azia.az
azia.az

Azərbaycan bazarında yağ mafiyasının davası - kərə, yoxsa palma yağı?

16-02-2022, 08:42


İstehlak bazarında nəzarət problemi insanların sağlamlığına təhlükə yaradır
Palma yağının zərərli olması, piylənmə və xroniki xəstəliklərin inkişafına səbəb olması yeni xəbər deyil. 2000-ci illərin əvvəllərindən etibarən dünya ictimaiyyəti bu məsələyə aid müzakirələrə şahidlik edir.

Palma yağı 1970-ci illərdən İndoneziya və Malayziyada yemək yağı kimi istifadə olunur. Dünyada palma yağının ən böyük istehsalçı və ixracatçıları da elə İndoneziya və Malayziyadır. Bu iki ölkə birlikdə qlobal palma yağının 80 faizini istehsal edirlər. Hazırda qlobal bitki yağı istehsalının 33 faizi məhz palma yağıdır.

2015-ci ildən etibarən palma yağının sənaye istehsalının həcmi digər bitki yağlarından 2,5 dəfə yüksək olmağa başlayıb. Elə həmin ildən etibarən dünyada palma yağının insan orqanizminə mənfi təsirlərinə dair məqalələr, materiallar dünya mətbuatına çıxmaqdadır. Bu materiallardakı əsas iddia palma yağında konsragen maddələrin olması barədədir. 2016-cı ildə Avropa Qida Təhlükəsizliyi Təşkilatının sifarişi ilə aparılan tədqiqatlar zamanı məlum oldu ki, palma yağında hansısa xüsusi kanserogen maddə mövcud deyil. Sadəcə, bütün bitki yağları kimi onu da bir neçə dəfə 200 dərəcəyə qədər qızdırdıqda tərkibində dəyişiklik baş verir, kanserogen maddələr yaranır.

2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin palma yağı ilə bağlı tədqiqat apardığına dair məlumat açıqlandı. Həmin məlumatda qeyd olunurdu ki, palma yağından istifadə piylənmə və qlobal miqyasda xroniki xəstəliklərin inkişafına gətirib çıxarır, onun istehsalı isə təbiətə zərər vurur. Tədqiqat hesabatının müəllifləri sağlamlığa və ətraf mühitə dəyən zərərin səviyyəsinə görə palma yağının istehsal və satış sənayesinin miqyasını birbaşa tütün və alkoqol sənayesi ilə müqayisə edirdilər. Təşkilatın ekspertləri tərəfindən aparılmış təhlil dünyanın 23 ölkəsində palma yağı istehlakının artması ilə işemik ürək xəstəliklərinin artması arasında əlaqənin olduğunu müəyyən ediblər.
Azərbaycan bazarında yağ mafiyasının davası - kərə, yoxsa palma yağı?
ÜST hesabatının müəllifləri etiraf edirlər ki, bəzən elmi jurnallarda palma yağının zərərsizliyi və hətta sağlamlıq üçün faydası barədə məqalələr çıxır. Lakin sənədin hazırlanması zamanı məlum olub ki, doqquz bu cür məqalədən dördünü Malayziya Kənd Təsərrüfatı Nazirliyinin bu sənayenin inkişafına cavabdeh olan şöbəsinin əməkdaşları hazırlayıblar.

Hesabatda ayrıca bildirilib ki, hələ 2003-ci ildə ÜST və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) palma yağının sağlamlığa mümkün zərərlərinə diqqət çəkib. Lakin o zamandan bəri palma yağının dünyada istehsalı və istehlakı ikiqat artıb, 1995-ci ildən 2017-ci ilədək müddətdə isə palma yağı istehsalı dörd dəfə artıb.

Azərbaycanda kərə yağının qiyməti

Bu cür artımın səbəblərindən birini hesabatın müəllifləri məhsullarını bazarlara çıxarmaq üçün güclü lobbi yaratmış hazır yemək və yarımfabrikat istehsalçılarında görürlər. Hesabat müəllifləri qeyd edirlər ki, dünya boyunca lobbiçilər palma yağının hazır məhsulun tərkibində olduğunu istehlakçılara bildirmək istəyən istehsalçıların bütün cəhdlərinə dirəniş göstərirlər. İnqridiyentlər siyahısında, palma yağı 200-dək alternativ ad altında göstərilə bilər, misal üçün, sadəcə, “bitki yağı kimi”.

ÜST-in haqqında bəhs olunan hesabatı, nə qədər qəribə də olsa, ictimaiyyətə tam açıqlanmadı.

Reallıqda heç bir heyvan və bitki yağında, hətta balıq yağında belə palma yağındakı qədər A vitamini yoxdur. Bu yağın tərkibində zərərli xolesterin yoxdur. Tərkibindəki doymamış yağlar beyinin sağlamlığında mühüm rol oynayır. Yağın əsas zərərli tərəfi onun tərkibində həm də doymuş yağların çox olmasıdır. Belə yağlar adətən çətin həzm olunur, qan damarlarının divarlarında toplanaraq ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur. Palma yağının əsas çatışmazlığı və zərəri kimi 50 faiz doymuş yağlardan ibarət olması göstərilir. Halbuki kərə yağında bu göstərici 66 faiz, kakao yağında 62 faiz təşkil edir. Buna görə də palma yağından bütün yağlar kimi, qaydasında istifadə edilməsi məqsədəuyğundur.

Qeyd edək ki, dünyada palma yağından 80 faiz qida sənayesində istifadə olunur. Qalan hissədən isə əczaçılıq, kosmetologiya, heyvan yemlərinin istehsalı, bioenerjinin əldə olunmasında istifadə edilir. Hazırda dünyanın ən nəhəng yeyinti sənayesi şirkətləri palma yağının ən böyük istehlakçılarıdır. Belə ki, 2020-ci ildə Unilever 1,04 milyon ton, PepsiCo 500 min ton, Nestle 430 min ton, Colgate-Palmolive 138 min ton, McDonald’s isə 90 min ton palma yağı alıb.

Qida sənayesində biskvitlər, peçenye, dondurma, keks, şokolad və ondan hazırlanan məhsullar, marqarin yağının, xəmirli şirniyyatların istehsalında palma yağından istifadə olunur.

Palma yağının zərərli, yaxud zərərsiz olmasına dair müzakirələr demək olar ki, bütün ölkələrdə zaman-zaman aparılır. Məsələn, belə müzakirələrin geniş aparıldığı Rusiyada 2016-cı ilin fevralında hökumət palma yağına xüsusi aksiz tətbiq etməyə hazırlaşırdı, lakin üç aydan sonra bildirildi ki, “uzun çəkən müzakirələrdən sonra” bu niyyətdən imtina edilib. 2018-ci ildə isə bütün Avrasiya İqtisadi İttifaqının ərazisində olduğu kimi, süd məhsullarının işarələnməsinə dair yeni qaydalar qüvvəyə minib. Lakin yeni qanun istehsalçılardan yalnız məhsulun tərkibində “bitki yağlarının” olmasını göstərməyi tələb edir. İnqridiyentlər arasında palma yağının adının çəkilməsi əvvəlki kimi mütləq deyil.

Kərə yağı adı ilə satılan ziyanlı...

Azərbaycanda da palma yağından istifadə olunur və onun zərəri barədə müzakirələr zaman-zaman gündəmə gətirilir. Xüsusilə palma yağından marqarin və hətta kərə yağlarının istehsalında istifadə olunmasına dair iddialar bitmək bilmir. Rəsmi statistikadan aydın olur ki, son illərdə bu yağın ölkəmizdə istehlakı artıb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-noyabr ayları ərzində respublikamıza 55 milyon 428 min dollar dəyərində 46 min tondan çox palma yağı idxal edilib. Bu məhsul İndoneziyadan (34,8 milyon dollar məbləğində 29,953 min ton) və Malayziyadan (20,5 milyon dollar məbləğində 16,132 min ton) alınıb. Rəsmi statistikada hər iki ölkədən alınan palma yağı “xam palma yağı və onun fraksiyaları” kimi qeydə alınıb. Bu baxımdan, dünyanın iki ən böyük istehsalçısından keyfiyyətsiz yağın idxalı sıra istehsalçı imicinə görə mümkün deyil. Buna görə də hazırda Azərbaycanda aktual olan problem palma yağından normalara və yerinə uyğun istifadə olunmasıdır.

Ekspertlər bildirir ki, yeyinti sənayesi, xüsusilə də qənnadı məmulatlarının, dondurmanın istehsalçıları palma yağının istifadəsinə üstünlük verirlər. Qeyd edilən sahələrin müəyyən inkişafı palma yağına tələbatı da zaman-zaman artırmaqdadır. Digər məsələ isə ondan ibarətdir ki, bəzi iddialara əsasən, Azərbaycanda qida sənayesində istehsal prosesinə zəif nəzarət bir sıra iş adamlarının fürsətdən istifadəsinə və palma yağını kərə yağı adı altında son istehlak üçün təqdim etməsinə səbəb olur.

Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov iddia edir ki, Qida Təhlükəsizliyi Agentliyi ölkəyə gətirilən bütün ərzaq məhsullarının, o cümlədən palma yağının keyfiyyətinə nəzarət edir. Azərbaycanda satılan palma yağı isə tam təhlükəsizdir.

Medicina.az - Market ərzaqlarında palma yağının olmasını belə yoxlayın - Yağ, xama, pendir...

Palma yağı maye deyil, qatı halda olur. Saxlanma müddəti artdıqca qatılıq da artır. Məsələn, təzə yağ 27 dərəcə temperaturda əriyirsə, 1 həftəlik yağı əritmək üçün 42 dərəcə lazım gəlir. Tərkibindəki yüksək beta-karotinə görə təzə yağın rəngi narıncı olur. Yeyinti sənayesində 200 dərəcəyədək qızdırılaraq rəngsizləşdirilmiş yağdan istifadə olunur. Bu sektorda həmçinin tam təmizlənmiş, bir neçə dəfə rafinə olunan palma yağından istifadə edilir. Bu qədər təmizlənmədən sonra istifadə olunsa da, inkişaf etmiş ölkələrdə palma yağı qatılan bütün qida məhsullarının qablaşdırılması üzərində bu barədə qeydin olması tələbi var.

Azərbaycanda da qanunvericilik qida məhsulları istehsalçılarına məhsulun tərkibindəki bütün inqrediyentlər barədə məlumatın onun qablaşdırmasına qeyd olunması tələbini qoyur. Lakin hələlik ölkədə bu tələbə əməl olunub-olunmamasına effektiv nəzarət mexanizminin yaradıldığını söyləmək mümkün deyil.

Tam təmizlənməmiş palma yağından yalnız texniki məqsədlərlə istifadə olunmalıdır - söhbət şamların, sabunların hazırlanmasından, metal ehtiyat hissələrinin yağlanmasından gedir. Bəzi məlumatlara görə, Azərbaycanda texniki məqsədlər üçün istehsal edilən palma yağından qida sənayesində istifadə olunması hallarına da rast gəlinir. Bu kimi halların qarşısını almalı olan müvafiq qurumlardan indiyədək belə iddialarla bağlı hansısa açıqlama verilməyib.

Təəssüf ki, ölkəmizdə hansısa məhsulun insan orqanizminə zərərini araşdıracaq qədər yüksək inkişaf etmiş elmi tədqiqat institutlarının olmaması nəinki palma yağı, digər məhsullarla bağlı analoji iddiaların doğruluq əmsalını müəyyənləşdirməyə imkan vermir. Lakin istehlak bazarına nəzarəti təmin etməli qurumların ən azı bu və ya digər məhsulun tərkibində palma yağının, yaxud başqa komponentin miqdarını müəyyən etmək imkanları olmamış deyil...

Dünya SAKİT,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi