azia.az
azia.az

Azərbaycanda palma yağından istifadə artır - Daha ucuz, amma...

13-02-2022, 12:04

Vətəndaşlar arasında bu məhsula münasibət birmənalı deyil: onun zərərli olduğunu düşünənlər də var, əksini iddia edənlər də

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin yanvar-noyabr ayları ərzində respublikamıza 55 milyon 428 min dollar dəyərində 46 min tondan çox palma yağı idxal edilib. Bu müddət ərzində biz bu məhsulun böyük hissəsini İndoneziyadan (34,8 milyon dollar məbləğində 29,953 min ton) və Malayziyadan (20,5 milyon dollar məbləğində 16,132 min ton) idxal etmişik.
Azərbaycanda palma yağından istifadə artır - Daha ucuz, amma...
Qeyd etmək lazımdır ki, palma yağı ən ucuz yağ növlərindən biridir, ona görə də müxtəlif qida məhsulları istehsalçıları uzun müddətdir ki, ondan xammal kimi fəal şəkildə istifadə edirlər. Demək olar ki, bütün növ yağların dünya bazarında bahalaşması ondan daha da tez-tez istifadə olunacağı anlamına gəlir. Düzdür, ötən il palma yağının qiymətləri də xeyli artıb. Bu, onun əsas istehsalçıları və tədarükçüləri olan İndoneziya və Malayziyanın pandemiya səbəbindən işçi qüvvəsi çatışmazlığı və nəticədə istehsalın azalması ilə üzləşməsindən qaynaqlanır. Bundan əlavə, əsas istehlakçılar - Çin və Hindistan palma yağına tələbatı artırıb.

Ölkəmizdə çoxları tərkibində palma yağı olan məhsullardan qorxur, bəziləri isə onu təhlükəsiz hesab edir. Bu fikir ayrılığı onun haqqında ziddiyyətli məlumatlarla əlaqələndirilir. Beləliklə, bir araşdırmaya görə, bərkimiş palma yağının yenidən qızdırılması onu təhlükəli edir və bitki yağının antioksidan xüsusiyyətlərinin azalması səbəbindən damarlarda çöküntülərin yaranmasına səbəb olur. Ancaq palma yağının faydalarından bəhs edən araşdırmalar da var.

Qablaşdırmada nə yazıldığını anlamaq çox vaxt çətindir, çünki hərflər kiçikdir və istehsalçılar istehlakçını qorxutmamaq üçün palma yağından istifadə etdikləri barədə tez-tez susmağa üstünlük verirlər.

Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyub Hüseynov AYNA-ya deyib ki, palma yağının ölkəyə tədarükünün artmasından qorxmaq lazım deyil, çünki onun zərəri ilə bağlı fikirlər tam olaraq əsaslandırılmır: “Qida Təhlükəsizliyi Agentliyi ölkəyə gətirilən bütün ərzaq məhsullarının, o cümlədən palma yağının keyfiyyətinə nəzarət edir. Azərbaycanda satılan palma yağı isə tam təhlükəsizdir. Palma yağı iki növdür - yeyinti sənayesi və qeyri-ərzaq məqsədləri üçün, yəni texniki. Birincisi hər yerdə qida məhsullarında, hətta uşaq qidası istehsalında, o cümlədən Avropa ölkələrində istifadə olunur”.

“Bu, dünyada ən ucuz yağdır və çox maraqlı qüvvələr var ki, bu yağ MDB ölkələrində, o cümlədən Azərbaycanda o qədər də populyar olmasın. Ona görə də uzun illərdir ki, ona qarşı əsassız kampaniya aparılır. MDB bazarı böyükdür və hər bir istehsalçı və təchizatçı bu bazarda öz yerini tapmaqda çətinlik çəkir. İndi dünyada günəbaxan yağının qiyməti qalxdığı üçün palma yağı tədarükçülərinə təzyiq artıb”, - deyə AİB rəhbəri bildirib.

Dayanıqlı İnkişaf Araşdırmaları Mərkəzinin sədri Nəriman Ağayev də AYNA-ya şərhində palma yağının zərərli olmadığını söyləyib: “Bizim özümüzü qətiyyən təmin edə bilmədiyimiz iki qida məhsulu var - süd və yağ. Bunlarda idxaldan asılıyıq. Əvvəllər istehsalda başqa növ yağlardan istifadə olunurdusa, indi palma yağından daha çox istifadə olunur, çünki daha ucuzdur və bunan görə də onun istifadəsinin həcmi artır. Bir çox insanlar palma yağının zərərli olduğunu düşünürlər, amma mən bununla razı deyiləm. Palma yağının da GMO kimi zərərli olduğunu heç kim sübut etməyib, baxmayaraq ki, birinci və ikincinin təhlükələri haqqında vaxtaşırı müxtəlif çap və video materiallar görünür”.

“Düşünürəm ki, hər şey icazə verilən konsentrasiya daxilində qida kimi istifadə edilə, yeyilə bilər. Hər şey normada yaxşıdır. Yeganə sual bu məhsulun azərbaycanlılara nə dərəcədə tanış olması, bağırsaqlarımızın mikroflorasına nə dərəcədə uyğun olmasıdır. Palma yağının azərbaycanlılar tərəfindən nə qədər həzm edilməsi ilə bağlı heç kim analiz aparmayıb, amma bunu etmək yaxşı olardı”, - deyə həmsöhbətimiz vurğulayıb.

Onun sözlərinə görə, istənilən halda istehlakçı məhsulların tərkibi və xüsusən də orada palma yağının olub-olmaması və onun nə qədər olması barədə dolğun məlumata malik olmalıdır: “İstehlakçının hansı tərkibə malik məhsulu alacağını seçmək hüququ olmalıdır. Ancaq bəzən bu cür məlumatlar istehsalçı tərəfindən gizlədilir. İstehsalçılar çox vaxt malın tərkibində təkcə palma yağının olmadığını deyil, həm də müxtəlif qida əlavələrinin, konservantların və s. olmasını gizlədirlər. Bu, istehlakçı saxtakarlığıdır və qanunla cəzalandırılmalıdır”.

“Rusiya məhsullarında bu məlumatlar “Rospotrebnadzor” tərəfindən diqqətlə izlənilir və məcburi qeyd edilir. Bəzi rus istehsalçıları böyük hərflərlə məhsullarının tərkibində palma yağının olmadığını yazırlar, çünki daha həvəslə alınacağını anlayırlar. Bu, marketinq hiyləsidir. Rusiyada bir çox istehsalçı və ixracatçı var və hər kəs alıcı üçün aktiv şəkildə mübarizə aparır. Bizdə aldığı məhsulun tərkibinə baxmayan çoxlu istehlakçılar var. Yerli məhsullar isə əsasən QOST-a uyğun deyil, texniki şərtlərə uyğun olaraq, “əsas odur ki, sağlamlıq üçün təhlükəli olmasın” prinsiplə istehsal olunur”, - deyə Ağayev fikrini yekunlaşdırıb.

Müəllif: Elya Belskaya


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi