Ruhun dağ yüksəlişi
Ruhun dağ yüksəlişi
Ruhun yüksəlişində dağların vüqarı olduğu kimi, şəxsiyyətin aliliyində təbiətin hökmü, şairliyin qüdrətində isə torpağın ətiri var. Qeyd edilən bu, üç faktor bir insan varlığında cəmlənərsə, deməli, o kəs Tanrının yaratdığı ən istəkli varlıqlarından biridir. Şükürlər olsun Tanrıya ki, belə üstünlükləri şairlərə bəxş edibdir. Onu da qeyd edirlər ki, Tanrı şairlərə öz nurundan pay çiləyib. Və bu nur dənəcikləri dünyanın hər tərəfinə damcı-damcı səpələnib. Beləliklə, zaman-zaman, əsrlər boyu yazan-yaradan şairlərimiz Allahın izni və icazəsi ilə duyğu və fikirlərini söz çələngi toxuyur.
Çağdaş Azərbaycan ədəbiyyatında qələminə və şəxsiyyətinə hörmət ediləsi şairlərimiz az deyil. Belə şairlərdən biri də vətən sevgisinə, kədərinə bələnən, Qarbağ həsrəti ilə yaşayan Malik Əhmədoğludur. M. Əhmədoğlu Cəbrayıl rayonunun Dağtumas kəndində anadan olub. Şairin şeir kitabları ilə tanışam. O, kitablarında müxtəlif; vətən, təbiət, sevgi mövzularına dönə-dönə toxunub. Şeirlərinin təsiri güclüdür, oxucunu arxasınca apara bilən misralar diqqətə layiqdir. Şeirlərinin əsas qayəsini vətən həsrəti və bu həsrətdən doğan qəm-qüssə təşkil edir, sanki, misralara qəm çilənib. Lakin sevinmək istəyi onun qəmini kölgədə qoyur. Bu kədərin içərisində şairin sabaha ümidləri doğulur. Doğulan ümidlərinin ölməməsini arzulayır və şeirlərində deyir:
Yenə xəyalların burulğanında,
Xəyalım şirinlik vəd verir mənə.
Yenə xəyalların burulğanında,
Xəyalım sevinmək öyrədir mənə.. .(Söz gərək deyilsin öz zamanında-Nə deyim səh.-1
96 ) və yaxud;
Maliki dərd üzür, qəlbində qəm var,
Onu tərk edibdir saysız arzular.
Dünyada ümidsiz yaşamaq olar?
Ölməyə qoymayın ünidlərimi. (Ölməyə qoymayın ümidlərimi-səh 114)
Kitabları ümid dolu misralarla muncuq-muncuq sətirlənən şeirlərində ümidləri dirildəcək arzuları çırpınır. Onun şeir nümunələrinə diqqət yetirsək bunu aydınca görə bilərik;
Baxışında bir ümid var,
Sevincim ordan göyərir…(Sevincim, qəmim Vətən -səh 85)
Sevincini ümidinə calayıb çatır-çatır sinəsində ümiddən ocaq qalayan şair “Ümidiz insan yaşaya bilməz” şeirini qələmə alır. Ümidlə vətənə, oda-ocağa, elə-obaya dönmək arzusunu bildirir və arzuları pöhrələnir, beləcə o, inancına sığınır.
İnsanın ölüncə ölmür ümidi,
Ən çətin gündə də səadət gəzir.
Nə qədər sıxılsa, dözüb yaşayır,
Ölüncə dünyada ədalət gəzir (Ölməyə qoymayın ümidlərimi səh 112)
Lakin sevinc də, kədər də şairin alnına yazılan qədəridir. Məhz M. Əhmədoğlu öz şeirində dediyi kimi;
Malik, yaşadıqca inan övladı,
Dadır qismətinə düşən hər dadı. (Söz gərək deyilsin öz zamanında- səh.-197 )
Duyğuları ilə həmsöhbət olan şair şeirlərində qəriblikdən söz açır. Doğma yurddan, dağlardan ayrı düşən M. Əhmədoğlu “Bir də baxacaqmı gözüm dağlara” şeiri ilə baxışlarını xəyalən dağlara dikir.
Malikin qürbətdə nə işi vardı,
Vətənsiz onunçün ömür qutardı.
