəlin nə özünüzü, nə də bizləri aldatmayın, 2012-ci ildən texniki istiqamətli qruplara Azərbaycan Tarixi fənnini tədris edirəm, tələbələr orta məktəbdə aldıqları sıfır tarix biliyi və vətənin tarixinə nifrətlə universitetlərə gəlirlər və biz əlimizdən gələn qədəri ilə tariximizi sevdirməyə çalışırıq. Əksəriyyəti bu fənnin sıxıcı olduğunu deyirlər. Çünki, orta məktəb uşağı vətəni dərk edə bilməz. Orta məktəbdə əsil Azərbaycan tarixi dərsləri sadələşdirilməli, xronologiya azaldılmalı və müxtəlif üsullarla bu fənn uşaqlara əyləncəli bir formada sevdirilməlidir. Digər bir məsələ, indi biz Sovet dövründə yaşamırıq ki, xəyali illik plan verək. Hər kəsə aydındır ki, indi repetitor gerçəyi var və şagirdlər 8-ci sinifdən öz ixtisasları üzrə repetitor yanına gedir digər fənləri önəmsəməyirlər. Orta məktəblərdə hazırlığa gedən biri vətən tarixi mi oxuyacaq, siz xəyallar aləmindəsiniz və ya kimi aldadırsız və ya istəyiniz budur ki, tələbələr vətən tarixinə və dövlətçiliyimizə nifrət etsinlər, bu müstəqil dövlətçiliyimizin gələcəyinə təsir etməzmi? Azərbaycan tarixi orta məktəb dərsliklərinə gəlincə. Niyə bu dərsliklərdə çoxlu sayda xronologiya var, mətnlər mürəkkəb dil ilə yazılıb və çoxlu sayda terminologiya var, bütün bunlar isə uşaqlarda nifrət hissi oyadır.

İddia edirlər ki, Avropada Tarix az tədris olunur. Birincisi, Avropa ilə biz bir deyilik və Avropa dövlətlərinin çoxunun Ermənistan işğalında torpaqları yoxdur, Qarabağ problemi yoxdur, Avropa dövlətləri bizim kimi öz tarixi torpaqları ilə həmsərhəd deyil. İkincisi, söhbət etdiyim hər kəs həm Amerikada, həm də Avropada öz tarixlərini ciddi keçdiklərini deyirlər. Yetər tariximizin müxtəlif dövrlərinə qara yaxmağınız, yetər bu millətlə alçaldıcı davranmağınız, yetər bizə öz kökümüzü unutdurduğunuz.

Son olaraq...

Qınayıram, tarixçiləri və özünü ziyalı hesab edənləri, millət vəkillərini (indi özlərinə obyekt açmaq və yaxınlarını vəzifəyə qoymaqla məşğuldurlar). Tariximiz, mədəniyyətimiz, dilimiz, mənəviyyatımız əldən gedir. Ziyalı dediyin susmaz, etiraz edər, özəlliklə belə bir hadisəyə. Bilirəm yenə çoxu görməzdən gələcək, susacaq, göz yumacaq, bir iki nəfərin səsi çıxacaq, birlik olmayacaq, və biz məhv olacağıq, yox olacağıq. Sovet dövründə tariximiz bu qədər əzilməmişdi, biz buna görə müstəqillik əldə etdi? Tək istəyim biganə qalmayın, mən qorxmadan yazdım, olsun bəlkə müəllimlik karyeram bitər, bitsin, amma gələcəkdə vicdanım rahat olacaq. Tovuz döyüşlərini xatırlayıram, gənclərin çoxu ermənilərlə informasiya müharibəsi aparırdı. Bunun üçün tarixi faktlara ehtiyac vardı. Gələcəkdə belə bir durum yaşanarsa onda gənclər ki, tarixdən bixəbər olacaqlar, “siz bura gəlməsiz, buralar erməni torpağıdır, almanlar da ermənidir” deyən ermənilərə necə cavab verəcək? Bəlkə sizin istəyiniz budur ki, belə durumlarda cavab verə bilməyən bir nəsil yetişsin. Əsgərlər Vətəni səngərdə müdafiə edirlər, alimlər isə vətəni elmlə müdafiə edirlər, bir çoxunuz səngəri qoyub qaçırsınız, alimlər. Gələcək nəsil bunu bizə bağışlamaycaq və siz vətən xaini kimi xatırlanacaqsınız.

Sonda öz Prezidentimə, dövlətimə güvənərək ümid edirəm ki, Ümummilli Liderimiz Heydər Əliyevin əziyyət bahasına yenidən əldə etdiyi dövlətçiliyimiz əleyhinə yönəlmiş bu provokasiya dövlətimizin uyğun orqanları tərəfindən zərərsiz hala gətiriləcək. Prezidentimiz həmişə xalqımızın yanında olub, yenə də olacaq. Mənim bu dünyada yeganə güvənc yerim dövlətimizdir.
Bayram Quliyev

tarix üzrə fəlsəfə doktoru.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi