azia.az
azia.az

“Baku Elektronics” müştərisinin başına elə OYUN AÇDI Kİ... - "Elə əsəbləşdirdilər ki, 102-yə zəng vurdum"

17-06-2022, 10:18

“Baku Elektronics” müştərisinin başına elə OYUN AÇDI Kİ... - "Elə əsəbləşdirdilər ki, 102-yə zəng vurdum"
Elektronika məhsullarına tələbat artdıqca bu sahədə fəaliyyət göstərən mağazalardan şikayətlər çoxalır. Daha bir müştəri “Baku Elektronics”dən keyfiyyətsiz məhsul alarkən aldadılığını iddia edib. Azia.az xəbər verir ki, şirkətlə bağlı şikayətini Teleqraf.com-a danışan Mətanət Mahmudova ötən ay “Baku Electronics”dən aldığı soyuducuda problemlə qarşılaşdığını deyir.

Şikayətçi bildirir ki, satış şəbəkəsinin Azadlıq filialından 1339 manat dəyərində nəğd ödəniş etməklə soyuducu alıb. Məhsul ona təhvil verildikdən 2 gün sonra narahatlıqla qarşılaşıb: “Gətirənlərin tapşırığına uyğun olaraq 12 may axşam saatlarında soyuducunu şəbəkəyə qoşdum. 14 mayda mağazanın çağrı mərkəzinə zəng edib soyuducunun və keyfiyyətinin məni qane etmədiyini dedim. Soyuducunun içərisinə qoyulan ərzaqların iyinin bir-birinə qarışdıını bildirdim, yəni soyuducuya kolbasa, bibər, digər iyli ərzaqlar qoyulanda tort, şirniyyat qoymaq olmur və mənim seçimimə uyğun deyildi.

İnternet resurslarında mənə satılan soyuducu barədə səhv məlumat verildiyini deyərək, tələb etdim ki, soyuducunu ya mənim istəyimə uyğun olan soyuducu ilə dəyişsinlər ya da ödədiyim pulu qaytarsınlar”.

Digər şikayətlərdə olduğu kimi mağaza burada da yeni “nağıllar”ın müəllifi olmağa davam edir. Müştəriyə mağazaya ərizə yazmasını məsləhət görürlər, müştəri də buna etiraz etmir: “5 il əvvəl həmin mağazadan eyni firmanın ("Samsung") soyuducusunu almışdım, onda belə iy yayılması yox idi. Soyuducunu internet üzərindən secmişdim, xüsusiyyətlər bölməsinə daxil oldum, gördüm əvvəl aldığım soyuducu ilə eynidir. Sadəcə dizaynları fərqlidir və evimdəkinin işləməsi məni qane etdiyi üçün bunu seçdim, gəlib mağazadan nəğd pul ödəməklə aldım.

Dəfələrlə mağazaya zəng etdim, soruşdum ki, ərizəmin cavabı nə oldu? Məndən məlumatlarımı götürdülər ki, sizə geri zəng olunacaq. Dəfələrlə təkrar etməyimə baxmayaraq mənə cavab verilmədi, mağazaya getdim, orda səs-küy salandan sonra Leyla və Röya adlı xanımlar mənimlə görüşdülər”.

Şikayətçi mağazanın nümayəndələri ilə görüşməyə nail olsa da, şikayətinə həll yolu tapa bilməyib. Mağaza rəsmiləri bu dəfə də onu servisə yönləndirərək “nağıl” ssenarisini uzatmağı qərara alıblar: “Onlara irad bildirərək qeyd etdim ki, siz internet üzərində mənə satılan soyuducunun xüsusiyyətlər bölməsində istehlakçını aldadan məlumat qoymusunuz, soyuducunun istifadəsinə dair sənəddə bir neçə dildə məlumat olsa da Azərbaycan dilində məlumat yoxdur, soyuducunun hansı ölkədə istehsal olunduğu da göstərilmir. Onlar servis yoxlanışından sonra qərar veriləcəyini dedilər.

Bildirdilər ki, çalışarıq sizə hörmət edək, çünki siz bizim qızıl kart sahibli daimi müştərimizsiz. 29 may tarixində servisdən gəlib soyuducuya baxdılar, heç bir texniki problem olmadığını, sadəcə evdəki soyuducuda olan funksiyaların bunda olmadığını bildirdilər. Əlavə olaraq qeyd etdilər ki, bu, onların problemi deyil və mən mağaza ilə əlaqə saxlayım.

Bundan sonra 143 çağrı mərkəzinə dəfələrlə zəng edib şikayətimin cavabının nə olduğu ilə maraqlandım, əlaqə nömrəsi qoydum. Amma geri cavab olmadı”.

Şikayətçi Mətanət Mahmudova 10 iyunda mağaza müdürü və şirkətin hüquqşünası ilə görüşmək istəsə də mağaza heyəti buna imkan verməyiblər: “Onlar mənə yalandan şirkətin hüquqşünası olmadığını dedilər və səs-küyümdən sonra yenidən Röya xanım və bir oğlan məni dinləmək istədi.

Röya xanım səs tonunu qaldıraraq, "siz problemli müştəri kimi gəlib burda səs-küy salırsınız, sevis sizin soyuducunun heç bir probleminin olmadığını dedi, siz sadəcə ərzaqları düzgün yerləşdirmirsiniz" deyə irad tutdu. Məncə, bu mənə qarşı təhqirdir, çünki soyuducu yeni cihaz deyil ki, onu işlədə bilməyim.

Onlar soyuducuların satışına baxan oğlanı çağırdılar, ondan soyuducular arasında olan fərqi soruşdular, oğlan da mənim dediklərimi təsdiq etdi və qeyd etdi ki, bu soyuducuda qoxuların bir-birinə qarışmamasının qarşısını alan funksiya olmur”.

Bundan sonra mağazanın daha bir təklif verir: “Röya xanım mənə bildirdi ki, 35% soyuducu işləndiyi üçün, 5% qutuya görə, 35 manat çatdırılma pulunu çıxmaq şərti ilə onu qaytara bilərik. Mən bununla razılaşmadım. Dedim, soyuducu ayaqqabı deyil ki, deyəsiz, xoşlamırdın, niyə geyinmisiz? Əgər işlətmədən soyuducunun keyfiyyətini yoxlamağın yolu varsa, deyin. Onda da dedilər ki, qanun belədir, bu bizlik deyil, işlənmiş məhsula ancaq servis qərar verir. Biz mağazayıq, ancaq satış işinə baxırıq.

Deyir, bir aydi işlətmisiz, mən də dedim ki, mən 3 gün sonra sizə xəbərdarlıq etmişdim, həmin vaxt deyərdiz ki, şəbəkədən ayırın, mən də ayırardım. Deyir fərqi yoxdur, bu, işlənmiş məhsul sayılır. Yenidən servisə e-mail göndərdik ki, sizin məsələyə baxıb faizi aşağı salsınlar.

Heç bir nəticə əldə edə bilmədiyim üçün 102-yə zəng etdim. Onlar bunun məişət məsələsi olduğunu dedilər və məhkəməyə müraciət etməyi məsləhət görüdülər. Mağazadan şikayət məktubuma yazılı cavabı istədim, onu da vermədilə”.

Beləliklə şirkət müştərinin 1339 manatını mənimsəyərək istehlakçı hüququnu pozub, tələbinə uyğun olmayan mal satıb.

Şikayətçi Mətanət Mahmudova məsələ ilə bağlı müxtəlif insnatsiyalara - İqtisadiyyat Nazirliyi yanında Antiinhisar siyasəti və İstehlakçların Hüquqlarının müdafiəsi Dövlət xidmətinə, Azad İstehlakçılar Birliyinə rəsmi müraciət etsə də bir nəticə əldə edə bilməyib.

Şirkətlə əlaqə saxlamaq istəsək də, həmişəki kimi zənglərimiz cavabsız qaldı. Ümidvarıq ki, “Baku Electronics” insafa gəlib, şikayətçilərin qarşısına çıxacaq...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi