Dövlət Xidməti və Slovakiya Standartlar, Metrologiya və Sınaq İdarəsi arasında ikitərəfli görüş keçirilib
Görüşdə standartlaşdırma, metrologiya, akkreditasiya və uyğunluğun qiymətləndirilməsi sahələri üzrə birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi və müvafiq sahədə qurumlararası təcrübə mübadiləsi imkanları müzakirə edilib.
Mayın 7-də Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumu çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Slovakiya Standartlar, Metrologiya və Sınaq İdarəsinin prezidenti Pavol Pavlisin rəhbərlik etdiyi nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilib.
Görüş zamanı hər iki ölkədə keyfiyyət infrastrukturunun inkişafı istiqamətində atılan addımlar, sahə üzrə qarşıya qoyulan hədəflərin reallaşdırılması üçün həyata keçirilən tədbirlərdən bəhs edilib, xüsusilə metroloji xidmət sahəsinin inkişaf etdirilməsi istiqamətində əməkdaşlıq perspektivləri və qarşılıqlı təcrübə mübadiləsi imkanları barədə müzakirələr aparılıb. Azərbaycanda keyfiyyət infrastrukturunun inkişafı istiqamətində görülən işlər, bu sahədə xidmətlərin elektronlaşdırılması məqsədilə yaradılmış Keyfiyyət portalının əhəmiyyəti vurğulanıb.
Sonda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Slovakiya Standartlar, Metrologiya və Sınaq İdarəsi arasında standartlaşdırma, metrologiya, akkreditasiya və uyğunluğun qiymətləndirilməsi sahələri üzrə birgə layihələrin reallaşdırılması, eləcə də keyfiyyət siyasətinin təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə Anlaşma Memorandumunun imzalanması perspektivləri müzakirə edilib.