azia.az
azia.az

Qarabağın bərpası və “kubik” məsələsi: zəngin ehtiyatlar, “Karyer Qasım”, gözlənilən bahalaşma...

4-12-2021, 12:34

Qarabağın bərpası və “kubik” məsələsi: zəngin ehtiyatlar, “Karyer Qasım”, gözlənilən bahalaşma...
Qarabağın bərpası və “kubik” məsələsi: zəngin ehtiyatlar, “Karyer Qasım”, gözlənilən bahalaşma...
İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işlərinin başlaması fonunda Azərbaycanda tikinti materiallarına, o cümlədən mişar daşına təlabatın kəskin artacağı gözləniləndir. Doğrudur, ötən bir ildə bərpa işləri əsasən yeni avtomobil yollarının çəkilməsindən, energetika infrastrukturunun qurulmasından, ümumi uzunluğu 17 kilometrdən çox olan tunellərin tikintisinin başlanmasından və davam etdirilməsindən ibarət olub, amma Zəngilanda 200 evlik “Ağıllı kənd”in tikintisi də praktiki olaraq başa çatdırılmaq üzrədir. Qarşıdakı illərdə isə azad olunmuş ərazilərdə yüzlərlə yeni yaşayış məntəqəsinin, o cümlədən hər birində on minlərlə adamın yaşayacağı Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və digər şəhərlərin tikintisi vəzifəsi qarşıda dayanır. Bu baxımdan mişar daşına tələbatın qarşıdakı illərdə kəskin artacağını gözləmək olar.



Azərbaycan Ağdamı və yerlə bir edilmiş digər şəhərləri, kəndləri bərpa etməlidir. Bunun üçün isə çoxlu mişar daşı lazım gələcək...

Artan tələbatı necə ödəmək olar...

Bəs Azərbaycanda mişar daşı istehsalı azad edilmiş ərazilərdə aparılacaq böyük miqyasda tikinti-bərpa işlərinə görə kəskin artacağı gözlənilən tələbatı ödəyə biləcəkmi? Azad olunmuş ərazilərdə mişar daşı istehsalı imkanları necədir? Yaxud mişar daşı istehsalını artan tələbata necə uyğunlaşdırmaq olar ki, ətraf mühitə daha çox zərər dəyməsin, axı daş karxanaları ətraf mühit üçün zərərli istehsal sahələridir.

Qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilər təbii sərvətlərlə, o cümlədən tikinti materialları üçün xammal ehtiyatları ilə kifayət qədər zəngindir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesablamalarına görə, Qubadlı rayonunda 6 milyon kubmetrdən çox mişar daşı ehtiyatları, 18.4 milyon kubmetrdən çox üzlük daşı ehtiyatları var.



Füzuli rayonunun mişar daşı ehtiyatları 55 milyon kubmetrə yaxındır, Ağdam rayonunun mişar daşı ehtiyatları isə 65 milyon kubmetr qiymətləndirilir. Cəbrayıl rayonunda mişar daşı ehtiyatları 2.3 milyon kubmetr təşkil edir, Laçın rayonunda isə 4.7 milyon kubmetr mişar daşı ehtiyatlarının olduğu təxmin edilir. O cümlədən bu ərazilərdə böyük həcmdə qum-çınqıl və tikinti materialları istehsalı üçün digər xammal ehtiyatları mövcuddur.

“Karyer Qasım”ı yada salarkən...
Qarabağın bərpası və “kubik” məsələsi: zəngin ehtiyatlar, “Karyer Qasım”, gözlənilən bahalaşma...
Lakin işğaldan əvvəl, sovet dövründə daha çox Ağdam rayonunun mişar daşı yataqları istismar olunurdu. Həmin yataqlardan çıxarılan mişar daşı demək olar ki, bütün Qarabağ bölgəsinin ehtiyaclarını təmin edirdi.



Məşhur "Karyer Qasım"ın da karxanası. Fotonu haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev ötən il işğaldan azad edilmiş ərazilərdən, o cümlədən Ağdamdan reportajlar hazırlayarkən çəkib...

Ağdamın daş karxanalarına “karyer Qasım” ləqəbli məşhur Qasım Kərimov rəhbərlik edirdi. Rəsmi vəzifəsi o vaxtkı Tikinti Materialları Sənayesi Nazirliyinin Ağdam tikinti materialları kombinatının direktoru olan “karyer Qasım” çox zəngin və bölgədə nüfuz sahibi olub, 90-cı illərin əvvəllərində deputat seçilib, 1993-cü ilin iyun hadisələri zamanı isə Ağdamın icra hakimiyyətinin başçısı vəzifəsini özbaşına zəbt etmişdi. O, Ağdamın işğal edilməsindən sonra çox keçmədən vəfat edib.















"Karyer Qasım"
Qarabağın bərpası və “kubik” məsələsi: zəngin ehtiyatlar, “Karyer Qasım”, gözlənilən bahalaşma...
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması üçün bu ərazilərdəki tikinti materialları ehtiyatlarından istifadə mühüm əhəmiyyət kəsb edəcək. Bu baxımdan ekspert gözləyir ki, ərazilərin bərpası həmin ehtiyatların istismarının bərpa edilməsi ilə paralel aparılacaq. Yəni azad edilmiş ərazilərdə qurulacaq ilk istehsal sahələri məhz tikinti materialları sahələri olacaq, o cümlədən mişar daşı yataqlarının istismarı bərpa ediləcək.

“Məsələn, İşğaldan əvvəl Ağdamda çox böyük daş karxanaları vardı. Hansı ki, həmin karxanalar bütün Qarabağı və ətraf rayonları keyfiyyətli mişar daşı ilə təmin edirdi. Hesab edirəm ki, həmin karxanaların da fəaliyyəti tezliklə bərpa ediləcək və gələcəkdə digər ərazilərdən mişar daşını, qumu, çınqılı daşımağa gərək qalmayacaq”,-həmsöhbətimiz deyir.



Karxanalar həmişə çətin və problemli sahə olub

Lakin azad edilmiş ərazilərdə tikinti materiallarının, o cümlədən mişar daşı istehsalının təşkil edilməsi bir qədər vaxt aparacaq və belə görünür ki, ən azından qarşıdakı 1-2 il ərzində tikinti işləri üçün mişar daşı Bakı ətrafındakı daş karxanaları hesabına təmin ediləcək.

Azərbaycanda daş karxanaları həmişə problemli sahə olub. Belə ki, daş karxanaları ətraf mühitə zərər vuran, əməyin təhlükəsizliyinə dair elementar normalara əməl edilməyən, insan sağlamlığı üçün təhlükəli şəraitin hökm sürdüyü sahələrdən biridir. Vaxtaşırı olaraq daş karxanalarında fəhlə ölümlərinin baş verdiyi haqda eşidirik. Sonuncu belə hadisə noyabrın 12-də Qaradağ rayonu Qızıldaş qəsəbəsi ərazisində yerləşən karxanalardan birində baş verib. “Qaradağ” ASC-yə məxsus daş karxanasında maşinist işləyən Əbülfəz Hacıyev iş yerində baş verən qəza nəticəsində həlak olub. Bu ilin iyulun 7-də Qaradağ rayonu, Gülbaxt adlanan ərazidə yerləşən daş karxanasında da ölüm hadisəsi baş verib. Aprelin 8-də, martın 27-də də daş karxanalarında ölüm qeydə alınıb.

Nazirliklərə sorğu: indi vəziyyət necədir?

Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat nazirlikləri tərəfindən 2-3 il əvvəl daş karxanalarında dalbadal monitorinqlər aparmışdı və bir çox karxanalar bağlanmışdı, yaxud sahibkarlar ətraf mühitə ciddi ziyan vuran istehsal fəaliyyətinə görə cərimə edilmişdi. Onların qarşısında tələblər qoyulurdu ki, müasir avadanlıqlar alıb quraşdırsınlar və havanı çirkləndirməyi minimuma endirsinlər. Son vaxtlar isə belə monitorinqlər barədə eşitmirik.



Daş karxanalarında istehsal əsasən primitiv və köhnəlmiş üsullarla aparılır, havaya böyük miqdarda toz tullantılarının atılması ilə müşaiyət olunur...
Qarabağın bərpası və “kubik” məsələsi: zəngin ehtiyatlar, “Karyer Qasım”, gözlənilən bahalaşma...
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən deyiblər ki, monitorinqlər yenə də davam edir. Hərçənd, nazirlik bu ilin ilk 6 ayında neçə daş karxanasında yoxlama aparıldığı, hansı tədbirlərin görüldüyü barədə məlumatı təqdim etməyib.

Ölkədə neçə daş karxanasının fəaliyyət göstərdiyini, son bir ildə neçə qanunsuz daş karxanasının aşkarlandığı, istehsal müəssisələrinin müasir texnologiyalarla təmin olunub-olunmadığı və daha bir neçə suala isə İqtisadiyyat Nazirliyindən cavab almaq mümkün olmayıb. Nazirlik ünvanladığımız suallara bir neçə gün ərzində cavab verməyib.

Bazarın indiki durumu

Qeyd edək ki, bir il əvvəl pandemiya və tikinti bumunun səngiməsi nəticəsində mişar daşına təlabat azalmışdı, istehsal zəifləmişdi. “Kubik” satanlar müştərilərin azalmasından şikayətlənirdilər. Baxmayaraq ki, tikinti materiallarının, eləcə də mişar daşının qiyməti artmışdı. Satıcılar bildiridilər ki, mişar daşı təlabatın artmasına görə deyil, maya dəyərinin yüksəlməsi səbəbindən bahalaşıb.



virtualaz.org xəbər verir ki, bu ilin əvvəlindən mişar daşı 8-10 qəpik bahalaşıb. Bununla belə, çörəyini daşdan çıxaranlar pandemiyanın pik vaxtlarına nisbətən indi vəziyyətlərinə şükür edirlər. Çünki bazar az da olsa canlanıb, alver var. “Kubik” satışı ilə dolanan yük maşını sürücüləri indi təkcə “daş bazarı” adlanan yerlərdə dayanıb müştəri gözləmirlər, onlar həm də müxtəlif elan saytlarında satış elanları da yerləşdirirlər və nəticədə kim istəsə telefonla da mişar daşı sifariş verə bilər.
Qarabağın bərpası və “kubik” məsələsi: zəngin ehtiyatlar, “Karyer Qasım”, gözlənilən bahalaşma...
“Kubik” satan: “Ən yaxşı daş Qaradağ daşıdır...”

Bu cür elanlardan birini internetdə yerləşdirmiş “KamAZ" sürücüsü Şakir İsmayılov deyir ki, onlar daş karxanalarının yerləşdiyi ərazilərdən və daşın sərtliyindən asılı olaraq qiymətləri 5-10 qəpik fərqlə satıllar. Məsafənin artması, yaxud alıcı gözləmək üçün müəyyən edilmiş dayanacaqda keçirdikləri vaxt qiymətlərə təsir edir. Məsələn, məsafə çoxdursa, daşın qiymətinə yol xərci də gəlir.

“Ən yaxşı daş Qaradağ daşıdır,məsafədən asılı olaraq 57-60 qəpikdən satılır. Güzdək daşı şəhərətrafı qəsəbələrə 55 qəpikdən təklif edilir. Hövsan, Türkan daşı ucuzdur, çünki tərkibində “balıqqulağı” var, yüngüldür, boşaldanda qırılır”, - sürücü məlumat verib.



Digər satıcı isə deyib ki, indi 39-45 qəpiyə də daş almaq mümkündür, sadəcə olaraq keyfiyyət fərqi var. Məsələn, nəmişliyə dözümlü Güzdək, Qızılqaya, Qaradağ mişar daşı digərlərindən bir az bahadır: “Birbaşa daş karxanasından alanlar da var. Məsələn, bizim 39 qəpiyə satdığımız daşı karxanadan 30 qəpiyə ala bilərlər”.

Satıcı əlavə edib ki, o, standart eyni ölcüdə, orta bərklikdə Güzdək mişar daşını Bakı və Bakıətrafı qəsəbələrə 43-45 qəpikdən daşıyır. Qızılqaya, Zirə, Abşeron, Nardaran, Türkan, Dübəndi, Korgöz mişar daşının qiyməti məsaməliyinə, yumşaqlığına və məsafəyə görə 40-60 qəpikdən təklif edir: “Daşın məsaməli olması daha yaxşı istilik izolyasiyası effekti verir, lakin mənfi tərəfi odur ki, yumşaq olur və içinə suyu daha çox çəkə bilir”.
Qarabağın bərpası və “kubik” məsələsi: zəngin ehtiyatlar, “Karyer Qasım”, gözlənilən bahalaşma...
Satıcı deyir ki, Bakıətrafı qəsəbələrdə daş karxanaları çoxdur, əməkdaşlıq etdiyi karxanaların demək olar ki, əksəriyyətində həm istehsal prossesi, həm də qiymətlər aşağı-yuxarı eynidir.

Ekspert bahalaşma olacağını gözləyir

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə deyir ki, yanacağın və enerjinin qiymətinin dəyişməsi mişar daşının bahalaşmasına təsir edir. Və bu bahalaşmanın gələn il də davam edəcəyini gözləyir. Ümumilikdə, son bir ildə tikinti materialları 20-30 faiz, bəzi materiallar daha çox bahalaşib.

Ekspertin sözlərinə görə, hazırda işğaldan azad edilmiş ərazilərdə infrastruktur qurulur, bəzi yerlərdə tikintilər gedir. Ərazilər minalardan təmizləndikcə bərpa işləri aparılır. Bununla belə, indiki qiymət artımını Qarabağdakı bərpa işləri ilə əlaqələndirmək olmaz. Çünki azad edilmiş ərazilərdə hələlik infrastruktur qurulur, yaşayış məntəqələrinin salınması işləri isə növbəti illərdə geniş vüsət alacaq.

Ü.Xudiyeva


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi