azia.az
azia.az

Ölkədə sabun qiymətləri niyə çox yüksəkdir: Əlimizi də yumayaq? – ARAŞDIRMA+FOTO

5-09-2021, 16:38

Ölkədə sabun qiymətləri niyə çox yüksəkdir: Əlimizi də yumayaq? – ARAŞDIRMA+FOTO
“Əvvəllər sabun hidrogenləşdirilmiş bitki yağlarının, heyvan mənşəli piylərin qələvi və ya sodanın iştirakı ilə hidrolizindən alınırdı. Hazırda sabun istehsalında lazım olan karbon turşuları neft parafinlərini (alkanları) oksidləşdirməklə əldə edilir”.

Bu cümlələr sabun istehsalı ilə bağlı məlumatları oxuyanda qarşıma çıxdı və anidən suallar yarandı: Bəs niyə neft ölkəsi olan Azərbaycanda satışdakı sabunların böyük əksəriyyəti idxal məhsullarıdır? Üstəlik, idxal olunan məhsulların qiyməti çox bahadır. Bir manatdan ucuz bərk sabun çox azdır. Maye sabunların qiymətləri isə daha yüksəkdir. Sabun gigiyenik vasitədir, gündəlik istifadə olunur və tələb də böyükdür. Bəs onun qiymətlərini baha edən səbəblər nələrdir?

“Kaspi” qəzeti bununla bağlı araşdırma aparıb.
Ölkədə sabun qiymətləri niyə çox yüksəkdir: Əlimizi də yumayaq? – ARAŞDIRMA+FOTO
İqtisadçı Elşad Məmmədov deyir ki, idxal olunan sabunların qiymətinin bahalığını şərtləndirən amillər var: "Hazırda dünya iqtisadiyyatında inflyasiya prosesi sürətlənməkdədir. İstehlak bazarında qiymətlərdə artım müşahidə edilir. Sözsüz ki, bu, Azərbaycana idxal olunan məhsulların qiymətinə öz təsirini göstərir. Bununla yanaşı, idxalla məşğul olan şirkətlərin sayının azlığı da qiymətlərə təsir edən faktdır. Bu şirkətlərin şaxələndirilməsi, sayının artırılması qiymətlərin yumşalmasına şərait yarada bilər. Yerli istehsal məhsulunun lazımi səviyyədə olmaması da ixrac məhsullarının qiymətinə təsir etməlidir və edir. İdxaldan asılılıq azaldılmalı, bazarda yerli məhsulların payı genişləndirilməlidir”.
Ölkədə sabun qiymətləri niyə çox yüksəkdir: Əlimizi də yumayaq? – ARAŞDIRMA+FOTO
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, ölkədə sabun biznesi sağlam vəziyyətdə deyil: "Azad İstehlakçılar Birliyini yaratmağımın səbəbi elə sabun biznesində gördüklərim olub. Sabun idxalı sahəsində biznes qurmuşdum. Sifariş vermək istədiyim xarici istehsalçı mənə dedi ki, qiymət barədə düşünməyin. Biz keyfiyyətinə təsir edəcəyik, daha münasib başa gələcək və s. Həm qiymətlərlə oynayırlar, həm də keyfiyyətlə. Ona görə bu biznesdən uzaqlaşdım və istehlakçıların hüquqlarının müdafiəsi sahəsinə keçdim”.

E.Hüseynov deyir ki, qiymətlərin baha olmasına gətirib çıxaran məqamlar var və onlar aradan qaldırılmalıdır: "Kartel sövdələşmələri, inhisarçılığı qeyd etmək olar. Cənab prezident də bu məsələyə toxunur. Bəli, burda qiymətlərin razılaşdırılması və diktə edilməsi var. Ciddi məsələlərdən biri marketlərdə mal yerləşdirən sahibkardan külli miqdarda qeyri-qanuni pul alınmasıdır. Bu xərc də məhsulun qiymətinin üzərinə gəlir. Nazirlər Kabineti marketlərin özbaşınalığının aradan qaldırılması ilə bağlı tədbir görməlidir. İstehsalçılar, idxalçılar danışmırlar, məhsullarının şəbəkədən çıxarılmasından qorxurlar”.

E.Hüseynov deyir ki, sabunla bağlı yerli istehsalda da hərc-mərclik var: "Çox az miqdarda yerli sabun istehsalçısı var”.

Ölkədə sabun qiymətləri niyə çox yüksəkdir: Əlimizi də yumayaq? – ARAŞDIRMA+FOTO

E.Məmmədov deyir ki, sabun üçün lazım olan xammalın böyük hissəsi ölkəmizdə var: "Biz neft ölkəsiyik və bir çox məhsulların istehsalında xammal olaraq neft böyük rol oynayır. Amma bizdə hasil olunan neftin 80-90 faizi xammal şəklində ixraca gedir. Nefti emala yönləndirsək, kifayət qədər böyük həcmdə, böyük çeşiddə məhsullar istehsal oluna bilər. Həmin məhsullardan biri də sabun olar”.

Adının çəkilməsini istəməyən sahibkarlardan biri qeyd etdi ki, bu sahədə biznes qurmağa çalışıb, amma istehsal etdiyi məhsul idxal olunandan baha başa gəldiyi üçün işi dayandırıb: "Mən paltar sabunu istehsalına başladım, araşdırma və s. apardım, böyük qurğular, lazım olan avadanlıqları alıb işə başladım. 7 ay istehsalla məşğul oldum, amma sonda zərər etdim. Xammalı baha başa gəlirdi. Digər xərcləri də gələndə, istehsal etdiyimiz məhsulun qiyməti idxal olunan sabunlardan daha baha oldu. Ona görə işi dayandırdım”.

E.Məmmədovun sözlərinə görə, hazırkı şəraitdə ölkədə yerli istehsal sabunların idxal olunanlardan daha münasib qiymətə təklif edilməsinin mümkünlüyü çətin məsələdir: "Müasir iqtisadiyyatda istehsal prosesinin təşkil edilməsi böyük texnoloji korporasiya tələb edir. Yəni bir şirkətin, bir fiziki şəxsin hansısa mürəkkəb məhsulun istehsalını həyata keçirməsi, əksər istiqamətlər üzrə, demək olar ki, qeyri-mümkündür. Texnoloji korporasiya da böyük sərmayə və böyük bazarların olmasını tələb edir. Bu gün dünyanın hansı ölkəsinə getsəniz, bizdə satışda olan xarici brendləri görəcəksiniz. Onların satış bazarı milyardlarla insandır. Ona görə onlar cüzi ticarət əlavələri qoyurlar. Bizim sahibkarlarımız isə yerli bazarla məhdudlaşmalı olurlar. Çünki xarici bazarlara çıxış çox çətindir. Bu halda yerli sahibkarlar ciddi çətinliklərlə üz-üzə qalır. Bazar geniş olduqca, dövriyə çoxalır və bu zaman məhsulun dəyərinin üzərinə ticarət əlavəsi az qoyulur. Ona görə bizə yaxın, qonşu dövlətlərlə iqtisadi əlaqələrin genişləndirilməsinə getməliyik. Əgər özümüz sabun istehsal edib onu yalnız Azərbaycan bazarına çıxaracağıqsa, satışda olan idxal məhsullarından ucuz qiymətə təklif etmək mümkün olmayacaq”.


Ölkədə sabun qiymətləri niyə çox yüksəkdir: Əlimizi də yumayaq? – ARAŞDIRMA+FOTO
E.Məmmədov qeyd etdi ki, sahibkarlara verilən kreditlərin faizi yüksək olduğu üçün bu da məhsulların qiymətinə öz təsirini göstərir: "İnvestisiyaların həcminin az olması, pul kredit siyasətinin kəskin şəkildə sərtləşdirilməsi bu işlərin reallaşdırılmasına imkan vermir. Sahibkarların maliyyə resurslarına çıxışı xeyli dərəcədə yumşalmalıdır. Bizdə bu gün kredit faizləri çox yüksəkdir. Sahibkar hər hansı bir iş görmək istəyirsə, götürdüyü kreditlər əvvəlcədən biznesi rentabelsiz edəcək. O işdə sahibkarın illik qazancı maksimum 5-7 faiz olacaq. 25 faizlə kredit götürüb iş görən sahibkar müflis olacaq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi