azia.az
azia.az

“Azəristiliktəchizat”ın “qaynar yalan” mövsümü – Hələ şükr edək ki...

18-04-2022, 10:19

“Azəristiliktəchizat”ın “qaynar yalan” mövsümü – Hələ şükr edək ki...Var doğru yazmağa madam ki imkan,

Neçin gəlsin gərək ortaya yalan?!

Sözün qiymətini saldı yalanlar,

Doğrunu danışan hörmətli olar..

(Nizami Gəncəvi)


Azərbaycan məmurunun illər boyu formalaşmış orta statistik, ümumi bir obrazı var. Yuxarı-aşağı, amma insanlar müxtəlif vəzifə sahiblərini məhz belə təsəvvür edirlər. Nə qədər acınacaqlı olsa da, onların ayrılmaz atributlarından biri də yalan söyləməkdir. Özü də bu yalanın hansı auditoriya qarşısında deyilməsindən və ölçülərindən qətiyyən çəkinmədən, utanmadan, qızarmadan.

Amma yalandan yalana da fərq var. Məsələn, elə yalan var ki, vətəndaş ona inanır. Fəqət bir müddət ötdükdən sonra aldadıldığını anlayır. Yalan da var ki, artıq məmurun ağzından çıxan andaca qarşı tərəfin obyektiv qiymətləndirməsinə tuş gəlir. Buna el arasında “ağ yalan” deyilir. Belə “ağ yalan”dan biri də bu günlərdə yerli media resurslarında tirajlandı.

"Biz istehlakçılar arasında sorğu keçirib monitorinq aparmışıq. Tarifi 15 qəpikdən 22-25 qəpiyə qaldırmaq olar, əhali buna razıdır".

Bunu “Azəristiliktəchizat” ASC sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev keçirdiyi mətbuat konfransında deyib. Belə bir iddia ilə çıxış edən insan haqqında nə düşünmək olar? Əgər bu sözləri azyaşlı uşaq söyləsəydi, onun dünyanın gərdişindən bixəbər olmasına yozardıq. Amma, axı bunu yüksək vəzifə sahibi deyib. Biz məmurların sadə insanların fikrini heçə saymalarına bir növ adətkər olmuşuq. Ancaq bir var camaata saymazyana yanaşmaq, bir də var onları axmaq yerinə qoymaq.

Maraqlıdır, bu sorğunu cənab Mirzəliyev harada aparıb? Hansı rayonda, şəhərdə, ölkədə? Əgər söhbət Azərbaycandan gedirsə, burda yaşayan insanlar heç vaxt hansısa kommunal xidmətin qiymətinin artırılmasına müsbət rəy verə bilməzlər. Necə deyərlər, “pir mənimdirsə, kəramətinə bələdəm”.

Amma tam əminliklə deyə bilərik: hətta belə bir sorğu dünyanın ən yüksək rifahına malik dövlətlərində (tutaq ki, Norveçdə, İsveçdə, ABŞ-da) aparılsaydı belə, yenə də ağlı başında olan insan cənab Mirzəliyevin xəyallarında qurduğu cavabı verməzdi. Axı nə üçün kimsə övladlarının boğazından kəsib kommunal xidmətlər arasında ən yarıtmaz fəaliyyəti ilə seçilən “Azəristiliktəchizat” ASC-yə əlavə vəsait ödəməlidir?

Ayıbdır, vallah. Yalan danışmaq çox pis əməldir, xüsusən də kişiyə yaraşan şey deyil. Amma yalanı söyləməyin də tərzi var! Heç olmasa “stajlı” məmurlardan öyrənin. “Azəristiliktəchizat” insanlara qış mövsümündə isti ötürməlidir, daha bahara yetişəndən sonra qaynar yalanlar yox...

Bu məsələdə başqa bir nüans da diqqətçəkicidir. Nə zamandan Azərbaycanda, elə başqa ölkələrdə də hər hansısa xidmətə və ya məhsula qiymət artımı ümumxalq müzakirəsinə çıxarılır? Məsələn, Rusiyanın Ukraynaya təcavüzündən sonra bir çox Avropa ölkələrində benzinin qiyməti kosmik sürətlə qalxır. Dünyanın aparıcı iqtisadiyyatlarından birinə sahib olan, demokratiya beşiyi hesab edilən Fransada benzinin qiyməti tarixi maksimumu bir neçə dəfə yeniləyib. Amma maraqlıdır ki, heç bir qurumun ağlına da gəlməyib ki, fransızlar arasında məsələ ilə bağlı sorğu keçirsin. Çünki nəticəsi əvvəlcədən bəllidir. Baxmayaraq ki, azərbaycanlılarla müqayisədə fransızların rifahı qat-qat yüksəkdir.

Başqa bir sual: Nə zamandan Azərbaycanda kommunal xidmətlər qiymət məsələsinə dair söz sahibidir? Görəsən, cənab Mirzəliyev Azərbaycanda qiymət tənzimlənməsinin Tarif Şurası tərəfindən həyata keçirilməsindən də bixəbərdir? Hərçənd, sual ritorikdir. Çünki bir dəfə yalan danışan şəxsin növbəti dəfə yalan danışmasına kim və ya nə mane ola bilər ki?..

Sonda isə Allaha şükür etmək istərdik. Səbəb? Azərbaycanda qışın nisbətən mülayim keçməsi, 30-40 dərəcə şaxta olmadığı üçün. Çünki əks təqdirdə “Azəristiliktəchizat”ın və onun rəhbərinin ümidinə qalan əhalinin hansı faizinin bahara gedib çıxacağını söyləmək çətin olardı. Günahkar da istənilən halda “Azəristiliktəchizat” və cənab Mirzəliyev olmayacaqdı. Çünki özlərinə bəraət qazandırmaq üçün mütləq bir yalan uydurulacaqdı.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi