MİDA rəhbərliyində həbs olunanlar var? - Belə deyirlər...
Məlum olduğu kimi, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksində güzəştli mənzil satışını həyata keçirməsi ciddi narazılıqlar yaratdı. Səbəb isə 442 mənzilin bir neçə saniyədə satılması idi.
Dünən yayılan xəbərlərdə isə mənzil seçimində iştirak edən 9 minə yaxın müraciətçinin çoxu seçim prosesinin şəffaf keçirilmədiyi qənaətində olduğu bildirildi. Bu barədə sosial şəbəkələr vasitəsi ilə ciddi narazılıqlar ifadə olunur.
Güzəştli mənzillərin bu qədər qısa zamanda satılmasının "xüsusi proqram təminatından" istifadə ilə mümkün olduğu deyilir.
Qeyd edilir ki, "uVision", "Mousereader" kimi proqramlardan istifadə edilib və bunun üçün xüsusi “proqramçı”lar tutulub.
Mütəxəssislər də deyir ki, əgər mənzillər 5-6 saniyəyə seçilirsə, deməli həmin adamlar hansısa "proqramdan" istifadə ediblər.
Məhz bu kimi iddialardan sonra araşdırmalar başlayıb. Bu günə qədər yüzlərlə insanın xüsusi proqramlardan istifadə etdiyi üzə çıxıb.
Məlumata görə artıq ev alan şəxslər arasında xüsusi proqramlardan istifadə etmiş şəxslər də müəyyən edilib və onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılaraq dindirilir.
Həmçinin onu da bildirək ki, xüsusi “proqramçı”lara mənzil qazanmaq üçün 10-15 min manat civarında və ya daha artıq pul ödəyən şəxslər də var ki, onların bir çoxu aldadılıb. Bir qrup “proqramçı” pulları alaraq aradan çıxıb. İndi həmin vətəndaşlar da zərərçəkmiş kimi hüquq-mühafizə orqanlarına üz tutublar.
Bu gün isə sosial şəbəkələrdə artıq MİDA rəhbərliyində həbslərin həyata keçirildiyi iddia olunub. Qeyd edək ki, bəzi şəxslərin adları çəkilir və MİDA rəhbərliyinə aid olan bu vəzifəlilərin saxlanıldığı deyilir.
Biz isə, dəqiqləşdirmə aparmağa çalışsaq da, dəqiq bilgilər əldə edə bilmədiyimizdən həbs olunduğu deyilənlərin kimliyini açıqlamırıq.
Əlavə bilgilərimiz olacaq. Biz izləməyə davam edin...
Mənbə:My Webpage