“Reuters”: “Türkiyə ilə Azərbaycan svap anlaşmasına yaxındır”
Türkiyə ilə Azərbaycan arasında valyuta svap anlaşması üzrə danışıqlarda irəliləyiş əldə olunub və yaxın vaxtlarda razılaşmanın əldə ediləcəyi gözlənilir. Bu barədə “Reuters” Türkiyədə bu danışıqların gedişi barədə məlumatlı olan mənbələrə istinadən bildirir.
Agentliyə məlumat verən mənbələrdən biri Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri ilə svap anlaşmasına dair danışıqlardan birinin “ilin sonuna qədər yekunlaşa biləcəyini” deyib. Mənbə deyib ki, Azərbaycan və Türkiyə mərkəzi bankları arasında imzalanacaq anlaşmanın həcmi əvvəlcə o qədər də böyük olmayacaq, ancaq dəyişdirilən valyutanın həcmi mərhələlərlə artırılacaq.
Svap anlaşması tərəflərin müəyyən müddətə və müəyyən faizlə öz pul vəsaitlərini dəyişdirməsini nəzərdə tutur. Müddət başa çatanda proses tərsinə işləyir, yəni tərəflərdən biri digərinə onun milli valyutasının əvəzində dollar veribsə müddət başa çatanda öz milli valyutasının əvəzində dollar alır.
Türkiyənin Mərkəzi Bankı öz strateji valyuta ehtiyatlarını artırmaq üçün dost və müttəfiq ölkələrlə svap anlaşmalarına gedir. Bu günlərdə Mərkəzi Bank Azərbaycan manatını və Birləşmiş Ərəb Əmirlikləri dirhəmini “dəyişdirilə biləcək xarici valyutalar” siyahısına daxil edib.
İndiki halda danışıqların və gözlənilən sövdələşmənin təfərrüatları məlum olmasa da belə yəqin olur ki, Türkiyə Mərkəzi Bankı Azərbaycan Mərkəzi Bankına müəyyən həcmdə TL verəcək, əvəzində dollar alacaq.
Xatırladaq ki, Türkiyədə dolların kəskin bahalaşmasına görə hökumət və Mərkəzi Bank maliyyə bazarında vəziyyəti sabitləşdirmək üçün son günlər bəzi addımlar atıb. Hökumət dollara indekslənmiş lirə depozitlərinə keçib, Mərkəzi Bank isə bu həftənin əvvəlində bazara müdaxilə edərək iki günə 7 milyard dollar satıb. Hazırda 1 ABŞ dolları 11.4 lirəyə yaxındır.
virtualaz.org