Ölüncə bir arzu qəlbinə yardı,
Kaş ki, yenə düşsün izim dağlara. (Bir də baxacaqmı gözüm dağlara -səh
Yuxarda qeyd edilən misraları qələmə almağa onu məcbur edən əlbəttə ki, vətən nisgilidir. Məlum Qarabağ hadisələrindən sonra məcburi köçkün həyatı yaşayan şair fizoloji olaraq özünü yad məkana alışmağa məcbur etsə də, lakin ruhu Cəbrayılın səmasında asılıb qaldı. Və zaman keçdikcə düşdüyü mühit və çəkdiyi nisgil onu təkamülə qovuşdurdu. Beləliklə, Azərbaycan ədəbiyyatında Malik Əhmədoğlu ustalıqla öz obrazını yaratdı. Bəli, heç kimi təqlid və təkrar etməyərək öz fikri və sözü oldu, şağdaş ədəbiyyatımızda. M. Əhmədoğlu yaradıcılığı dinamikdir, o, ədəbi prossesdə sürətlə inkişaf yolu ötür.
Şair düşünür, düşüncələrində bəşəri hisslərə bələnir, beləcə daxili aləmini -düşündüklərini şeirləri ilə büruzə verir. Onun daxili dünyasının ehtizaz istəyini -torpaq, vətənə səcdəgah hissi tamamlayır. Bəli, o nisgilli və qərib şair ömrü yaşayır. Şair düşmən əsarətində qalan torpağının xiffətini çəkir. Bu həsrət ayınca hiss olunur M. Əhmədoğlu şeirlərində. Yaradıcılığına vətən istəyi, ocaq həsrəti, el-oba intizarı çilənib. Məhz elə bu həsrət ilə “Dağtumas şəhidləri” adlı kitabını qələmə alıb. Ayrılığın rəsmini sözlə nəzmə çəkən şair yazır;
..Millət şəhid oldu bu çətin anda,
Düşmənə göstərdi öz qeyrətini.
Boğa bilmədilər bu qədər qanda,
Millətin tükənməz dəyanətini.
Şair dərdini yazdığı bayatılarla, oxşamalarla, qoşmalarla ovutdu. Lakin oğul itiriən anasının dərdini ovuda bilməyən şair “Anam necə ağlamasın”adlı şeirini qələmə allr;
Ürəyində bala dağı,
Anam necə ağlamasın?
Görə bilmir o torpağı,
Anam necə ağlamasın?
İtiribdi qardaşımı,
Öpə bilmir başdaşını.
Tökmür üstə göz yaşını
Anam necə ağlamasın?
…Malik, dözmək olmur dərdə,
Tükənibdir səbrlər də.
Yetim qalıb qəbirlərdə,
Anam necə ağlamasın? (Ölməyə qoymayın ümidlərimi- səh 78)
O, ruhunun dağ yüksəlişində və ədəbi düşüncələrində qəm yükü daşıyır. Vətən həsrətinin təsəllisini şeirlərində tapır. Və bu həsrət misralara düzüldükcə poeziyaya çevrilir. Beləcə Azərbaycan ədəbiyyatında Malik Əhmədoğlu nəfəsi, poeziyası cərəyan edir. Nəticə etibarı ilə şair memarlığı öz əksini tapır.Onun şeir mətnlərində ağlayan söz, inləyən duyğular, düşündürən misralar çoxdur. Sözə qiymət verən şair şeirə münasibətində şairlərin və şairliyin halına acıyır; “Şairin ölən günüdür” ifadələrini qələmə alır.
M. Əhmədoğlu poeziyasında poetik bütövlük, mövzu aydınlığı, obrazlılıq olmaqla yanaşı eyni zamanda şeirlərini ustalıqla qələmə almağı özünə inamından xəbər verir. Şeirləri bədii məziyyəti və mahiyyət etibarıyla qabarıq şəkildə özünü ehtiva edir. Onun yaradıcılığında təkrar ifadələrə, işlənmiş fikirlərə az rast gəlinir. Daha doğrusu fikirlərində elastiklik qabarıq şəkildə görsənir. M. Əhmədoğlu reallığı və həqiqəti qələmə alaraq poeziya dili ilə oxucuya təqdim edir. Şair göstərdiyi emosiyalarında həlledici mərhələ yaradır və nəhayətində şeirlərini toplum halında -“Sevincim, qəmim vətən”, “Bir də baxacaqmı gözüm dağlara”, “Dağtumas şəhidləri”, “Söz gərək deyilsin öz zamanında”, “ Ölməyə qoymayın ümidlərimi” adlı kitablarını kütləyə təqdim etmişdir.
