Xaricdən 7 manata alıb, Bakıda 20 manat satılan yağ daha da bahalaşacaq
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatında qeyd olunub ki, dünyada ərzaq məhsulları son 6 ayda ucuzlaşıb. Amma Azərbaycan market və mağazalarındakı qiymətlərlə müqayisə edəndə məlum olur ki, bu hesabatın Azərbaycan bazarına heç bir aidiyyəti yoxdur. Belə ki, marketlərdə qiymətlər nəinki ucuzlaşmır, hətta günbəgün artır. Bəzi məhsullar da var ki, onların xaricdəki və ölkədəki qiymətləri arasında xeyli fərq var. Azərbaycana Yeni Zelandiyadan gətirilən kərə yağının pərakəndə satış qiyməti idxal qiymətini 2 dəfəyə yaxın baha satılır. Həmin yağlar Yeni Zelandiyada 10 manata olduğu halda, bizdə təxminən 20 manata təklif edilir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin 7 ayında Yeni Zelandiyadan Azərbaycana 28 milyon 864 min dollar dəyərində 4 min 567 ton kərə yağı idxal edilib. Nəticədə Yeni Zelandiyadan gətirilən 1 kiloqram kərə yağının idxal qiyməti 6,31 dollar və ya məzənnəyə uyğun olaraq 10,74 manat təşkil edib. Qeyd edək ki, sözügedən yağların 1 kiloqramının qiyməti Azərbaycan bazarlarında 20 manata yaxındır.
Maraqlıdır, Azərbaycana Yeni Zelandiyadan gətirilən kərə yağları niyə baha satılır?
İqtisadçılar bildirirlər ki, qonşu ölkələrdə də həmin kərə yağının satış qiyməti Azərbaycandan ucuzdur. Buna səbəb Azərbaycanda rəqabətli mühitin olmamasıdır. İndiki şəraitdə qiymətlərin bu qədər fərq yaratması rəqabətsizlikdir. Bildirilir ki, noyabr-dekabr aylarında həm kərə yağında, həm də digər ərzaq məhsullarında növbəti bahalaşma qeydə alınacaq.
Çıxış yolları nədir, yağla bağlı yerli istehsal keyfiyyətdə niyə uduzur?
İqtisadçı Xalid Kərimli deyib ki, ümumdünya təşkilatının indeksinə görə, son 6 ayda ərzağın qiymətlər düşüb. Hətta duru yağların qiyməti gedib çatıb 2021-ci ilin fevral qiymətlərinə. Türkiyənin vasitəçiliyi ilə Ukraynadan ərzaq mallarının çıxarılmasına dair koridor işə düşəndən sonra həm taxıl qiymətləri, həm duru yağ dünya bazarında azalıb. Süd məhsulları da, şəkər, ət məhsulları da azalmaqdadır. Son aylar ümumdünya ərzaq indeksi ötən ilə görə 5-6 faiz artıb. Altı aylıq azalmaya görə son 12 ayda 5.9 faiz artım var. 6 ay bundan qabaq bu rəqəm daha çox idi, ikirəqəmli idi. İndi dünya ərzaq bazarında inflyasiya bir az aşağı düşməyə doğru gedir. Gözləntilər hələ də yaxşılaşmayıb, problem hələ də tam həll edilməyib. Ciddi surətdə bazarda risklər qalmaqdadır. Niyə inflyasiya artanda Azərbaycana təsir edir, düşəndə təsir etmir? İdxalçı məhsulu baha qiymətə alıbsa, fyuçerslər də 2-3 ay əvvəldən müqavilə bağlayıblar. Baha qiymətə alınıbsa, çalışacaq ki, bunu baha qiymətə da satsın".
İqtisadçı qeyd edir ki, əgər idxalçı gəlib malı Azərbaycanda 6-9 ay əvvəl anbardan yığıbsa, bunu baha qiymətə veribsə, mağazalardan aldığı qiymətdən ucuz satmayacaq: "Dəyər zəncirinə o malların daxil olması bir qədər zaman alır. Burada gözləntilər də önəmlidir. Əgər idxalçı malın qiymətinin düşməyəcəyini gözləyirsə, tutaq ki, 1-2 aylıq qiymət enməsidir, onda qiymətlərə əks etdirmir. Alıcılar onsuz da bu qiymətlərə öyrəşiblər. Burada təbii faktorlar da, gözləntilər də var. Sahibkar baha alıbsa, baha satacaq. "Ucuz alıbsa, ucuz satmalıdırmı" sualı da yaranır. Hökumət bunun qarşını ala bilmir. Burada artıq "Antiinhisar fəaliyyəti haqqında qanun" işə salınmalıdır ki, süni qiymət artımı ortaya çıxmasın. Süni qiymət inhisarçının təyin etdiyi qiymətlərdir. İnhisarçı da "Antiinhisar fəaliyyəti haqqında qanun"a görə müəyyənləşib, bazarın 1/3-dən çox payına malik olan şəxs hökmran mövqe sayılır. Onun təyin etdiyi qiymət nəzarət olunmalıdır. İqtisadiyyat Nazirliyinin tərkibində istehlakçıların hüquqlarının müdafiəsi və antiinhisar xidmət var. Bununla o qurum məşğul olmalıdır. O, idxal inhisarçılarını müəyyənləşdirməlidir. Hökumət İqtisadiyyat Nazirliyi timsalında inhisarçıların qiymətini nəzarət altına alıb, həddən artıq marja qoymasının qarşısını ala bilər. Başqa alternativ yoxdur. Məsələn, hökumət ərzaq bazarlarında qiymətlərin stabilləşməsi üçün epizodik, ya da daimi olaraq ƏDV-nin ləğvi, yaxud diferensiallaşdırılmasını həyata keçirə bilər. Tutaq ki, yağda 18 faiz deyil, 2 faiz qoyulsun. Bunları edə bilər. Dünya bazarında baş verən bu proseslər tədricən Azərbaycan bazarına da təsir göstərəcək. Qiymət səviyyəsini aşağı dartacaq. Bu gözlənilir. Çünki tədricən, aylarla ucuz aldıqca rəqabətin də təzyiqi və təsiri altında qiymətlər aşağı düşəcək. Konkret Zelandiya yağı ilə bağlı olan suala gəlincə, həmin şirkətin dəyər zənciri təhlil edilməlidir. Burada hökumətin edə biləcəyi iş rəqabətin çoxalmasıdır. Əgər sahibkar işini pis qurursa, 10 manata alınmış yağı baha satırsa, bunun tək yolu antiinhisar fəaliyyətidir. Rəqabətin genişləndirilməsidir. Burada hökumət deyə bilməz ki, yağı 10 manata sat. İnhisarçıdırsa, deyə bilər. Burada bazarın tənzimlənməsinə ehtiyac var, bazarın tənzimlənməsi də rəqabətdir. Dünyada ərzaq qiymətlərini aşağı düşməsi bazarlarda ərzaq qiymətlərini yaxın aylarda aşağı salmalıdır".
Onu da nəzərə çatdıraq ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2022-ci ilin yanvar-sentyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,7 faizi ərzaq məhsullarının, 4,6 faizi içkilər və tütün məmulatlarının, 13,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 5,2 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,0 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub. 2022-ci ilin yanvar-sentyabr aylarında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,9 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib.
İqtisadçı Eyyub Kərimli də mövzu ilə bağlı "Yeni Müsavat"a fikirlərini açıqladı: "Bahalaşma ilə əlaqədar dünyada inflyasiya tüğyan edir. Bahalaşma rekordları 40 ilin müvafiq göstəricilərini ötüb keçib. Bu gün qiymət artımına həm subyektiv, həm də obyektiv amillərin təsiri çoxdur. Burada obyektiv amillər sözsüz ki, post-pandemiya və pandemiya dövründə iqlim dəyişikliklərinin təsiridir ki, burada ərzaq istehsalı azalıb, qıtlıq yaranıb. Buna həm pandemiya, həm də iqlim təsir edib. Subyektiv amillər bu gün dünyada gedən müharibədir. Əsasən də Rusiya-Ukrayna arasında olan müharibə ərzaq qiymətlərinə mənfi təsir göstərir. Belə ki, Rusiya, Ukrayna dünyanın əhəmiyyətli taxıl, duru yağ, gübrə təminatçısı idi. Həmçinin, digər məhsullarla təminatı var idi. Azərbaycanda bəzən süni qiymət artımını müşahidə edirik. Bunun da səbəblərindən biri bazarda süni rəqabətlilik və inhisarçılıq meyllərinin, təsirlərinin çox olmasıdır. Sözsüz ki, bununla mübarizə aparmaq üçün dəfələrlə bazarda rəqabətliliyi, liberal bazar münasibətini, şəffaflığı təmin etmək lazımdır. İnhisarçılıq meyllərini, təzyiqlərini, bazarda inhisarçılığın təsirlərini minimuma endirmək lazımdır. Bunun üçün illərlə müzakirə olunan rəqabət məcəlləsinin qəbulu yenidən sürətləndirilməlidir, təsdiq edilməlidir. Artıq 20 ildən çoxdur həmin məcəllə müzakirə edilsə də, qəbul edilmir. Bu da öz növbəsində bu cür neqativ hallara gətirib çıxarır. Bəzən dünyada duru yağın qiymətinin düşməsini müşahidə etmişik, kərə yağın qiymətində aşağı enmələr var. Lakin buna baxmayaraq bizdə süni qiymət artımı baş verir. Bu əsasən ərzaq məhsullarının qiymətində özünü göstərir".
Milli.Az