azia.az
azia.az

ARDNF-nin 2023-cü ilin yanvar-mart ayları üzrə gəlir və xərclərinə dair məlumat

18-04-2023, 18:21

Azia.az media-Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2023-cü il martın 31-ə ARDNF-nin aktivləri 2023-cü ilin əvvəlinə (49 033,6 milyon ABŞ dolları) nisbətən 9.0% artaraq 53 437,6 milyon ABŞ dolları təşkil etmişdir.

2023-cü ilin yanvar-mart ayları ərzində ARDNF-nin büdcə gəlirləri 7 643,3 milyon manat, büdcə xərcləri isə 1 584,3 milyon manat təşkil etmişdir.

2023-cü ilin yanvar-mart ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 596,0 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 4 829,9 milyon manat, bonus ödənişləri 765,3 milyon manat, tranzit gəlirləri 0,8 milyon manat təşkil etmişdir.

Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 2 047,3 milyon manat təşkil edir.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəlirləri 1 427,6 milyon manat təşkil etmişdir.

Hesabat dövrü ərzində ARDNF-nin 2023-cü il büdcəsinin icrası çərçivəsində 1576,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 1,2 milyon manat yönəldilmişdir. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 2,0 milyon manat yönəldilmişdir.

2023-cü ilin yanvar-mart ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 5,1 milyon manat təşkil etmişdir.

2022-ci il ərzində beynəlxalq maliyyə bazarlarında yaşanan volatillik 2023-cü ilin ilk 3 ayında da ARDNF-nin investisiya portfelində müəyyən qədər müşahidə olunsa da, iqtisadi göstəricilərin tədricən yaxşılaşması fonunda bazarlarda nikbinliyin artması, eləcə də, faiz dərəcələrindəki artım tempinin tədricən azalması ilə cari ilin sonu üçün monetar siyasətdə yumşalma gözləntiləri ARDNF-nin həm istiqraz, həm də səhm aktivlərinə öz müsbət töhfəsini göstərmişdir. Eyni zamanda bildirək ki, maliyyə sektorunda, xüsusilə ABŞ və İsveçrə bank sektorunda yaşanan böhran fonunda ARDNF-nin istiqraz alt portfelinin son illərdə keyfiyyətinin artırılması mümkün mənfi təsirlərdən yayınmağa imkan verməklə, diversifikasiya effekti hesabına mart ayında investisiya portfelinin gəlirliliyin artmasına təkan vermişdir. Buna baxmayaraq inkişaf etmiş ölkələrin iqtisadi göstəricilərinin bəzilərində müsbət tendensiya müşahidə olunsa belə, mərkəzi bankların təyin etdiyi hədəf dərəcələrindən yüksək olan inflyasiyanın daha uzun müddətdə davam etməsi ehtimalları maliyyə aktivlərinin gəlirlilikləri ilə bağlı qeyri-müəyyənlikləri istisna etmir.

Yuxarıda qeyd edilən investisiya və büdcədənkənar gəlirlərin, həmçinin neft və qaz satışından əldə olunan daxilolmaların 3 ayın nəticələri üzrə proqnozları üstələməsi ARDNF-nin aktivlərinin həcminin artmasında öz əksini tapmışdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi