azia.az
azia.az

“Azəriqaz”ın rəhbəri limitlərin ləğv edilməsi barədə: “Aztəminatlı insanlar nəzərə alınır” - MÜSAHİBƏ + FOTO

13-01-2022, 15:55

“Azəriqaz”ın rəhbəri limitlərin ləğv edilməsi barədə: “Aztəminatlı insanlar nəzərə alınır” - MÜSAHİBƏ + FOTO
Bu il “Azəriqaz” İstehsalat Birliyi sayğaclarla bağlı bir sıra innovativ yeniliklər etməyə və yükləməni onlayn həyata keçirməyə imkan verəcək sistemlərin tətbiqinə başlayır. Mexaniki sayğaclar üzərində quraşdırılacaq yeni sistemlər həm abonentlərin rahatlığı baxımından, həm də “Azəriqaz” İB əməkdaşları üçün əhəmiyyətli imkanlar təqdim edir.

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Oxu.Az-a müsahibəsində yeni sistemlərin quraşdırılması ilə bağlı işlərin hansı mərhələdə olduğundan, onların funksiyaları və ən əsası bu vasitələrlə abonentlərə hansı xidmətlərin təqdim edilə biləcəyindən danışıb. Baş direktor həmçinin il ərzində qazlaşdırma planları, eləcə də əhali abonentləri üçün standart qiymətlərin tətbiq edilə bilmə ehtimalı və digər məsələlər barədə də məlumat verib.



- 2022-ci ildə “Azəriqaz” İstehsalat Birliyi hansı yeniliklərin tətbiqini reallaşdıracaq? Bunun abonentlər üçün əhəmiyyəti barədə danışa bilərsiniz?

- 2022-ci ildə də əsas məqsədimiz abonentləri fasiləsiz və təhlükəsiz şəkildə qazla təmin etməkdən ibarətdir. Bununla yanaşı il ərzində abonentlərin rahatlığı üçün bir neçə innovativ yeniliklər də olacaq. Artıq 2021-ci ildən biz radiodalğalı sayğacların tətbiqinə başlamışıq. Bu yenilik ilə mexaniki sayğacların kənardan oxunuşunu, debitor borca görə qazın verilişinin dayandırılmasını həyata keçirə biləcəyik. Müvafiq sistem yeni binalarda, MTK-larda tətbiq olunub. 30 minə yaxın qurğu quraşdırılıb, 10 minə yaxını quraşdırılmaq üzrədir. Eləcə də, istismara verilən yeni binalarda da mütləq şəkildə sayğaclarda bu qurğuluların quraşdırılması şərt kimi qoyulub.

Bu il bizim ən böyük layihələrimizdən biri də simkart tipli sayğacların tətbiqidir. Belə ki, sayğacların üzərində kart sistemini dəstəkləyən xüsusi qurğu quraşdırılacaq və hər birinin fərdi simkartları olacaq. Danışıqlar son mərhələdədir. Layihə ilə bağlı mobil şəbəkələrlə müqavilə baş tutmalıdır. Bu sistem hər bir sayğacı fərdi şəkildə görməyə, oxunuşunu həyata keçirməyə imkan verəcək. Hətta sayğaca müdaxilə halını aşkar edə, həmin sayğacları əvvəldən ödənişli və ya sonradan ödənişli sayğaclar kimi də istifadəyə verə biləcəyik. Təbii ki, bu abonentlərin istəyinə bağlıdır. Həmçinin, abonentlər mobil vasitələrlə ödəniş edərək ödənişə uyğun qaz həcmi ilə təmin ediləcəklər. Bu qurğulardan ilkin olaraq 10 min ədədinin sifarişi üçün tenderin keçirilməsi prosesi aparılır, yaxın bir neçə ay ərzində qurğuları hansı təşkilatdan alacağımız müəyyən olunacaq.
“Azəriqaz”ın rəhbəri limitlərin ləğv edilməsi barədə: “Aztəminatlı insanlar nəzərə alınır” - MÜSAHİBƏ + FOTO


- Bu yeniliklərin “Azəriqaz” üçün nə demək olduğunu açıqlaya bilərsiniz?

- Prosesi davamlı olaraq sona çatdırsaq sayğacların artıq uzaqdan oxunuşunu həyata keçirə biləcəyik. Bununla da əməkdaşlarımız daha səmərəli fəaliyyətlə - sızmaların aradan qaldırılması, avadanlıqların texniki baxışının həyata keçirilməsi ilə məşğul ola biləcəklər. Halbuki təkcə sayğacların oxunuşu zamanı əməkdaşlarımız 10 gün müddətinə bütün işlərini dayandırırlar. Əslində, dünyanın bir çox ölkələsində qazın dayandırılması, onun verilişinin bərpası və s. əməliyyatlar abonentlərin üzərinə düşür. Lakin ölkəmizdə bütün kommunal xidmətlər, eləcə də tariflər tam sosialyönümlü olduğundan, “bütün hallarda abonent haqlıdır” - prinsipi əsas götürülür. “Azəriqaz” qazı dayandırmaq üçün də, verilişini yenidən bərpa etmək üçün də vəsait sərf edir. Lakin, sadaladığım dəyişikliklər tətbiq edildikdən sonra biz debitor borca görə qazı bazadan dayandıra biləcəyik. Əgər abonentin hər dəfə “Azəriqaz”la problem yaşadığını müşahidə etsək, biz onun sayğacını əvvəldən ödənişli sayğac prinsipinə qoşacağıq. Gördüyünüz kimi yeni sistemin imkanları daha çoxdur.

- Bu sistemlər mexaniki sayğaclar üzərində qurulur?

- Bəli, müvafiq yeniliklər mexaniki sayğaclar üzərində tətbiq ediləcək. Bütün dünyada mexaniki sayğaclardan istifadə edilir, onların üzərində smart qurğular tətbiq edilir.

“Azəriqaz”ın rəhbəri limitlərin ləğv edilməsi barədə: “Aztəminatlı insanlar nəzərə alınır” - MÜSAHİBƏ + FOTO

- Bəs, smart kart tipli sayğaclar necə?


- Smart kart tipli sayğac ağıllı sayğac deyil. Bu sayğaclardan istifadə edilərkən alıcı və satıcı arasında məlumat mübadiləsi olmur. Yəni, biz sayğacı görmürük. Çünki, sayğacla baza arasında əlaqə yoxdur. Buna görə də aylıq, illik hesabatlarımızı apara bilmirik. Axı, biz də ay ərzində reallıqda nə qədər qaz satdığımızı öyrənməliyik. Bununla da “Azərkontrakt”dan nə qədər qaz almalı olduğumuzu hesablayırıq. “Azəriqaz”da smart sayğac olmayıb, smart kart tipli sayğaclar isə indi innovasiyalardan çox geridə qalır. Avropa ölkələrində, Türkiyənin özündə mexaniki sayğaclardan istifadə edilir. Doğrudur, orada sistem fərqlidir, abonentlərin özlərinin kod sistemləri var. Çox ölkələrdə abonent ayda bir dəfə sayğacın göstəricisini sistemə özü doldurur. Lakin, biz bunu abonentlərdən xahiş etsək, “bunu niyə biz etməliyik?”, “özünüz oxumalısınız” və s. kimi etirazlarla qarşılaşa bilərik.

- Hər il eyni dövrdə “Azəriqaz” İstehsalat Birliyi ilə “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti arasında borcla bağlı mübahisəli vəziyyət yaranır. Bu ilin sonu eyni vəziyyətin yaranmaması üçün “Azəriqaz” hansı təşəbbüslərlə çıxış etməyi düşünür?

- Bunun təşəbbüs qaydası yoxdur. “Azəristiliktəchizat” ASC özü də qeyd edir ki, satış fəaliyyətini həyata keçirdikləri qaydada yalnız işçilərinin əməkhaqqısını və digər texniki işləri həyata keçirmək üçün vəsaitə malikdir. Lakin qazın maya dəyərinin ödənilməsinə müvafiq iqtisadi göstəricisi yoxdur. Ona görə də, borc vəsait yanvar ayından başlayaraq yığılır və ilin noyabr ayına qədər eyni proseslər yenidən baş verir. Çünki, ödəniş olunmur. Biz bu məsələni hallandırmaqla sadəcə vəsaitimizi almağa çalışırıq. Bu il “Azəristiliktəchizat” ASC-yə dövlət 17 milyon manat dotasiya verib.


“Azəriqaz”ın rəhbəri limitlərin ləğv edilməsi barədə: “Aztəminatlı insanlar nəzərə alınır” - MÜSAHİBƏ + FOTO
- 2022-ci ilin sonunda qazlaşdırmanı neçə faizə çatdırmaq məqsədiniz var?

- Ölkədə qazlaşdırma 96 faizin üzərindədir. Bu faiz niyə dəyişmir? Çünki, hər il yaşayış massivlərinin, binaların, evlərin sayı artır. Artım faizə də təsir göstərir. Ona görə də proses davam edir. Son vaxtlar 3-5 mərtəbəli binalar sökülür, onların yerində 200-300 mənzilli binalar tikilir və abonent sayı da birdən-birə artır. Bu il 110 yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulur.

- Hər il müxtəlif dövrlərdə limitlərin sıfırlanması, limiti keçmək təşvişi və s. kimi prosesləri nəzərə aldıqda ağla standart qiymətin tətbiq edilməsi məsələsi gəlir. Bu gün 1200 kubmetrin altında istifadəyə görə 12 qəpik, 1200 kubmetrdən sonra 20 qəpik, 2500 kubmetrdən sonra 25 qəpik tarifi ilə qiymətlər hesablanır. Standart olaraq, məsələn 17 qəpik tətbiq edilsə və 3 tarif üzrə limitləmə ləğv edilsə, necə olar sizcə? Bu haqda “Azəriqaz” məsuliyyət sahibi olan qurum kimi təşəbbüslə çıxış edə bilər?

- Əslində, məsələyə “Azəriqaz” tərəfindən baxıldıqda bizim satış sistemimizin stabil qurulması üçün çox rahat olardı. Lakin, məsələyə dövlət tərəfindən və Prezident İlham Əliyevin təyin etdiyi sosial siyasət baxımından yanaşdıqda, sosial təminatı aşağı olan insanlar nəzərə alınır. Hazırda tariflərin müvafiq limitlər üzrə bölünməsi sosial təminatı aşağı olan insanlar üçün nəzərdə tutulub. Çünki, bir və ikiotaqlı, kvadratmetri aşağı evlərdə yaşayan aztəminatlı insanların qaz sərfiyyatı da aşağı olur. Onların kommunal xərclərinin aşağı olması üçün limit bu cür formalaşdırılıb. Bizim tərəfdən və ya hansısa digər tərəfdən baxdıqda müəyyən narahatçılıqlar ola bilər, lakin aztəminatlı insanlar üçün 12 qəpik və 17 qəpik arasındakı 5 qəpik fərq ayın sonunda böyük rəqəm edir. Bu onlara təsir edir.

Ötən il üzrə abonentlərin 40 faizindən çoxu 1200 kubmetri keçməyib, 85 faizi isə 2500 kubmetrə qədər istifadə edib, 15 faizi isə 2500 kubmetri keçənlərdir.

“Azəriqaz”ın rəhbəri limitlərin ləğv edilməsi barədə: “Aztəminatlı insanlar nəzərə alınır” - MÜSAHİBƏ + FOTO

- “Azəriqaz”ın yerli şirkətlə sayğacların alışı ilə bağlı müqaviləsi də oldu. İlkin yerli sayğaclar nə zaman əldə ediləcək?

- Ayın sonuna və ya növbəti ayın əvvəlinə bizə ilkin sayğaclar təhvil veriləcək. Həmin sayğaclar test edildikdən sonra artıq yerli istehsal sayğaclar istifadə edilməyə başlanılacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi