DİQQƏT! Dollar bahalaşacaq: Son 28 ilin ən sərt faiz artımı gözlənilir
ABŞ mərkəzi bankı funksiyasını həyata keçirən Federal Ehtiyatlar Sistemi (FED) bu həftə növbəti toplantısını keçirərək son 28 ilin ən sərt faiz artımını edə bilər.
Azia.az “Bloomberg”ə istinadən xəbər verir ki, bazarlar FED-in uçot dərəcəsini 0,75 bənd artıracağını gözləyir. Fyuçer qiymətləndirmələrinə əsasən FED-in bu həftəki iclası da daxil olmaqla, növbəti üç iclasda 1,75 faiz bəndi faiz artımına gedəcək. İlk iclasda faizlər 0,75 bənd, növbəti hər bir iclasda isə 0,5 bənd artım elan olunacağı proqnozlaşdırılır.
FED-in bu cür sərt tədbirlərə əl atması ABŞ-da keçən həftə açıqlanan inflyasiya göstəriciləri ilə bağlıdır. Ötən həftə açıqlanan məlumatlara görə, istehlakçı qiymət indeksi mayda illik 8,6 faiz artaraq 1981-ci ilin dekabrından bəri ən yüksək artım göstərib.
ABŞ Maliyyə Nazirliyi və FED inflyasiya proqnozunun daha da pisləşməsindən narahatdırlar. Ehtimal edir ki, FED maliyyə siyasətini sərtləşdirməsə illik inflyasiya 9 faizə çata bilər.
ABŞ-ın maliyyə mütəxəsisləri hesab edir ki, mövcud vəziyyət staqflyasiyanın (bahalaşma və işsizliyin eyni anda baş verməsi – red.) əlamətləridir. Onların qənaətincə, bu hal uzunmüddətli olarsa, ABŞ iqtisadiyyatını tənəzzülə sürükləyəcək.
Qeyd edək ki, faiz dərəcələrinin sərt şəkildə artırılacağı gözləntisi dolları yenidən bahalaşdırır. İyun ayının əvvəlindən bəri dollar təxminən 3,7 faiz bahalaşıb.