"Müdafiə Nazirliyindəki həbslər dörd nəfərlə yekunlaşmayacaq" - Polkovnik
Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin mənimsəmədə təqsirləndirilən zabitləri - Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, N saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu barəsində istintaq orqanının təqdimatına baxılıb. Bakı Hərbi Məhkəməsində təqdimat təmin edilib. Təqsirləndirilən şəxslərin hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Adıçəkilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onlar Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. Ümumi zərərin 10 milyon manatdan çox olduğu bildirilir.
Qeyd edək ki, DTX-nin Müdafiə Nazirliyindəki bu əməliyyatı cəmiyyətdə geniş rezonans yaradıb.
Bəs görəsən orduda baş verən bu hadisələrin səbəbi nədir? Yeni həbslər gözlənilirmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, orduda bir çox vəzifəli şəxslərin hərəkətinə hüquqi qiymət veriləcək:
“Hələlik bu barədə ətraflı məlumat yoxdur. Müdafiə Nazirliyi kimi bir dövlət qurumunda belə bir hadisənin baş verməsi təəssüf doğurur. Qanundan kənara çıxanlar kimliyindən asılı olmayaraq buna cavab verməlidir. Belə şəxslər ən sərt şəkildə cəzalandırılmalıdır. Bu, ordunun, silahlı qüvvələrin adına xələl gətirən bir hadisədir. Quru Qoşunları bu yaxınlarda yaradılıb. Onun maliyyə idarəsinin rəisinin belə hadisədə adının hallanması və həbsi xüsusilə diqqət çəkir. Bu qurum yeni yaradılıb və üzərinə çox böyük vəzifələr düşür. Yəqin ki, bir çox vəzifəli şəxslərin hərəkətinə hüquqi qiymət veriləcək. İstər zabit, istər general olmağından asılı olmayaraq hər kəs öz məsuliyyətini dərk etməlidir. Bu məsuliyyət o səviyyədə olmalıdır ki, gələcəkdə kimsə bir daha belə əməllərə baş vurmasın. Digər məsələlər də var. Yəqin ki, yaxın zamanda müvafiq qurumlar o məsələlərə aydınlıq gətirəcək. Hesab edirəm ki, onları yoxlayanlar, fəaliyyəti ilə maraqlananlar da olub. Yəqin ki, dörd nəfərlə bu məsələ yekunlaşmayacaq. Əgər vaxtında maliyyə hesabatlarını və sənədləri yoxlayanlar olubsa, onlar bu yeyinti və təyinatı üzrə istifadə olunmayan halları görməyibsə, onlar da məsuliyyətə cəlb olunmalıdır. Nəzarətedici qurumlar var. Onların funksiyaları nədən ibarətdir? Maliyyəçi özbaşına sənəd imzalaya bilməz. Onun başının üstündə rəhbər şəxslər var, rəis var. O şəxslər müvafiq sənədlərə imza atır və möhür vurur. Maliyyəçidə möhür olmur. İdarənin birinci şəxsinin imzası olmayanadək bank heç bir halda maliyyə əməliyyatı icra edə bilməz. Həbs olunan şəxslərə sual veriləcək ki, sən bu milyonları necə çıxarmısan? Səndən yuxarıda dayanan şəxsləri necə inandırıb əsaslandırmısan? Burada çox xırda detallar var və istintaq bunu araşdıracaq. Ona görə də yəqin ki, bu həbslərin davamı da olacaq”.
Ekspert bildirib ki, müvafiq qurumlar belə məsələlərdə diqqətli olmalıdır:
“Bəziləri deyir ki, ordunun Türkiyə modelinə keçməsi ilə əlaqədar yoxlamalar aparılır. Ona görə də həbslər həyata keçirilir. Mən burada hər hansı əlaqə görmürəm. Görünür bu qanunazidd addımları atan adamlar o qədər həvəsə gəlib ki, öz “müvəffəqiyyətlərindən" baş gicəllənib. Bunun da səsi-sorağı müvafiq hökumət strukturlarına çatıb. Əlaqədar qurumlar insanların müraciətini vaxtında hərtərəfli və obyektiv araşdırmalıdır. Bu kimi məsələlərə başdansovdu yanaşılmamalıdır. Prezident də bu barədə dəfələrlə bildirib ki, sosial şəbəkələrdən müəyyən məlumatlar əldə edirəm, əgər belə hallar varsa mənə siqnal verin. Bu məsələlərə reaksiya verilməlidir. Reaksiya isə ədalətli olmalıdır ki, kimsə özünü qanundan üstün hesab etməsin. Bir insan dünən yaxşı insan, qəhrəman ola bilər. Amma bugündən danışmaq lazımdır. Müvafiq qurumlar belə məsələlərdə diqqətli olmalıdır. Heç kim bir gündə korlana bilməz”.
Ü.Cəfərov əlavə edib ki, müharibədə iştirak etməyən şəxslərə medal verənlər vəzifəsindən çıxarılmalıdır:
“Aktiv döyüş əməliyyatlarında iştirak etməyən, kabinetdə oturan şəxslərin orden və medallarla təltif olunması cəmiyyətdə haqlı narazılığa səbəb olur. Bu yaxınlarda bir mayor müraciət edib deyir ki, mən döyüşlərdə iştirak etmişəm, tabeliyimdə olan şəxslərə medal verilsə də, mən unudulmuşam. Bildirdim ki, aidiyyatı qurumlara müraciət etsin. Bəzən texniki məsələlər də olur və yaddan çıxır. Hər şey 100 faiz ideal ola bilməz. Düzdür, belə məsələlər bu yerə gəlməli deyil, amma əgər olubsa, bu insanın haqqı gec də olsa tanınmalıdır. O da müraciət etdi və müraciəti qeydə alındı, məsələsi yaxın vaxtda həll olunacaq. Kimsə vəzifə səlahiyyətlərini aşaraq heç bir haqqı olmayan adama orden və ya medal təqdimatı yazıbsa, onun təkcə mənəvi yox, hüquqi məsuliyyəti də var. Bu şəxslər vəzifəsindən çıxarılmalı, cəzalandırılmalı, bu sahədən uzaqlaşdırılmalıdır”.