Yuxarıda adları çəkilən kitablardakı şeirlər yalnız söz birləşmələrinə xidmət etmir, misralarda ahəngdarlıq, bir bir sistemlik var. Onun düşüncə dərinliyi, üslubu və tərzi özünəməxsusluqdan -M. Əhmədoğlu yaradığılığından bəhs edir. İnnovativ şeir üsullarından uzaq olan şair qoşma, gəraylı və bayatı janırına tez-tez müracət edir və eyni zamanda ithaf şeirlərinə də kitablarında yer ayırır.
Hər bir şair kimi Əhmədoğlu da məhəbbət mövzusuna müracət etmiş və “İstəyir” şeirində məhəbbətini beləcə izhar etmişdir;
…Sevgiylə çırpınır sinəmdə ürək,
Sevgisiz ömür-gün nəyimə gərək…(Bir də baxacaqmı gözüm dağlara)
Sevgisinin başına dönür, sevdası ilə nəfəss-nəfəsə dayanır. Sözsüz ki, sevgi misraları şairin qəlbinin çırpıntısından xəbər verir. Və eyni adlı şeirində;
…Malik, bu sevgiyə bələn büsbütün,
Sevgisiz bu ömür deyildir mümkün…
Sevgisiz yaşamağın mümkün olmadığını yazan şairin ömrü əlbəttə ki, şeirsiz də mümkün deyil. Sözsüz ki, yalnız məhəbbəti deyil, təbiətin gözəlliklərini də vəsf edir. Şeirlərində təbiət tərənnümü təsvirdən təsvirə keçid alaraq rəssam tablosu kimi görüntülər yaradır. Ümumiyyətlə, təbiətin bədii təsvirləri ifadə vasitəsi kimi oxucu ilə sanki təmasa girir və böyük mahiyyət kəsb edir;
Gün batır, ay çıxır, səmaya baxın,
Ulduzlar saysızdır, sayı bilinmir…(Söz gərək deyilsin öz zamanında-Nə deyim səh.-214)
Səmanın sonsuzluğundan, saysız-hesabsız ulduzların arasından boylanan ayın tərənnümünü qələmə alan şair təbiətin florasına da laqeyid qalmır. Ekoloji tarazlığın pozulduğu bir zamanda təbətin qayğısına qalır. Hətta payızın taleyinə acıyır. Yarpaqların tökümünü şeirlərində təsvir edən şair yazır;
…Ağaclar, ağaclar, yazıq ağaclar,
Hər il bu itkini görməli olur…
və ya;
Bir gün yarpaqların qutarır ömrü,
Qopduğu budağa əlvida deyir…
yaxud;
…Bahar gül-çiçəklə gəlir çöllərə,
Sevgiylə bu bahar qayıdır indi.
Sevinc bəxş edəcək bizim ellərə,
Deyəcək bu dünya gözəlliyindir. (Söz gərək deyilsin öz zamanında -səh 217)
Yalnız şair ağacın yarpaq tökümünü, zirvədə əriyən qarı, çiçəklərin ləçək tökümünü, yağan qarın-yağışın ahəngdarlığını ümumiyyətlə, ekoloji prossesi həsssaslıqla duya və qələmə ala bilər. Göründüyü kimi yaradıcılığında mövzuları ilə rəgarənglik yarada bilən şair ədəbi aləmin çətinliklərinə də sinə gərir. Heç bir çətinliyə baxmayaraq yazır və yaradır. Bizə isə ona yaradıcılıq uğurları diləmək qalır.
Əziz oxucu, Malik Əhmədoğlu kitablarındakı hər bir nüansa xüsusi diqqət yetirdim. Çağdaş Azərbaycan ədəbiyyatının ən gözəl şeir nümunələrinin müəllifi kimi dəyərləndirdim. İnanıram ki, siz də bu, dəyəri haqlı olaraq alqışlayacaqsız!
Sizə uğurlar, diləyirəm, mənim şair qardaşım!
Mətanət Ulu Şirvanlı
AYB-nin üzvü, Şirvan bölgəsinin koordinatoru.