Oliqarxların Bakıda gəzən “avto-terrorçuları”
Paytaxtda avtobus sürücülərinin törətdikləri qəzalar hər gün bir neçə insan ömrünü yarıda kəsir; deputat da təcili tədbirlər görülməsini istəyir
Bakıda avtobus “terroru” səngimir. Dekabrın 21-də Bakıda avtobus sürücüləri daha bir neçə qəza törədiblər, bir neçə nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Dekabrın 22-də Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində 132 saylı sərnişin avtobusu Eldar Fərəcov adlı qəzet əməkdaşını vuraraq öldürüb. Ümumiyyətlə, son 1 həftənin statistikasına diqqət etsək, marşrut avtobuslarının daha necə sərnişinin həyatına bais olduğunu görərik. Avtobus “terrorunun” qurbanları arasında hətta 13 yaşlı məktəbli də var.
Hər bir avtobus şirkətinin arxasında bir oliqarxın durduğu hər kəsə məlumdur. Avtobus şirkətlərinin arxasında duran oliqarxların təzyiqi nəticəsində sürücülərə nəzarət ciddi olmur, onları ancaq qeyri-peşəkar, sürücülük vəsiqəsi belə olmayan şəxslərə avtobus verib, pul qazanmaq maraqlandırır. Avtobuslara qrafiki də, sürücünü də məhz oliqarxların idarəsində olan bu avtobus şirkətləri təyin edir. “BakuBus” avtobuslarından başqa digər avtobusların bir-biri ilə dəqiqə yarışına çıxdığının şahidi olmuşuq. Bu da onların konkret olaraq maaş sistemi ilə işləməməsindən irəli gəlir.