Biznes qurmaq istəyənlərin NƏZƏRİNƏ: Hansı sahədə uğur qazanmaq olar? - FOTO
Biznes qurmaq istəyənlərin NƏZƏRİNƏ: Hansı sahədə uğur qazanmaq olar? - FOTO
Bu gün hər hansı obyekt açmaq istəyən iş adamını narahat edən əsas məsələ həmin obyektin yerləşməsidir.
Artıq bir faktdır ki, məkanın yerləşdiyi ərazi biznesə ən çox təsir edən amillərdəndir. Məsələn, bir mağazanı hansısa binanın birinci mərtəbəsində açmaqla böyük ticarət mərkəzində açmaq arasında olduqca fərq var.
Təbii ki, bu fərq icarə qiymətlərində də özünü göstərir. Amma gəlir də məhz buna müvafiq olur. Bu təsir hətta bir ticarət mərkəzinin daxilində yerləşmə yerlərinə görə də dəyişir. Məsələn, eskalatorun, liftin yaxınlığında yerləşən obyektin müştərilərinin daha çox olacağı faktdır.
Bu gün ticarət mərkəzləri artıq sadəcə alış-veriş yeri deyil. Onlar bir neçə formatı özündə birləşdirən ictimai məkanlara çevriliblər. Bu yerlərdə adi mağazalardan tutmuş restoran və kafelər, əyləncə mərkəzləri, kinoteatr, oyun meydanları tapmaq olur. Bakıda belə mollara üz tutanların sayı heç də az deyil. Təsadüfi deyil ki, artıq regionlarda da bu ənənə formalaşır. Amma heç də bütün mollar eyni dərəcədə ziyarətçi sayı ilə qürrələnə bilməz. Bunun əsas səbəbi yerləşmə ilə bağlıdır. Faktlar göstərir ki, daha çox metrostansiyalara yaxın ərazidə yerləşən mollarda sıxlığa rast gəlinir. Nisbətən mərkəzdən və nəqliyyatdan uzaq ticarət mərkəzləri haqqında isə bunu demək olmaz.
Ekspertlər deyir ki, insanlar gündəlik problemləri həll etmək üçün böyük ticarət mərkəzinə baş çəkməyə vaxt sərf etməyə hazır deyillər, onlar üçün lazımi alış-verişi evə yaxın yerdə - 5 km-dən çox olmayan məsafədə etmək daha rahatdır.
Buna görə də, molların inşası piyadaların hərəkətinə və yaxşı nəqliyyat əlçatanlığına yönəldilməlidir. Hər hansı bir obyektin inşası üçün vacib meyar insan axınının olduğu yerdir. Yaxınlıqda metro stansiyasının olması, yüksək keyfiyyətli yaşayış binası və ya əlamətdar şəhər obyekti (məsələn, universitet və ya idman kompleksi) müsbət təsir göstərən belə amillərdəndir. Universitetin yaxınlığında açılan iaşə obyekti (məsələn, kafe) ilə hər hansı məşhur plazanın yaxınlığında açılan eyni məqsədli obyekt arasında da fərq var. Birinci halda əsas kontingentin o qədər də yüksək gəliri olmayan tələbələr olduğu və onların xərcləyəcəyi məbləğ mütləq şəkildə nəzərə alınmalıdır.
Sfera.az xəbər verir ki, "Report”a danışan iqtisadçı ekspert Eldəniz Əmirov da əmindir ki, biznesə başlamaq üçün vacib amillərdən biri yerin və platformanın seçilməsidir. Bu da xidmətin növündən birbaşa asılıdır:
"Yer seçimini dəqiqləşdirmək üçün nə satılacağı və ya nə xidmət göstəriləcəyi sualına cavab tapmalıyıq. Daha sonra müştərilərin kim olacağını müəyyənləşdirmək lazımdır. Bu suallara cavab tapdıqdan sonra yer seçimini müəyyən etmək gərəkdir. Amma suallar bununla da bitmir: daha sonra bu müştərilər nə üçün bizim xidmətdən yararlanmaq istəyərlər və ya bizim satdığımızı alacaqlarmı sualı gəlir. Bütün bu suallara cavab tapıldıqdan sonra yer seçilə bilər. Məhsulun, xidmətin digər detallarını müəyyən etmək lazımdır. Təbii olaraq burada əldə olunan maya vəsaiti də mütləqdir ki, yerə uyğun olsun. Çünki mümkündür ki, əldə olunan vasait buna yetməsin”.
Ekspert hesab edir ki, biznes xidmət sahəsini əhatə edirsə, onun insanların sıx yaşadığı ərazidə açılması daha məqsədəuyğun olar: "Eyni zamanda, baxış bucağı zamanı insanın boyuna uyğun stend yerləşdirmək mümkün olan yerlər daha uğurlu seçimdir. Belə yerlərin qiyməti də baha olur. Biznes istehsal sahədirsə də, məhsulun realizə olunma şanslarına diqqət çəkmək lazımdır. Bura logistik fəaliyyət (yaxınlıqdan dəmiryolu xəttinin keçməsi, magistral avtomobil yolunun olması), daşınma kimi amillər aiddir. Bir sözlə, istehsal sahələrinin sırf mərkəzdə və ya insanların sıx olduğu yerdə olması o qədər də əhəmiyyət kəsb etmir”.