Direktor müəllimi təhqir etdi, məktəbdə ara qarışdı
“Çox təəssüf olsun ki, son günlər ölkəmizdə orta məktəblərdə xoşagəlməz hadisələr baş verir. Elə ötən günlərdə də Göygöl rayonun Kəlbəcər rayonun 111 saylı tam orta məktəbdə məktəb direktoru ilə müəllim arasında baş verən mübahisə zamanı video yayılıb. Videoda direktor müəllimi təhqir edir. Məsələni araşdırmaq üçün sözü gedən məktəbədə olduq. Xatırladım ki, video bu otaqda çəkilib.”
Video orta məktəbin ibtidai sinif müəllimi İslam Əliyev tərəfindən çəkilib və yayılıb. Görüntülərdə məktəbin direktoru Vəfa Əmiraslanova adıçəkilən müəllimi təhqir edir və onu ölümlə hədələyir. Yayılan videoya münasibət bildirən direktor deyir ki, görüntülər məqsədli şəkildə çəkilib və montaj olunduqdan sonra yayılıb.
Direktorun iddiasına görə, İslam Əliyev həbs həyatı yaşayıb və onun müəllim diplomu da saxtadır.
Sözügedən video bu ilin oktyabr ayında çəkilib. Videonu çəkib, bu günlərdə şəbəkələrdə paylaşan məktəbinin ibtidai sinif müəllimi İslam Əliyev isə onunla bağlı deyilənləri qətiyyən qəbul etmir. Müəllim iddia edir ki, heç bir şəhid ailəsini təhqir etməyib, sadəcə dərs saatının kəsilməsinin səbəbini öyrənməyə çalışıb.
Məsələ ilə bağlı Kəlbəcər rayon təhsil şöbəsinə müraciət etdik. Təhsil şöbəsindən bildirildi ki, artıq baş verənlərlə bağlı rayon Təhsil Şöbəsində araşdırmalara başlanılıb, direktor və müəllimdən izahat alınıb.
Xatırladaq ki, 111 saylı Kəlbəcər rayon tam orta məktəbi uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Məktəbdə 40-a yaxın şagird və onların tədrisi ilə 27 pedaqoq məşğul olur. Məktəbdə cəmi bir ibtidai sinif var.