Qarabağ atlarının performansı, milli musiqimiz və rəqslərimiz tamaşaçıları heyran etdi
DSX-nın mətbuat xidmətindən Azia.az-a verilən məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin yaranmasının 54-cü il dönümünə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan təmsilçilərinin möhtəşəm mədəniyyət təqdimatı böyük rəğbətlə qarşılanmışdır.
BƏƏ-nin rəsmi dəvəti ilə bu mərasimdə iştirak edən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi, milli rəqs qrupu və orkestrin birgə çıxışı Azərbaycan mədəni irsinin zənginliyini və xalqımızın qədim ənənələrini bütün dünyaya nümayiş etdirmişdir. Qarabağ atlarının nəcib duruşu, rəqs qrupunun ahəngdar kompozisiyaları və orkestrin canlı ifası tədbirin atmosferinə unudulmaz rəng qatmışdır.
Təntənəli mərasimdə Azərbaycan heyətinin nümayişi böyük maraqla qarşılanmış və tamaşaçılar tərəfindən gurultulu alqışlarla müşayiət olunmuşdur.
Xüsusilə diqqət çəkən məqamlardan biri — BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın da tədbirdə şəxsi iştirakı idi. Onun çıxışı izləməsi, Azərbaycan mədəniyyətinə göstərdiyi hörmət və sərgilənən proqramı yüksək qiymətləndirməsi bu anı daha da əlamətdar etmişdir. Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi, rəqs qrupu və orkestrin birgə çıxışı tədbirin ən yaddaqalan hissələrindən birinə çevrilmişdir.
Bu parlaq təqdimat Azərbaycan mədəniyyətinin əzəmətini və bənzərsizliyini, milli kimliyimizi, atçılıq, musiqi və rəqs kimi irsimizi yaşadan ənənələrimizin beynəlxalq səviyyədə nə qədər dəyərli olduğunu bir daha təsdiq etmişdir.
Abu-Dabidəki bu möhtəşəm çıxış ölkəmizin dünyaya açılan mədəniyyət pəncərəsi olmuş və Qarabağ atlarının, musiqimizin və rəqs sənətimizin beynəlxalq nüfuzuna yeni bir səhifə əlavə etmişdir.