Yasamalda yanğından zərərçəkənlərə təzminat veriləcək
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli binada baş verən yanğından zərər çəkən sakinlərə təzminat veriləcək.
Sfera.az xəbər verir ki, bu barədə bina sakini, jurnalist Heydər Mirzə sosial şəbəkədə paylaşım edib. Onun sözlərinə görə, bu gün sakinlər Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovla görüşüblər və proseslə bağlı ilkin razılaşmalar əldə olunub.
Jurnalist bildirib ki, görüş zamanı Nazirlər Kabineti tərəfindən zərərçəkmiş ailələrə bir aylıq kirayə təzminatının ayrılması ilə bağlı sərəncamın hazırlanacağı qeyd edilib. Sakinlərə həmçinin məlumat verilib ki, binada təmir işləri davam etdirilir və yaxın günlərdə elektrik enerjisinin qismən bərpası nəzərdə tutulur.
Heydər Mirzənin sözlərinə görə, yanğınla bağlı məhkəmə prosesində də yeni vəziyyət yaranıb. Belə ki, Bakı Apellyasiya Məhkəməsində 15 dekabr üçün təyin olunan iclas ləğv olunub və iş yenidən Yasamal Rayon Məhkəməsinə qaytarılıb. Səbəb isə qətnamənin mətnində aşkar edilən texniki yanlışlıqlardır.
Xatırladaq ki, faciə nəticəsində 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı tüstüdən zəhərlənərək həyatlarını itiriblər.
Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, ibtidai istintaq davam edir./musavat