İçərisində məktəblilərin də olduğu avtobus qatarla toqquşdu.
Azia.Az ARB TV -yə istinadən xəbər verir ki, dəhşətli qəza nəticəsində 1 azyaşlı öldü, çox sayda insan yaralandı.
Bakının Binə qəsəbəsi ərazisində 160 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu şlaqbaumların bağlı olmasına baxmayaraq, qatar yoluna çıxıb və toqquşub. Səhiyyə Nazirliyindən ARB TV-yə verilən məlumata görə hadisə zamanı yaralanan 13 yaşlı məktəbli xəstəxanaya çatdırılarkən dünyasını dəyişib.
Xəsarət alanların 2-si Elmi Tədqiqat Travmatologiya İnstitutuna, 3-ü Kliniki Tibbi Mərkəzə, 28 nəfər isə 3 saylı Kliniki Şəhər Xəstəxanasına yerləşdirilib. Onlardan 5-i azyaşlıdır. xəstələrdən 3-nün vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə şahidi: "Şlaqbaum bağlı idi. Qatar gələn vaxtı avtobus sürətlə keçmək istədi, vurdu. Qışqırırdı avtobusdakılar, qanın içində idilər".
"Toqquşmada qatar maşinistinin heç bir günahı olmayıb. Avtobusu idarə edən sürücü giriş qadağan olduğu halda qorunan əraziyə daxil olub".
Bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Əlirza Süleymanov deyib:
"Həmin ərazi qorunan hissədir. Ərazidə dəmir yoluna giriş şlaqbaumları hər iki tərəfdə bağlı olub. Orada qatarın sürəti 40 km/saat göstərilsə də, hərəkətdə olan qatarın sürəti 30 km/saat olub. Avtobus sürücüsü şlaqbaumların bağlı olmasına baxmayaraq, irəli gedib. Qəza zamanı lokomotiv aşıb".
Artıq avtobusun sürücüsü 1983-cü il təvəllüdlü Elxan Şirəliyev saxlanılıb. Sürücü ilkin ifadəsində intervalda gecikdiyi üçün bu addımı atdığını deyib. Qəza nəcitəsində qatarın sürücüsü və onun köməkçisi ciddi xəsarət almayıb.