azia.az
azia.az

MEK-də 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunub

Bu gün, 14:49


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “Əlifbadan Zəfərə: Ana Dili İrsimiz” adlı   tədbir keçirilib.

Mərkəzi Elmi Kitabxananın, YAP Yasamal rayon təşkilatının və AMEA-nın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri MEK-n direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov giriş nitqi ilə açaraq Azərbaycan dilinin xalqımızın milli varlığının, mənəvi sərvətinin və müstəqilliyinin başlıca rəmzi olduğunu bildirib. O, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə avqustun 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis edilməsinin dövlətimizin ana dilimizə verdiyi ali dəyərin təzahürü olduğunu diqqətə çatdırıb. Direktor Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı Prezident İlham Əliyevin nitqini xatırladaraq Azərbaycan dilinin inkişafına dair prioritet hədəflərini müəyyənləşdirdiyini və bu istiqamətdə Akademiyada ardıcıl işlərin görüldüyünü diqqətə çatdırıb. 

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında ana dilimizin dövlətçilik tariximizin və milli həmrəyliyimizin təməl sütunu olduğunu qeyd edib. O vurğulayıb ki, hələ Sovet rejiminin sərt qadağaları dövründə Ümummilli Lider Heydər Əliyev böyük cəsarət nümayiş etdirərək 1969-cu ildə Bakı Dövlət Universitetinin 50 illik yubileyində rəsmi nitqini məhz ana dilində edərək milli özünüdərk prosesinin əsasını qoyub. Bəxtiyar Nəbiyev diqqətə çatdırıb ki, Ulu Öndərin uzaqgörən siyasəti və sarsılmaz iradəsi sayəsində 1978-ci il Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olunub, dilimizin hüquqi müdafiəsi təmin edilib. 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanın öz milli-mənəvi dəyərlərinə, o cümlədən ana dilimizə sahib çıxdığını vurğulayan natiq, gənclərin ana dilini dərindən bilməsinin və qorumasının vacibliyini, həmçinin hər bir vətəndaşın borcu olduğunu diqqətə çatdırıb. O, Ulu Öndər Heydər Əliyevin ana dilimizin dövlət dili kimi bərqərar olunması və inkişafı istiqamətində imzaladığı tarixi fərmanların bu gün də dövlət siyasətinin ana xəttini təşkil etdiyini xüsusi vurğulayıb. Sonda o, dilimizin zənginliyini və qüdrətini gələcək nəsillərə ləkəsiz şəkildə ötürməyin hər bir azərbaycanlının müqəddəs vətənpərvərlik vəzifəsi olduğunu bir daha ifadə edib. 

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov dövlət dilinin yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda milli təfəkkürün və suverenliyin başlıca təzahürü olduğunu vurğulayıb. Millət vəkili qanunvericilik müstəvisində dövlət dilinin tətbiqi dairəsinin genişləndirilməsi istiqamətində atılan addımlardan söz açaraq, hər bir ziyalının və vətəndaşın bu prosesə öz töhfəsini verməli olduğunu bildirib. Göydəniz Qəhrəmanov əlavə edib ki, müasir dövrdə rəqəmsal məkanda və sosial platformalarda Azərbaycan dilinin düzgün tətbiqi, onun saflığının gözlənilməsi xüsusi diqqət tələb edən vacib məsələlərdəndir.  

Daha sonra AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli Azərbaycan dilinin inkişaf tarixi, dövlət dili siyasəti və müasir dövrdə qarşıda duran vəzifələrə həsr olunmuş məruzə ilə çıxış edib. O, Azərbaycan dilinin keçdiyi tarixi inkişaf yolundan, zəngin ədəbi dil ənənələrindən və dövlət dili kimi formalaşması prosesindən bəhs edərək, ana dilimizin xalqımızın milli kimliyinin, mədəni irsinin və mənəvi dəyərlərinin əsas daşıyıcısı olduğunu vurğulayıb.

Professor bildirib ki, qloballaşma və sürətli elmi- exnoloji inkişaf şəraitində Azərbaycan dilinin zənginliyinin qorunması, söz ehtiyatının daha da inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. O, qeyd edib ki, yeni terminlərin yaradılması, alınma sözlərin dil normalarına uyğun şəkildə tənzimlənməsi və Azərbaycan dilinin daxili imkanlarından səmərəli istifadə olunması bu sahədə əsas prioritetlərdəndir. Məruzəçi terminoloji bazanın müasir dövrün tələblərinə uyğun şəkildə davamlı yenilənməsinin, eləcə də yeni anlayışlara düzgün və uğurlu Azərbaycan dili qarşılıqlarının müəyyənləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Nadir Məmmədli bu məsələlərlə bağlı Prezident İlham AMEA-ın 80 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda səsləndirdiyi fikirləri xatırladaraq bildirib ki, dövlət başçısı Azərbaycan dilinə nəzarətsiz şəkildə daxil olan yad sözlərin gələcəkdə ciddi fəsadlara səbəb ola biləcəyini xüsusi vurğulayıb. Bu baxımdan, dilin saflığının qorunması, terminoloji və söz bazasının mütəmadi yenilənməsi, yeni anlayışların düzgün qarşılıqlarının müəyyənləşdirilməsi və söz seçiminə həssas yanaşılması Azərbaycan dilinin inkişafı istiqamətində mühüm vəzifələrdən biri kimi qiymətləndirilib.

Sonda məruzəçi dövlətin dil siyasətinə elmi dəstək vermək və ana dilimizin saflığını qorumaq AMEA Dilçilik İnstitutunun fundamental fəaliyyət xəttini təşkil etdiyini və bu istiqamətdə ardıcıl işlərin görüldüyünü, ilk dəfə olaraq məhz Dilçilik İnstitutunda süni intellektin köməyi ilə Azərbaycan dilinin orfoqrafik bazası yaradılmağa başlanıldığını diqqətə çatdırıb. AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova çıxışı zamanı dövlət dilimizin terminoloji bazasının zənginləşdirilməsi və elmi üslubun inkişafının müasir dilçiliyin əsas prioritetlərindən olduğunu bildirib. O qeyd edib ki, latın qrafikasına keçid Azərbaycanın dünya informasiya məkanına inteqrasiyasını sürətləndirib, ana dilinin elmi potensialının artırılması və yeni terminlərin dilimizin qaydalarına uyğunlaşdırılması isə davamlı şəkildə həyata keçirilməlidir. Professor yersiz əcnəbi sözlərin istifadəsinin qarşısının elmi əsaslarla alınmasının və vahid terminoloji standartların tətbiqinin vacibliyini vurğulayaraq, gənc tədqiqatçıların bu sahəyə cəlb edilməsinin terminoloji bazanın inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi