“Çinar-Z” MTK hər mənzildən 1000 manat tələb edir - Yeni binalarda təmir dələduzluğu
Təzə tikilən binalarda yük liftindən istifadə etməyə icazə verilmir. Yeni tikilən binaların sakinləri üzləşdikləri problem ilə bağlı şikayətlə müraciət ediblər.
Onlar bildirirlər ki, təmir materiallarının mənzillərə qaldırılması üçün yalnız yük qaldırıcı “lebyodka”lardan istifadə olunmasına icazə verilir: “Əlavə qazanc kimi binanın həyətində yük qaldırıcı “lebyodka”lar saxlanılır.
Sakinlər mənzillərinin təmiri üçün istifadə olunan materialların qaldırılması üçün bina rəhbərliyinə müraciət etdikləri zaman, onlara bildiriblər ki, daxili yük liftindən yox, amma yük qaldırıcı “lebyodka”lardan istifadə edə bilərlər.
Bina rəhbərliyi sakinlərə deyib ki, “lebyodka”ların hər reysi 5-6 manat, yaxud da 3 otağa görə 1000 manat ödəniş edilməlidir.
Məsələ ilə bağlı kiçik araşdırma apardıq.
Məlum oldu ki, şəhərdəki yeni binaların əksəriyyətində vəziyyət eynidir.
Komendantlar, bina rəisləri, MTK rəhbərliyi kiçik qaldırıcı kranları qazanc əldə etmək məqsədilə, evini təmir etmək istəyənlər sakinlər üçün ödənişli edir. Hesab edirlər ki, evini təmir etdirməyə maddi imkanı çatırsa, “lebyodka” üçün də pulu ödətdirə biləcəklər. Qiymət mərkəzdə qaldırıcının yükgötürmə qabiliyyətindən asılı olaraq, 5-10 manat, birdəfəlik ödəniş isə 500-1500 manatdır. Eyni zamanda “lebyodka”lara qoyulan məbləğ üçün heç bir qəbz də verilmir.
Məsələn, respondentlərimizdən biri qeyd edir ki, Nərimanov rayonu ərazisində “Çinar-Z” MTK-da ev alıb, 3 otağa görə yüklərin qaldırılması üçün 1000 manat tələb edilib.
Bu tip yükqaldırıcılarda təhlükəsizlik tədbiri görülmür.
Müşahidələrimiz göstərir ki, fəhlələr “lebyodka”ya çıxarkən onlara yıxılarsa xilas olunmaları üçün zəncir, “tros” bağlanmır.
Aşağıda hər ehtimala qarşı, tent çəkilmir. Məsələn, fəhlə “lebyodka”ya çıxıb-düşərkən büdrəsə, bu, ölümə bərabərdir. Və ya əlindən hansısa bir əşya düşsə, həyətdə başına düşəcəyi adam çox ciddi xəsarət ala bilər, hətta ölə bilər.
Məsələ ilə bağlı “Çinar-Z” MTK ilə əlaqə saxlasaq da, cavab almaq mümkün olmadı.
Bəs yük qaldırıcı “lebyodka”ların qiyməti neçiyə olmalıdır? Ümumiyyətlə, yük qaldırıcı “lebyodka”lardan istifadə qanunidirmi? Təhlükəsizlik necə təmin olunur?
Bu və digər suallarla bağlı Bakupost.az əmlak eksperti Elnur Fərzəliyevdən münasibət öyrənib.
O vurğulayıb ki, təmir zamanı yüklərin qaldırılıb-endirilməsi ilə bağlı bəzi qurğuları təmin etmək hər şirkətin borcudur:
“Əksər hallarda kiçik bir kran qurulur, hər dəfə yükün həcminə görə vətəndaşlardan 8-10 manat alınır. Qanunda belə bir öhdəlik yoxdur”
Ekspert binalarda yük liftlərindən istifadə qaydaları və qanun pozuntuları haqqında danışıb:
“İnkişaf etmiş ölkələrə, Avropaya, hətta, qonşu ölkə Türkiyəyə baxsaq, bu ölkələrdə binalarda mənzillər təmirsiz satılmır. Mənzil satılırsa, orada vətəndaşa yaşama şəraiti verilməlidir. Şirkətin özünün, yaxud vətəndaşın sifarişi ilə təmir olmalıdır. Bakı şəhərində liftlərin qırılma halları dəfələrlə baş verib. Yük lifti tikinti materiallarının daşınması üçün nəzərdə tutulmayıb. Çünki bir bina tikilib təhvil verilir. Uzun müddət təmirlər gedir. Orada işləyən usta və fəhlələr öz işini tez bitirmək üçün 1 ton yük götürə biləcək liftə 1,5-2 ton tikinti materialları yığır. Bu zaman liftin içərisi də zədələnir. Keyfiyyəti aşağı düşür, motorlar yanır. Yük lifti ilə vətəndaş evi üçün əşyalar apara bilər. Bizdə bəzi dövlət tikinti şirkətlər xaric mənzillər təmirsiz satılır. Şirkət təmirsiz satırsa, vətəndaş orada yaşaya bilmək üçün mənzili təmir etməlidir. Evin təmiri üçün əlavə pul tələb olunması mülkiyyət hüququnun pozulmasıdır. Bəzən kran olmayanda tikinti materialları fəhlələr tərəfindən daşınır. Yük liftlərində daşınmasına icazə verilmir.Dünya inkişaf edir, tikinti də inkişaf edir. Ev satılıb, şirkət qazanc götürübsə, insanlara təmir üçün istənilən şərait yaradılmalıdır. Özümüzdə də bu halların yaşanmaması üçün mənzillərdə ilkin təmir edilməlidir. Bina tikintisi bitdikdən sonra qaz, su, liftlə bağlı dəstəyi MTK (Mənzil-Tikinti Kooperativləri) özü öhdəliyinə götürməlidir”.
Mənbə:My Webpage