“Manat dollara "mismarlanıb", biri bahalaşırsa...” – Azərbaycan valyutasını nə gözləyir?
Dolların kəskin bahalaşması dünya iqtisadiyyatını narahat edən başlıca mövzulardan birinə çevrilib. Dolların indeksi təxminən 20 ilin ən yüksək səviyyəsinə çatıb. Qızıl isə 1850 dollara qədər ucuzlaşaraq son 2 ayın ən aşağı səviyyəsini görüb.
Təxminən 2 il davam edən pandemiya dövründə həyata keçirilən sərbəst pul siyasəti də qlobal infilyasiyanı artırıb.
Maraqlıdır, dünyada dolların bahalaşması nəyə işarədir? Dolların kəskin bahalaşması Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
Mövzu ilə bağlı danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, dünya ölkələri pandemiya ilə mübarizə tədbirləri çərçivəsində iqtisadiyyatlarına ciddi kapital axını cəlb etdilər və bu, qlobal iqtisadi proseslərə təsirsiz ötüşmədi:
“Pandemiyadan əvvəl və sonrakı dövrləri müqayisə etdikdə ABŞ-da 2022-ci ilin fevral və mart ayları ərzində ucuz pul siyasəti yekunlaşdı. O zamana qədərki 2 il ərzində isə iqtisadiyyata 4 trilyon 650 milyard pul cəlb edilib. Keçən ilin sentyabr ayına qədər bütün mərkəzi banklar tərəfindən iqtisadiyyata 10,2 trilyon əlavə pul buraxılmışdı. Daha sonra bu məbləğ artaraq 11 trilyonu keçdi. Bütün bunlar inflyasiyanı ciddi sürətdə tətiklədi. İnflyasiya ilə mübarizədə Amerika Mərkəzi Bankı digər ölkələrin mərkəzi bankları ilə müqayisədə daha israrlı görünür. ABŞ Mərkəzi Bankı dolların faiz dərəcəsini 75 punkt qaldırıb və ilin sonuna qədər də ən azı 4 dəfə bahalaşacağının anonsunu verib. Yəni ilin sonuna qədər dolların faiz dərəcəsi 1,75 faiz dərəcəsi ola bilər”.
Ekspertin sözlərinə görə, dolların bahalaşması eyni zamanda manatın dəyər qazanması deməkdir:
“Manat dollara "mismarlanıb". Dünyada dollar bahalaşdıqca manat da bahalaşır. Lakin dolların arxasında böyük iqtisadiyyat var. Manat isə dollara mismarlandığına görə dolların arxasınca gedir. Bu baxımdan dollar dünya valyutalarına görə bahalaşdıqca manat da bahalaşır. Bu Azərbaycanın inkişafı maraqlarına uyğun gəlmir. Çünki Azərbaycan manatını dəstəkləyəcək tək sektor neft, qaz ehtiyatları, enerji sahəsidir. Enerji qiymətləri isə təkcə iqtisadi yox, həm də qlobal siyasi proseslərə ciddi həssaslıq nümayiş etdirir. Ona görə də manatın dollarla birgə bahalaşması qısamüddətlik baxımından qəbul ediləndir. Manatın dollarla birgə bahalaşması inflyasiyanı yavaşladan amildir. Lakin ortamüddətli və uzunmüddətli dönəmdə manatın dollarla birgə bahalaşması Azərbaycanın rəqabət qabiliyyətinə mənfi təsir göstərir. Hazırda Rusiyada 17%, Türkiyədə 70% inflyasiya var. Dolların kəskin bahalaşması dollarla borcu olan ölkələr üçün yaxşı xəbər deyil. Bu, onların borc yükünün artması deməkdir. Ümumilikdə dünyada dolların bahalaşmasının səbəbi ABŞ Mərkəzi Bankının inflyasiyanı nəzarət altına almaq siyasətidir. Hazırda ABŞ inflyasiyanın qarşısını almaq üçün dolları gücləndirir”.Gundem.az