Prezident Əliyevdən daha bir ilk - Azərbaycanın regional oyunçu mövqeyi güclənir
Mayın 4-də Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkilatın Təmas Qrupu formatında zirvə görüşü keçirilib. Zirvə görüşü qlobal bəlaya çevrilmiş və bəşəriyyətin başı üzərində “Domokl qılıncı” kimi asılmış koronavirusla mübarizəyə həsr olunmuşdu. Tədbirin əsas şüarı isə bu idi: “COVID-19-a qarşı birlikdəyik!”
Xəbər verildiyi kimi, İlham Əliyev zirvə görüşündə açılış nitqi söyləyib. Prezident nitqində vurğulayıb ki, bütün dünya dövlətlərinə mənfi təsir göstərən COVID-19-a yalnız qarşılıqlı dəstək, özünə qapanmama və birgə səylərlə qalib gəlmək mümkündür. Bu xüsusda o, Azərbaycanın təşəbbüsü ilə keçirilən artıq 2-ci Zirvə Görüşü olduğunu qeyd edərək, ölkənin sədri olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının da onun təşəbbüsü ilə aprelin 10-da COVID-19-a qarşı təşkil edilən Zirvə Görüşünü xatırladıb.
Zirvə görüşündə İlham Əliyev ölkəmizdə koronavirus epidemiyasının yayılmasının qarşısının alınması üçün vaxtında həyata keçirilən çevik və zəruri qabaqlayıcı tədbirlər barədə məlumat verərək bildirib ki, pandemiya dövründə Azərbaycan üçün prioritet məsələ insanların sağlamlığı, onların sosial müdafiəsinin təmin edilməsidir. Ölkədə həyata keçirilən bütün bu tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alınıb. Son üç həftə ərzində Azərbaycanda xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasında müsbət dinamika yaranıb.
Prezident İlham Əliyev habelə pandemiya şəraitində Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün görülən işlərdən danışıb, bu məqsədlə 3.5 milyard manat və 2 milyard dollardan çox məbləğdə sosial-iqtisadi dəstək paketinin qəbul olunduğunu bildirib. Ümumilikdə dövlət sektoru üzrə 900 mindən çox işçinin əməkhaqqı tam həcmdə saxlanılıb, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa yaşayış minimumuna uyğun olaraq iki ay ərzində vəsait ödənilir. Ən əsası, dövlətin həyata keçirdiyi bu tədbirlərə vətəndaşlarımız tərəfindən çox yüksək qiymət verilir.
Buradaca qeyd edək ki, Azərbaycanda COVİD-19-la dövlət səviyyəsində mübarizənin effektiv təşkili, bütövlükdə Azərbaycan təcrübəsi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təqdir edilərək, başqa ölkələrə nümunə kimi göstərilib, Rusiya, Ukrayna, Ruminiya və başqa ölkələrin KİV-lərində bu barədə geniş yazılar dərc edilib. Bütövlükdə Azərbaycanda sosial-iqtisadi sferada həyata keçirilən tədbirlər dünyanın aparıcı maliyyə-iqtisadi qurumları, o cümlədən Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən yüksək qiymətləndirilir.
Məlum olduğu kimi, zirvə görüşünün yekununda Qoşulmamaq Hərəkatının tarixi bəyanatı qəbul edilib. Bəyanatın sonunda görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etdiyi üçün Azərbaycan prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevə xüsusi minnətdarlıq ifadə edilir.
Qeyd edək ki, BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilat sayılan və 120-dən çox ölkəni birləşdirən qurumun ötən ilin oktyabrında Bakıda baş tutan növbəti Zirvə Görüşündə təşkilata sədrlik üç illiyə Azərbaycana keçib. Ölkəmizin Hərəkata üzvlüyündən qısa müddət sonra ona sədrlik etməyə başlamasının özü bir yandan, üzv dövlətlərin Azərbaycana olan etimadın və onun beynəlxalq nüfuzunun artmasının göstəricisidirsə, digər yandan, Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir.
Göründüyü kimi, Azərbaycan dünyadakı fövqəladə şərtlərə, böyük çətinliklərə, ərazisinin 20%-nin erməni işğalı altından olması nəticəsində köçkün ordusuna malik olmasına rəğmən, öz missiyasını ləyaqətlə yerinə yetirir, qlobal pandemiya şəraitində dövlətlər və xalqlar arasında kommunikasiya qurur, körpü yaradır, ümumbəşəri bəlanın ram edilməsi üçün əlindən gələni edir, öncüllük nümunəsi göstərir. Təsadüfi deyil ki, Azərbaycan prezidentinin zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsü üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənib.
Beləcə, Azərbaycan müstəqillik tarixində növbəti ilkə imza atmış oldu. Özünü o, bir daha beynəlxalq siyasətdə aktiv, təşəbbüskar, qlobal sülhə töhfə verməyə qadir ciddi dövlət kimi, nəhayət, mühüm regional oyunçu, baş tutmuş uğurlu dövlət qismində təsdiqləməyi bacardı.
Bu da əlamətdardır ki, Qoşulmama Hərəkatının tarixində ilk dəfə olaraq, Avropa İttifaqının rəsmisi zirvə görüşündə iştirak və çıxış edib. Məhz Azərbaycan daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi ilə bağlı bir araya gətirməyə müvəffəq olub ki, bu da ölkəmizin siyasi aktivinə yazılacaq.
Diqqət çəkici olan həmçinin, odur ki, bu gün məhz Azərbaycanın sədrlik elədiyi Qoşulmama Hərəkatının fikir mübadiləsi, beynəlxalq həmrəylik və əməkdaşlıq üçün səmərəli platformaya çevrildiyinin əyani şahidi olmaqdayıq. Fakt budur ki, qlobal əməkdaşlığa güclü ehtiyac duyulduğu bir şəraitdə dövlətlər, eləcə də bir sıra beynəlxalq və regional təşkilatlar adekvat reaksiya göstərə, beynəlxalq həmrəyliyin gücləndirilməsi ilə bağlı zəruri addımlar ata bilməyib. Hazırda qlobal liderliyə ehtiyac duyulan bir şəraitdə və vaxtda prezident İlham Əliyev təşəbbüs irəli sürərək “özünəqapanma sindromu”nun heç kəsə xeyir verməyəcəyini nümayiş etdirdi və dünyanın ayrı-ayrı qitələrindən müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu. Nümunəvi bir addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi.
Sözsüz ki, Azərbaycan dövləti özünün bu təşəbbüsləri, praktiki addımları ilə həm də beynəlxalq həmrəyliyin möhkəmlənməsinə, hazırkı mürəkkəb şəraitdə dövlətlər və xalqlar arasında təmasların yüksəlməsinə, qlobal pandemiya ilə mübarizədə bütün səylərin səfərbər olunmasına ciddi töhfələr verməkdədir.
Bundan əlavə, 40-a yaxın ölkənin dövlət və hökumət başçısının, XİN rəhbərlərinin, BMT Baş Assambleyası prezidentinin, Afrika İttifaqının sədrinin, ÜST baş direktorunun iştirak etdiyi Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə Toplantısı Azərbaycana və onun başçısına dünyada olan inamın, etibarın və etimadın göstəricisi sayıla bilər.
Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Qəbul olunmuş yekun bəyannamədə dəyərli və vaxtında irəli sürülmüş təşəbbüsə görə prezident İlham Əliyevə xüsusi təşəkkürün öz əksini tapması bunun bariz təzahürüdür.
Azərbaycan bununla bir daha təsdiq etdi ki, Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürərkən beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacağına, həmrəyliyin gücləndirilməsinə və qarşılıqlı dəstəyi rəhbər tutacağına dair vədlərinə qətiyyətlə əməl edir.
Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə Görüşü göstərir ki, ölkəmiz koronavirus pandemiyası ilə bağlı formalaşan yeni reallıqlara, yaranmış vəziyyətə çevik və adekvat reaksiya verir. Bu da faktdır ki, dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronovirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək verib – həm də praktik işlər və köməkliklərlə. Məsələn, Azərbaycan koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq ÜST-ə 5 milyon dollar həcmində könüllü maliyyə yardımı ayırıb. Bu vəsait Azərbaycanla razılaşıldırmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur.
Qoşulmama Hərəkatının yaradılacaq İşçi Qrupu isə üzv ölkələrin pandemiya ilə bağlı humanitar və tibbi ehtiyaclarını vahid məlumat bazasına daxil edəcək. Həmin məlumatlar mümkün yardımların göstərilməsi üçün donor ölkələrə, beynəlxalq humanitar təşkilatlara təqdim ediləcək. Beləliklə də pandemiya ilə mübarizə daha effektli forma almış olacaq.