azia.az
azia.az

Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı geniş fikir mübadiləsi aparılıb

Bu gün, 17:25


 AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayevlə görüşüb. 

AMEA Rəyasət Heyətində keçirilən görüşdə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə hazırlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Ölkə başçısı İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamının əhəmiyyətini vurğulayan akademik İsa Həbibbəyli bildirib ki, Qurultayın yubileyinin qeyd olunması Azərbaycan elmi və mədəni ictimaiyyəti üçün xüsusi önəm daşıyır. O, 1926-cı ilin 26 fevral - 6 mart tarixlərində Birinci Türkoloji Qurultayın məhz AMEA-nın Rəyasət Heyətinin Böyük akt zalında keçirildiyini xatırladaraq, bu tarixi irsin bu gün də türkoloji tədqiqatların ideya qaynağı kimi mühüm yer tutduğunu diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli bildirib ki, dekabrın 3-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət naziri Adil Kərimli və digər ziyalıların iştirakı ilə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə dair geniş müzakirələr aparılıb. O, Qurultayın yubileyi ilə bağlı zirvə tədbirinin gələn il iyunun sonu – iyulun əvvəlində keçirilməsinin nəzərdə tutulduğunu söyləyib, tədbirin Qazaxıstanda da təşkil olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. 

AMEA prezidenti Birinci Türkoloji Qurultayın 100 illik yubileyi çərçivəsində Akademiyanın müxtəlif institutlarında 10-dan çox mövzu üzrə tədbirlərin təşkil olunacağını və bu görüşlərdə müxtəlif türkdilli ölkələrdən nümayəndələrin iştirak edəcəyini söyləyib. Akademik İsa Həbibbəyli qeyd edib ki, türkologiya yalnız türk dilləri ilə məhdudlaşmır; tarix, etnoqrafiya, ədəbiyyat, terminologiya və fəlsəfə kimi sahələr də onun əsas istiqamətlərini təşkil edir. Bu baxımdan, yubiley ilə bağlı tədbirlərin hərtərəfli, geniş miqyaslı və dolğun şəkildə gerçəkləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Görüşdə akademik İsa Həbibbəyli, həmçinin Bakı Şəhər İcra Hakimiyyəti və AMEA-nın Tarix və Etnologiya İnstitutunun birgə layihəsi əsasında Beynəlxalq Türk Akademiyası tərəfindən “Vətən müharibəsi tarixi: şəxsiyyət faktoru” kitabının qazax dilinə tərcümə edilərək nəşr olunmasını yüksək qiymətləndirib. O, bu nəşrin təqdimatının keçirilməsinin vacibliyini qeyd edib. Vurğulayıb ki, bu kitabda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin hərtərəfli inkişafını, xalqın birliyini, suverenliyi və ərazi bütövlüyünü təmin edən lider kimi tarixi rolu geniş şəkildə işıqlandırılıb, Ali Baş Komandanın qələbə strategiyasının əsas istiqamətləri, eləcə də İkinci Qarabağ müharibəsinin qələbə salnaməsi və diplomatik məqamları elmi əsaslarla təhlil olunub. 

Daha sonra akademik Şahin Mustafayev çıxış edərək qeyd edib ki, Birinci Türkoloji Qurultayın 100 illik yubileyi yalnız mədəniyyətimizin yadigarı deyil, eyni zamanda Türk dünyasında elmi, mədəni və siyasi əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətli hadisədir. Alim bildirib ki, Qurultayın yenidən təşkili və yubiley tədbirləri çərçivəsində həyata keçiriləcək fəaliyyətlər ortaq əlifba, dil, tarixi mədəni irs və humanitar əməkdaşlıq sahələrində türk dövlətləri arasında əlaqələri daha da gücləndirəcək.

Sonda iki qurum arasında bir sıra elmi istiqamətlər üzrə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi barədə razılıq əldə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi