azia.az
azia.az

OTEL YOXSA QUL BAZARI- Otellər şəbəkəsi əmək qanunvericiliyinin tələblərini pozur

29-10-2020, 12:30

OTEL YOXSA QUL BAZARI- Otellər şəbəkəsi əmək qanunvericiliyinin tələblərini pozur

Azia.az xəbər verir ki, Kimi Marsda həyat axtarır, kimi hələ sağlığında pul xərcləməyə yer tapmadığından, Ayda dəfn olunmaq üçün sərmayə qoyur, kimi yeni ərazilər üçün yeni müharibələr aparır, kimi də zinət əşyaları toplayır, avtomobil kolleksiyasını zənginləşdirir. Amma bəşər övladı üçün həmişə ən vacib vəzifə özü üçün, ailəsi üçün ən zəruri nemət olan bir parça çörək qazanmaq olub. Əksəriyyət üçün bir parça çörək havayı başa gəlmir. Axı hamı anadan varlı ailədə doğulmur. Heç də hamıya istedad bəxş edilmir. Gərək ya əmək bazarında tələbat olan peşən, sənətin, ixtisasın olsun, ya da harama, əyri yola əla atasan, hətta onu da bacarsan…

Elə ki, əlindən gələn işin bazarında təklif tələbi üstələdi, vay halına! Qara gününü qablaşdır. Nəzərə al ki, işəgötürənlər tərəfindən diskriminasiyaya məruz qalacaqsan. Sənin nazınla oynamayacaqlar. Çünki qapının ağzında yerinə göz dikən neçə-neçə işaxtaran var. Amma heç vaxt təslim olmaq, məhrumiyyətlərlə barışmaq lazım deyil. Mübarizə, yalnız hüquqların uğrunda mübarizə yolu ilə haqqını ala bilərsən. Fələyin qapısının ağzında durub nə vaxt mərhəmətli olacağını gözləməyə dəyməz. Bəzən xoşbəxtliyi şücaətin qanadlarında da təqib edib yaxalamaq mümkündür. Hüquqların uğrunda mübarizə etmək üçünsə diplom və ya başqa imtiyaz verən sənəd mütləq deyil, savada yiyələnməyin, hüquq düşüncəsinə malik olmağın lazımdır. Bu müstəvidə əzmkarlıq etməklə, haqları tapdalanan başqalarına da nümunə göstərmək mümkündür.

Vətəndaş Zeynalov Həmid Ələkbər oğlu “Dəryaz” qəzetinin redaksiyasına müraciət edərək əmək hüquqlarının pozulduğunu bildirmişdir. Onun verdiyi məlumata görə, 17.05.2019-cu il tarixdə paytaxt Bakıda – dəniz sahilində fəaliyyət göstərən 4 ulduzlu “The Crescent Beach” Hotelində ofisiant kimi işə düzəlibmiş. Amma onunla bağlanılmış əmək müqaviləsində həftədə 5 günlük (I – V günlər), gündəlik nahar fasiləsi də daxil 8 saat (09:00 – 18:00) iş rejimi razılaşdırılsa da, tezliklə məlum olub ki, kağız üzərində əks olunan bu reqlament formal xarakter daşıyır. Əslində isə otel rəhbərliyi onun və digər ofisiantların əməyini gecə yarısınadək istismar edirmişlər. Bundan əlavə, ofisiantları heç də onların əmək funksiyalarına aid olmayan, qeyri-məqbul işləri yerinə yetirməyə, məsələn, xadimənin, fəhlənin də əvəzinə çalışmağa məcbur edirmişlər.

Zeynalov qarşılaşdığı belə vəziyyətə dözməyib və otelin inzibatçısı Samirdən xahiş edib ki, aldadılması səbəbindən narazılığını, işdən çıxmaq, son haqq-hesabını almaq istədiyini otelin aid olduğu “Prins” MMC-nin rəhbəri Fazil bəyə çatdırsın. Həmidin haqlı iradlarının digər ofisiantların da üsyanına səbəb olacağından ehtiyatlanan inzibatçı onunla mübahisə edib və başqalarına da görk olsun deyə işlədiyi 5 günün əmək haqqını ödəmək istəməyib. Lakin Zeynalov xeyli çək-çevirdən sonra nəhayət, pulunu almağa müvəffəq olub. Bununla belə, tezliklə ona məyus edən başqa həqiqət üzə çıxıb. Portalda şəxsi hesabını nəzərdən keçirəndə aşkarlayıb ki, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndində nəzərdə tutulan əsasla — guya əmək funksiyasını, müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə xitam veriblər.

Doğrudur, işçinin işdən yuxarıdakı maddə ilə azad edilməsi, digər işə girməsinə əngəl yarada bilməz. Qanunvericilikdə belə bir tələb yoxdur. Amma işəgötürənin öz tələbi ilə işə qəbulla bağlı tələblərdə bu hissə öz əksini tapa bilər. Belə olan halda işəgötürən həmin şəxsi işə götürə də bilər, götürməyə də bilər. Bu, vəzifə tələblərindən və işəgötürənin öz mülahizələrindən asılıdır.

Təbii ki, bu haqsızlıqla barışmayan Zeynalov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142” Qaynar xəttinə zəng vuraraq qarşılaşdığı hüquqpozma ilə bağlı şikayət edib. Redaksiyaya verdiyi məlumatda bildirir ki, bundan sonra müəssisənin baş mühasibi Gülarə Rzayeva ona zəng vuraraq şikayətini geri götürməyi israr edib və fikrindən daşınacağı təqdirdə portalda göstərilən işdən çıxma səbəbini dəyişəcəklərini söz verib. Hərçənd, artıq bir dəfə aldadılan Zeynalov bu sövdələşməyə getməyib. O, hüquqları uğrunda sonadək mübarizə aparmaqda israrlıdır. Həm haqqın — ədalətin bərpa olunacağına, həm də ədalətsizliyə rəvac verənlərin əməllərinə lazımi hüquqi qiymət veriləcəyinə inanır.

Şikayətçi həmçinin bildirmişdir ki, Prins” MMC-nin bir-birinə yaxın yerləşən otellər şəbəkəsinə “The Crescent Beach” hotelindən başqa “Babək”, “Dədə Qorqud”, “Koroğlu” adlı ikimərtəbəli komfortlu mehmanxanalar da aiddir. Bu obyektlərin hamısında prinsip eynidir – müqavilə şərtlərini rəhbərliyə xatırladıb haqsız tələbləri yerinə yetirməkdən imtina edənlər bir ay çəkmir ki, işdən qovulur, əmək haqları verilmir. Bundan başqa, xalq qəhrəmanlarının adını daşıyan bu otellərdə yüngül əxlaqlı qadınların cinsi istismara cəlb olunduğu da diqqəti çəkir ki, bu da pandemiyanın tüğyan etdiyi indiki dönəmdə cəmiyyət üçün çox təhlükəlidir. Hərçənd, bu, ayrı söhbətin mövzusudur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi