Qiymətlər bahalaşır, pensiyalar kəsilir: Sui-istifadə başladı!
Sürətli bahalaşma gedir, ölkədə yoxsulluq səviyyəsi artır, bəzi aztəminatlı ailələrin ciddi problemləri yaranır və onlar arzulanmaz təsirlərin altına düşürlər, bu hakimiyyətin qətiyyən haqq etmədiyi ittihamları ortaya atan bir qrup xaricdə oturan dələduzun auditoriyası genişlənir...
Səbəb nədir?
Millət vəkili Fazil Mustafa, nəhayət, bu məsələni bir daha gündəmə gətirib – həm də cəsarət və səmimiyyətlə!
Fazil Mustafanın fikrini bu cür ümumiləşdirmək olar: nə baş verdiyini, niyə bu çətinlikdən keçdiyimizi, hansı gərginlikdə yaşadığımızı vətəndaşlarla bölüşməsən, bütün resursları səfərbər etməsən, çətin olacaq!
Bunu bir müddət əvvəl də demişdik: Azərbaycan heç kimdən bircə qəpik qrant, dəstək, ucuz kredit almadan Qarabağda inanılmaz layihələr, quruculuq işləri həyata keçirir, aeroportlar tikir, yollar-tunellər çəkir, ağıllı kəndlər, şəhərlər salır, minaları təmizləyir... Hamısı yalnız öz gücümüzə, öz imkanlarımız hesabınadır və orda çalışan xarici şirkətlərə də vəfa borcumuzu yerinə yetiririk. Yəni bütün tikintiləri heç də Azərbaycan şirkətləri həyata keçirmir, qardaş dövlətlərin böyük qurumları da cəlb edilib. Bunun bir səbəbi sürətli tikinti hədəfi, ən müasir standartlardırsa, digəri qardaşlarımızın, dostlarımızın müharibə zamanı sinələrini qabağa verməsi nəticəsində sanksiyalarla üzləşmələri, vəsait itirmələrini kompensasiya etmək cəhdimizdir.
Azərbaycan və azərbaycanlılar belə də davranmalıydı: Savaşda yanımızda olanlara, qələbəmizə qatqı verənlərə, bizə görə ziyan çəkənlərə ürəyimizi verməyə hazırıq!
Bunun nəticəsidir kommunal artımlar, dövlət xidməti rüsumlarında bahalaşmalar və nəticədə bütün sahələrdə yaranan çətinliklər. Bu da ən çox aztəminatlı ailələrə təsir edir, ciddi problemlər yaranır.
Bu həqiqəti xalqa elan etmək, bütün ölkə üzrə bu siyasətin dəstəklənməsini təşviq etmək lazımdır. Biz ötən il son tikəsini cəbhəyə, torpaqlarımızın azadlığı üçün vuruşan balalarımıza göndərməyə bir an da tərəddüd etmədik, ac da qaldıq, yuxusuz da... Yaradılan fondlara, aksiyalara dəstək verənlər də daha çox adi vətəndaşlar oldu.
İndi də “Qarabağda tikinti savaşı” verdiyimizi elan edib, o aksiyaları davam etdirmək, başda imkanlılar olmaqla, hamını səfərbər etmək, xalqla açıq danışmaq lazımdır.
Fazil Mustafa “3 il Qarabağ ili elan edək” deyir və bildiririk ki, onda “hər kəs kəmərləri çəkməyə” həvəslə razı olacaq, narazılıqlar da aradan qalxacaq, yad və pis təsirlərin altına düşməkdən vətəndaşları qoruyacağıq.
Doğru və lazım olan təklifdir!
ƏTRAFLI
qatarairways.com
Bu iqtidara rəhbərlik edən şəxs siyasətdə də, müharibədə də, ünsiyyətdə də yalnız və yalnız Səmimiyyəti ilə qalib gəlib və gəlir! Eyni siyasəti hökumət də davam etdirməlidir. Ancaq əlbəttə ki, “sərt savaş qaydaları”na varlıların da cəlbini xalq görməlidir, eyni zamanda aztəminatlı ailələrin gündəlik minimal ehtiyacları mütləq qarşılanmalıdır. Kasıblıq – acından ölmək anlamına gəlmir axı!
Bu istiqamətdə millət vəkili diqqəti bir daha Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üstünə çəkib - əlbəttə, dolayısı ilə.
Pensiyası kəsilən vətəndaşların sayı bəzi rəqəmlərə görə 100 mini keçib və bu rəqəmin 190 minə çatdırılacağı haqda məlumatlar var. Bu prosesin ədalətli, ya ədalətsiz aparıldığı barədə müzakirələri bir kənara qoyuruq: hər tərəfin öz arqumenti var, nazirlik də elektron baza ilə, “sistemlə” işlədiyini bildirir və bu, olduqca gərgin söhbətdir. Əsas məsələ isə tam ayrıdır: tutaq ki, nazirlik prosesi tam şəffaf, ədalətli aparır, haqsız yerə pensiya kəsilən şəxsləri sistemdən kənarlaşdırır. Lap yaxşı. Bəs, illərdir pensiya alan və bu pensiya ilə dolanmağa vərdiş etmiş insanlara nə təklif edilir?
Yeni iş yerləri varmı? Axı, biz çətinlikdən, bahalıqdan və Qarabağda misilsiz quruculuq işlərindən danışırıq, dövlətimizin bütün resurslarının işğaldan azad edilən ərazilərə sərf olunduğunu görürük. Yeri gəlmişkən, hər ay filan qədər yeni iş yeri yaradılması barədə də son aylar daha az informasiya gəlir. Demək ki, bütün diqqət Qarabağdadır. Belə olan halda pensiyadan ədalətli və yaxud ədalətsiz məhrum olan insanları kimin ümidinə buraxırıq?
Aidiyyəti qurumların sosial layihələrinə hazırda həmişə olduğundan daha çox ehtiyac var: 190 min pensiya almış şəxsin ən azı 100 mini (qeyri-dəqiq, ümumi təsəvvür üçün istifadə edilən rəqəmlərdir, “rəqəmlər doğru deyil” iddiası ilə cavaba tələsməyin) və onların ailəsini nəzərə alsaq, 400 minə yaxın insanın sosial himayədən məhrum edildiyi göz önündədir. Onlara nə verək, hansı layihəyə cəlb edək?
Bunlar düşünülürmü? Bu layihələrə start verilirmi? Bu layihələr həmin şəxslərin hamısını əhatə edirmi?
Adında 10-15 sot torpaq olan şəxs pensiya hüququndan məhrum edilir. Bəs, o 10 sot torpağı əkib-becərmək üçün nazirlik həmin şəxsə nə təklif edir?
Bütün resurslarımız Qarabağ üçün! Hər şey Vətən üçün! Hər şey torpaq üçün! – birmənalıdır və inandırım ki, bu, şüar deyil, həyatdır, həqiqətdir, dövlətsiz, vətənsiz, yurdsuz insan ola bilməz. Amma dövlət qurumları hər şeyini Vətən üçün verən vətəndaşının ən minimal tələblərini qarşılamaq haqda mütləq bir strategiyaya sahib olmalıdır.
Gənclərin məhz canı, düşüncəsi, həyata baxışı qorunmalıdır ki, o, lazım gələndə Vətənə canını versin! Onlar kimlərinsə təsirinə düşməməlidir, bu gənclərlə açıq, səmimi danışıb, onların imkanlarından, gücündən istifadə edilməlidir.
Əks halda, Fazil Mustafa doğru deyir, çətin olacaq, çox çətin və kimlərsə bu çətinlikdən dövlətimizin uğurlarını yox etmək üçün sui-istifadəyə baş vuracaq.
Buna imkan vermək olmaz, qəti olmaz!