azia.az
azia.az

Qazaxda İsmayıl Şıxlının 100 illik yubiley tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib

17-02-2019, 10:58

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının anadan olmasının 100 illiyi tamam olur. Respublika Prezidenti İlham Əliyev tərəfindən görkəmli şəxsiyyətin 100 illik yubileyinin respublika səviyyəsində keçirilməsi ilə əlaqədar imzaladığı 28 yanvar 2019-cu il tarixli Sərəncamı təkcə İsmayıl Şıxlı şəxsiyyətinə verilən qiymət deyil, bütövlükdə, qazaxlılara, rayon ziyalılarına verilən ən böyük dəyərdir.
Görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan, Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr verən Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd olunması haqqında 3 noyabr 2018-ci il tarixli Sərəncamdan sonra imzalanan ikinci böyük Sərəncamdır ki, ölkə başçısının öz tarixinə, ziyalılarına, tanınmış insanlarına olan diqqət və qayğısının əyani təzahürüdür. Ümumilikdə, Azərbaycanda təhsilə, elmə, biliyə, mədəniyyətə, eləcə də digər sahələrə verilən qiymətdir.
Qazaxda İsmayıl Şıxlının 100 illik yubiley tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib
Xalq yazıçısına verilən qiymət ölkə başçısının imzaladığı Sərəncamda daha aydın şəkildə öz əksini tapır. Sərəncamda da qeyd olunduğu kimi İsmayıl Şıxlı koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik surətlərlə zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Ədibin məşhur "Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilmişdir. Sənətkarın klassik irsin ənənələrini davam etdirməklə və folklor xəzinəsindən bəhrələnməklə meydana gətirdiyi əsərlərdə dərin həyat fəlsəfəsi öz dolğun ifadəsini tapmışdır. Üslubun mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı İsmayıl Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətlərdir. Taleyüklü məsələlərə münasibətdə daim vətəndaş ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir. Bəli, ölkə başçısı tərəfindən imzalanan Sərəncamda yer alan bu cür dəyərli fikirlər bir daha onu sübut edir ki, ölkəmizdə söz adamlarına hər zaman hörmət və ehtiram olub və bu, bundan sonra da belə olacaqdır.
Mediaxeberleri.az xəbər verir ki, bu gün Qazax Rayon İcra Hakimiyyətində İsmayıl Şıxlının 100 illik yubiley tədbirinin yüksək səviyyədə təşkil olunması ilə bağlı keçirilən müşavirə də görkəmli şəxsiyyətə olan ehtiramın bariz nümunəsidir.
Rayon ziyalılarının, ağsaqqalların, Xalq yazıçısının yaxınlarının iştirakı ilə geniş tərkibdə keçirilən müşavirə məlum Sərəncamın imzalanmasına görə ölkə başçısına minnətdarlıqla başlayıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəni giriş sözü ilə açaraq İsmayıl Şıxlı yaradıcılığına böyük qiymət verərək 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı Sərəncama görə Respublika Prezidenti İlham Əliyevə bütün qazaxlı ziyalılar adından öz dərin minnətdarlığını bildirib.
İcra başçısı bildirib ki, fəaliyyətə başladığım ilk gündən keçirilən bütün tədbirlərə xüsusi həssaslıqla yanaşıram. Çünki biz keçirilən həmin tədbirlərlə həm də Qazaxı təqdim etmiş oluruq. Odur ki, hər bir tədbir öz əhəmiyyətinə görə böyük məna daşıyır.
Rayon rəhbəri qeyd edib ki, xoşbəxt insan o şəxsdir ki, özündən sonra iz qoyur və əbədi qəlblərdə yaşayır. “İsmayıl Şıxlı şəxsiyyəti də məhz elə insanlardandır”, - deyən icra başçısı özündən sonra iz qoymuş böyük insanın həyat və yaradıcılığından söz açıb. Qeyd edib ki, vaxtilə ulu öndərin qiymət verdiyi İsmayıl Şıxlının 100 illiyinin qeyd olunması bir daha onu sübut edir ki, o, görkəmli şəxsiyyət özündən sonra çox dərin bir iz qoymuşdur. Ölkə başçısı imzaladığı Sərəncamla göstərdi ki, illər keçsə, qərinələr dolansa da İsmayıl Şıxlı yubileyi qeyd olunmalı şəxsiyyətdir.
İcra başçısı bildirib ki, bu gün biz fəxr etməliyik ki, ulu öndərin qiymət verdiyi, ölkə başçısının yüksək dəyər verdiyi insan haqqında söz demək, onu tanıtmaq kimi bir şansımız var və bu şansı bizlərə ölkə başçısı öz Sərəncamı ilə bəxş edib.
Rayon rəhbəri vurğulayıb ki, bugünkü müşavirənin keçirilməsinin də əsas məqsədi tədbirin respublika səviyyəsində təntənəli şəkildə təşkil olunmasını müzakirə etmək, öz təklif və istəklərimizi bildirməkdir. Var qüvvəmizlə çalışmalıyıq ki, İsmayıl Şıxlı şəxsiyyətini olduğu kimi təqdim edə bilək. Ən əsası da bizlər də çalışmalıyıq ki, ölkə başçısının qazaxlılara, qazax ziyalılarına verdiyi dəyəri yubiley tədbirini yüksək səviyyədə keçirməklə qiymətləndirək.
Sonra yubiley tədbirinin keçirilməsi ilə bağlı görüləcək işlər geniş şəkildə müzakirə olunub. Müşavirədə iştirak edən ziyalılar, ağsaqqallar öz ürək sözlərini çatdırıb, təkliflərini irəli sürüblər.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, rayon təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, BDU Qazax filialının tədris və elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri namizədi, dosent Məmməd Yusifov, RİHB-nın Birinci Şıxlı kənd İƏD-si üzrə nümayəndəsi Mübariz Abdullayev, ağsaqqallardan - Kosalar kənd sakini, şair, təqaüdçü Cavanşir Rüstəmov, Kəmərli kənd sakini, təqaüdçü Rəhim Rəhimov və başqaları çıxış edərək öncə yubiley tədbirinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncama görə ölkə başçısına böyük minnətdarlıqlarını bildiriblər. Yubiley tədbirinin yüksək səviyyədə təşkil olunması üçün bu cür qayğı göstərdiyinə, diqqət ayırdığına görə rayon rəhbərinə sonsuz təşəkkürlərini çatdırıblar.
İsmayıl Şıxlı şəxsiyyəti haqqında ürək sözlərini çatdıran çıxışçılar qeyd ediblər ki, o, nəinki eli, obası, eləcə də bütöv Azərbaycan üçün dəyərli insan idi. O, Azərbaycanın ziyalısı idi. O, təkcə Qazaxın deyil, bütün Azərbaycanın İsmayıl Şıxlısı idi. Uşaqla uşaq, böyüklə böyük olan o görkəmli şəxsiyyət bu gün də əbədi olaraq qəlblərdə yaşayır. Hər kəsin qəlbində, xatirələrində özünəməxsus xüsusiyyətləri ilə dərin bir iz qoyub.
Çıxış edənlər qeyd ediblər ki, İsmayıl Şıxlı şəxsiyyətinə verilən ikinci böyük qiymət odur ki, bu il ölkə başçısının diqqət və qayğısı sayəsində görkəmli şəxsiyyətin adını daşıyan Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulub. Yubiley ərəfəsində bu Xalq yazıçısının yaradıcılığına verilən daha bir qiymətdir.
Yubilyarın yaxınlarından – bacısı oğlu, Kosalar kənd sakini, sazbənd Sabid Məmmədov, bacısı nəvəsi Şamxal Məmmədov, bacısı gəlini, Kosalar kənd tam orta məktəbində ibtidai sinif müəllimi Sakibə Məmmədova, fransız dili müəllimi Həbibə Mustafayeva çıxış edərək İsmayıl Şıxlı nəslinin davamçıları kimi onun yaradıcılığına, şəxsiyyətinə verilən böyük qiymətə görə Prezident İlham Əliyevə bir daha minnətdarlıqlarını çatdırıblar. Saz, söz adamlarına, şairlərə, yazıçılara, aşıqlara, bütövlükdə, təhsil, ədəbiyyat, mədəniyyət sahəsinə verdiyi dəyərə görə sonsuz təşəkkürlərini bildiriblər. Qeyd ediblər ki, ölkə başçısının bu Sərəncamı imzalaması bizi sevindirməklə yanaşı, üzərimizə də böyük məsuliyyət qoyur. Bu gün biz doğmaları, eli-obası elə çalışmalıyıq ki, bizlərə göstərilən etimadı layiqincə doğrulda bilək. Rayon rəhbərliyinin qayğısı sayəsində hər zaman olduğu kimi bu yubliey tədbirini də yüksək səviyyədə keçirə biləcəyik. Çünki bu müşavirədə səslənən fikirlər, irəli sürülən təklif və istəklər onu söyləməyə əsas verir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəyə yekun vuraraq yubiley tədbiri ilə bağlı aidiyyəti şəxslərə tapşırıqlarını verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi