Rasim Ağayev: “Nefti çoxdur, yiyəsi yoxdur”
Liviya çox mürəkkəb ölkədir. Mən orada işləmişəm və yerli situasiyanı, qəbilələrarası münasibətləri bilirəm. Biz Liviya dedikdə Qəddafi dövründə olan ölkə gözümüz önündə canlanır. Ancaq Liviya çoxdan dəyişib, bu ölkənin daxilində bir neçə ildir ki, hərc-mərclik, xaos yaşanır. Faktiki söhbət ölkənin parçalanmasından, böyük neft ehtiyatlarından gedir.
Bu sözləri Teleqraf.com-a politoloq Rasim Ağayev Türkiyənin Liviyaya ordu göndərmək ehtimalı haqda danışarkən deyib.
Xatırladaq ki, ötən ay Liviya ilə Türkiyə arasında əməkdaşlıq sazişi imzalanıb. Sazişdə Liviya milli barış hökumətinin tələb edəcəyi təqdirdə Türkiyənin bu ölkəyə ordu göndərməsi bəndi də var. Artıq dünən Liviya Milli Barış Hökuməti Türkiyədən rəsmən hərbi dəstək tələb edib. Prezident Ərdoğan isə deyib ki, onlar müttəfiqlərini darda qoymayacaq.
Rasim Ağayev isə hesab edir ki, Liviya yaxın dövrdə yeni hadisələrin şahidi olacaq: “Türkiyənin bu ölkəyə hərbi dəstək göstərə biləcəyi haqda mövqeyi maraqlıdır. Açığı, son illər Türkiyənin fəaliyyətində mühüm bir tendensiya müşahidə olunur. Sanki Türkiyə keçmişdə nəzarət etdiyi ərazilərə qayıdır. Yəni belə bir meyl və qayıdış müşahidə edilir. Türkiyə keçmjiş imperiya kimi müxtəlif kontingentlərdə öz təsirini göstərir. Avropada, Asiyada, Afrikada. Liviyada isə məsələ dediyim kimi fərqlidir. Əvvəla, ölkə daxilində iki əsas güc var və bir-birinə qarşı müharibə aparırlar. Liviya dedikdə ilk növbədə zəngin neft yataqları başa düşülməlidir. Əsas məsələ neft yataqlarını nəzarət altına almaqdır. Çünki ərəb regionunda illər əvvəl bir proses müşahidə edildi və bu dalğada Qəddafi başda olmaqla çoxsaylı insanlar hakimiyyətə gəldi. Yəni ərəblər həqiqi müstəqillik əldə etmişdi, Avropa, keçmiş qonşular, bu regiona nəzarət edən ölkələr Qəddafi kimi rəhbərlərdən faktiki asılı qalmışdlı. İndisə vəziyyət dəyişilir və ərəb regionuna yenidən qayıtmaq məsələsi ortaya çıxır. Hərc-mərclik olmaması və müharibənin başlanmaması üçün Liviya kimi ölkələr bölüşdürüləcək. Bu bölüşdürmənin hansı şəkildə olacağı başqa mövzudur”.
Müsahibimiz əlavə edib ki, son müqavilə və davranışları ilə Türkiyə Liviyada mövqelərini möhkəmlədib: “Yaxın dövrdə bu proses güclənəcək. Problem ondadır ki, Liviyada güclü lider yoxdur. Hansı ki, onunla danışqlar aparmaq, lazm gəlsə beynəlxalq güclərin maraqlarının ortaq təminatını həyata keçirmək mümkün olsun. İndiki Liviya liderləri bunu bacarmır. Bir lider ortaya çıxıb ölkədə sabitliyi təmin etməli, daha sonra onunla danışıqlar aparıb pay bölgüsünü yoluna qoymaq ssenarisi həyata keçirilməlidir. İndi belə bir fiqur yoxdur. Məncə, Liviyada indiki durumun səbəbi də bununla bağlıdır. Əvəzində maraq göstərən, Liviyada nefti əlinə keçirmək istəyənlər çoxdur. Amma Liviyanın sahibi də yoxdur. Ortada olan qüvvələr qeyd etdiyim çağırışlara cavab verə bilmirlər”.