ARDNF rəhbərliyinin Əbu-Dabiyə işgüzar səfəri çərçivəsində beynəlxalq tərəfdaşlarla görüşlər və regional investisiya müzakirələri keçirilib
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə işgüzar səfər etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti yüksək səviyyəli beynəlxalq qurumların rəhbərləri və özəl sektorun aparıcı təmsilçiləri ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlıq və investisiya imkanları üzrə müzakirələr aparmışdır.
Səfər zamanı ARDNF nümayəndə heyəti “CVC” Şirkətlər Qrupunun həmtəsisçisi və sədri Rolli van Rapard ilə görüş keçirmişdir. Görüşdə Fondun “CVC” ilə uzunmüddətli əməkdaşlığının hazırkı mərhələsi, müxtəlif aktiv sinifləri üzrə investisiya portfelinin genişləndirilməsi imkanları və qlobal bazarlarda formalaşan yeni trendlər müzakirə edilmişdir.
Nümayəndə heyəti daha sonra “Milken” İnstitutun sədri Maykl Milken ilə görüşmüşdür. Kapital bazarlarının inkişafında mühüm rol oynaması ilə tanınan və uzun illərdir qlobal maliyyə, səhiyyə və təhsil sahələrində təşəbbüslərə dəstək göstərən Maykl Milken ilə keçirilmiş görüşdə institusional investorlara təsir edən qlobal tendensiyalar, davamlı investisiya meyilləri və müxtəlif regionlar üzrə strateji istiqamətlər müzakirə edilmişdir. Tərəflər həmçinin gələcək əməkdaşlıq və bilik mübadiləsi imkanlarını nəzərdən keçirmişlər.
ARDNF nümayəndə heyəti Əbu-Dabidə “Milken” İnstitut tərəfindən təşkil olunan “2025 Middle East & Africa” Sammitində də iştirak etmişdir. ARDNF-in icraçı direktorun müavini Rövşən Cavadov Sammit çərçivəsində keçirilmiş “Asiya və Yaxın Şərq arasında investisiya və biznes əlaqələri” adlı paneldə spiker qismində çıxış etmişdir.
Panel müzakirələri zamanı Rövşən Cavadov Asiya və Yaxın Şərq arasında iqtisadi əməkdaşlığın dərinləşdiyini, kapital, innovasiya və istedad axınını gücləndirən yeni tərəfdaşlıq modellərinin formalaşdığını qeyd etmişdir. O, suveren fondların regional dəyər zəncirlərinin möhkəmləndirilməsi, bazar inteqrasiyasına dəstək və iqtisadiyyatın şaxələndirilməsi prosesinə verdiyi töhfələr barədə məlumat vermişdir. Rövşən Cavadov əlavə etmişdir ki, ARDNF uzunmüddətli və dayanıqlı investisiya yanaşması çərçivəsində hər iki regionda yaranan yeni imkanları yaxından izləyir.