“Toyuq əti ucuzlaşıb” - Mürvət Həsənli
“Artıq bir neçə gündür soyudulmuş toyuq ətinin 1 kiloqramı 4,7-5 manatdan 4,2-4 manata endirilib. Müvafiq endirim ayrı-ayrı hissələrə (qanad, bud, bud dibi, file və sair) də aiddir”.
Bunu Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib.
M.Həsənli ucuzlaşmanı quşçuluq sahəsində istifadə olunan yem və yem əlavələrinin idxalına cari ilin ortalarından başlayaraq tətbiq olunan vergi-rüsum azadolmaları ilə əlaqələndirib.
O deyib ki, bu güzəştlər həm quş əti, həm də yumurta istehsalında maya dəyərinin sabitləşməsinə və aşağı düşməsinə gətirib çıxarıb: “Ötən il bu vaxt yumurtanın topdansatış qiyməti 19 qəpik idi. Bu il isə 15 qəpikdir. Bu il qış fəslinin başlanması ilə bağlı olan ənənəvi bahalaşma da olmadı. Gözləntilərimiz hazırkı qiymətlərin yaxınmüddətli dövrdə dəyişməyəcəyi istiqamətindədir”.