Azərbaycan hansı yolu seçəcək: “Rayonlar yollarının bağlanması, toylara qadağa və...” - AÇIQLAMA
“Yay və payız mövsümündə ehtimal olunan böyük dalğalar olarsa, iki yoldan biri seçilməlidir: A. Yenidən qapanmalar (yollar xaricində); B. "Yaşıl keçid" (GreenPass)”.
Bunu deputat, Operativ Qərargahın səhiyyə bölməsinin üzvü Rəşad Mahmudov deyib. O bildirib ki, hər biri variantın ayrılıqda müsbət və mənfi tərəfləri var:
“Ekspertlərin fikrincə, tibbi, hüquqi və iqtisadi cəhətdən B bəndi daha məqbuldur. Keçən ildəkindən fərqli olaraq bu il peyvəndin olması ilə yanaşı, bir çox amillər bizə bunu etməyə imkan verir”.
Deputat qeyd edib ki, çox böyük dalğalarda heç bir yer qapadılmır. İctimai yerlər, məktəblər, alış veriş mərkəzləri, restoranlara vəs. sadəcə “COVID pasportu” olanlar, son 6 ay içində yoluxanlar və əlində 72 saat içində PCR analizi olanlar daxil ola bilirlər. Beləcə iqtisadi fəallıq davam etməklə birlikdə epidemiyolojik vəziyyətə mənfi təsir azaldılmış olur. Bu, sadəcə böyük dalğalar zamanı istifadə olunan metoddur. Avropa və bir çox ölkələrində tətbiq artıq var.
Payız mövsümünün yaxınlaşdığını və yoluxma dinamikasında artımın davamlı olmasını nəzərə alsaq, ölkəmizdə virusla mübarizədə hansı variantın tətbiq edilə biləcəyi maraqlıdır. Bununla bağlı Cebhe.info-ya infeksionist Mərdan Əliyev danışıb. Həkim virusla mübarizədə qapanmalara tam olaraq gedilməsinin əleyhinə olduğunu deyib:
"Bizim Üçün də xoş olardı ki, qapanmalar tam olmasın. Mən qapanmalarsız payız mövsümünün çətin olacağını düşünürəm. Çünki payız mövsümündə evdə daha çox vaxt keçirəcəyik. Bu zaman günəşin də aktivliyi azalacaq. Bu da virusun xeyrinə, bizim isə ziyanımızadır. Yəni yoluxma sayı payızda artacaq, buna görə təbii ki, mütləq şəkildə qapanmalara gedilməlidir. O cümlədən, kütləvi toplanmaq yerlərində karantinə, maskaların istifadə qaydasına nəzarət olunmalıdır".
İnfeksionistin fikrincə, qaydalar bir az sərtləşdirilməlidir. Kütləvi tədbirlərin keçirilməsi maksimum dərəcədə azaldılmalıdır: "Bildiyimiz kimi, yoluxmaların əksəriyyəti toy şənliklərində olub. Bunun səbəbi həmin şənliklərdə maskanın taxılmaması, sosial məsafəyə əməl olunmamasıdır. Toylarda kişilər arasında görüşmələr, qadınlar arasında öpüşmələr çoxdur. Bu da virusun sürətlə artması üçün əlverişli şərait deməkdir".
İnfeksionist hesab edir ki, yoluxma dinamikasında artım belə davam etsə, payız mövsümündə çox çətin olacaq:
"Deyilən "GreenPass" yəni, “Yaşıl keçid” yaxşı olar. Amma ona bir az texniki baxımından və ümumi olaraq nəzarət etmək çətin olacaq. Mümkün olsa, müəyyən qədər məhdudlaşmalara gedilib, qeyd olunanların öhdəsindən gəlmək olar. Əvvəlki kimi karantin qaydalarına, məsələn, rayonlararası gediş- gəlişin, yolların bağlanmasına ehtiyac yoxdur. Çünki həm yoluxub sağalanlar, həm də vaksinasiya olunanlar var. Ciddi qapanmalara bu baxımdan ehtiyac yoxdur, amma maskaların taxılmasına nəzarət edilməsi mütləqdir. Kütləvi tədbirlərin keçirilməsi məhdudlaşdırılmalıdır".